Artemis IV missiyası üçün yeni nəsil Ay skafandrının unikal daxili təbəqəsi təqdim olunub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

"Axiom Space" şirkəti "Prada" modalar evi ilə tərəfdaşlıq çərçivəsində NASA üçün hazırladığı yeni Ay skafandrının daxili elementinin dizaynını ictimaiyyətə təqdim edib

"Prada" brendinin mağazasında keçirilən rəsmi tədbirdə nümayiş olunan "Maye Soyutma və Ventilyasiya Qatı" (LCVG) astronavtların Ay səthində geyinəcəyi "AxEMU" skafandrının əsas tərkib hissəsidir. Astronavtların 2028-ci ildə planlaşdırılan "Artemis IV" missiyasından etibarən istifadə edəcəyi bu innovativ geyim birbaşa bədənə təmas edən daxili alt qat rolunu oynayır və skafandrın həyat təminatı sistemlərinə qoşulur. Geyimin ərsəyə gəlməsində "Prada" brendinin tekstil materialları və yüksək dərzilik texnologiyaları sahəsindəki çoxillik təcrübəsindən istifadə olunub.

"Axiom Space" rəsmisi Rassell Ralston qeyd edib ki, bu daxili təbəqə astronavtın bədəninə ən yaxın element olduğu üçün maksimum dərəcədə rahat, funksional və təhlükəsiz olmalıdır. Hazırda Beynəlxalq Kosmik Stansiyada (BKS) istifadə edilən analoji NASA geyimləri ilə müqayisədə, yeni LCVG modeli su ilə soyutma aparan boruların daha mükəmməl inteqrasiya olunmuş konstruksiyası ilə seçilir. Bu isə bədənin soyutma effektini əhəmiyyətli dərəcədə artırır. Bundan əlavə, istifadə olunan xüsusi materiallar Ay səthindəki plazma mühitini nəzərə alaraq geyimin statik elektriklənmə probleminin qarşısını alır.

NASA Baş Müfəttişliyinin aprel hesabatında skafandrın bu onilliyin sonuna qədər hazır olmaya biləcəyi xəbərdarlığına baxmayaraq, "Axiom Space" işlərin rəsmi qrafikə uyğun getdiyini bildirib. Planlaşdırılan qrafikə əsasən, cari ilin sonunadək skafandrın ilkin nümunəsi, gələn il isə kosmosda sınaqdan keçiriləcək tam funksional prototipi NASA-ya təhvil veriləcək. Şirkət artıq skafandrın, o cümlədən daxili soyutma qatının yerüstü sınaqlarını və müvafiq materialların müxtəlif insan orqanizmlərinə uyğunluq testlərini uğurla tamamlayıb. Nümayiş olunan bu son versiya kosmik geyimin artıq üçüncü və ya dördüncü təkmilləşdirilmiş dizayn mərhələsidir.

Hazırladı:

Arzu ƏLİYEVA
XQ

Elm