U-17 millimiz Millətlər Kubokunda iştirak üçün Serbiyaya yollanıb

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

İyunun 10-da Serbiyanın Vrbas şəhərində yeniyetmə boksçular arasında Dünya Millətlər Kuboku start götürəcək. Ənənəvi keçirilən beynəlxalq turnirdə Azərbaycan millisi də mübarizə aparacaq.

Azərbaycan Boks Federasiyasından verilən məlumata görə, U-17 komandamızın baş məşqçisi Vaqif Kazımov, məşqçilər Teymur Məmmədov və Orxan Cəbiyev Vrbasda Aydın Şahbazov, Həsrət Məmmədov (hər ikisi 46 kq), Nihat Məmmədli (48 kq), Rüstəm Nəsibov (50 kq), İsmayıl Nəsirzadə (52 kq), Elcan Musazadə (54 kq), Əli Camalzadə (57 kq), Əli Abaslı (60 kq), Vəkil Qurbanov (63 kq), Hidayət Məmmədov (70 kq), Yusif Ağakişiyev (75 kq), Şükar Əliyev (80 kq) və Mehran Rəsulova (+80 kq) şans verəcəklər.

Bu gün səfərə yollanan milli komandanın üzvləri  iyunun 15-də Bakıya qayıdacaq. Komandaya Azərbaycan Boks Federasiyasının baş katibi Nağı Səfərov rəhbərlik edəcək.

Yarışda final döyüşləri iyunun 14-də olacaq. Ölkəmizi turnirdə Fərhad Rəhmanov hakim kimi təmsil edəcək.

Qabil YUSİFOĞLU
XQ

İdman