Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
“Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” Bakıda fəaliyyətə başlayıb
İyunun 9-da Bakıda “Beynəlxalq Maliyyə və Bankçılıq Sammiti 2026: Türk Dövlətlərinin Qlobal Maliyyə İnteqrasiyası” adlı iki günlük beynəlxalq tədbir öz işinə start verib.
Sammit türkdilli ölkələrin və region dövlətlərinin maliyyə institutları arasında əməkdaşlığın genişləndirilməsi, eləcə də onların qlobal maliyyə sisteminə inteqrasiyasının sürətləndirilməsi məqsədilə təşkil olunub. Tədbir yüksək səviyyəli dialoq və təcrübə mübadiləsi platforması kimi çıxış edir.
Forum Türkdilli Dövlətlərin Bank Assosiasiyaları Şurasının, Azərbaycan Mərkəzi Bankının, eləcə də Qazaxıstan, Qırğızıstan, Özbəkistan və Türkiyənin bank assosiasiyalarının, Qazaxıstan Maliyyəçilər Assosiasiyasının və digər tərəfdaş qurumların dəstəyi ilə keçirilir.
Sammit çərçivəsində bankçılıq və maliyyə sahəsində 2026-cı ilin əsas qlobal tendensiyaları müzakirə olunur. Müzakirələrin əsas istiqamətləri sırasında maliyyə sistemlərinin inteqrasiyası, tənzimləyici mexanizmlərin uyğunlaşdırılması, ödəniş infrastrukturunun inkişafı, beynəlxalq tərəfdaşlıqların gücləndirilməsi və ortaq maliyyə strategiyalarının formalaşdırılması yer alır.
Tədbir proqramına rəqəmsal bankçılıq, açıq bankçılıq və API texnologiyaları, süni intellekt əsaslı maliyyə həlləri, kibertəhlükəsizlik, fırıldaqçılıqla mübarizə, AML/CFT tələbləri, İslam maliyyəsi, yaşıl maliyyə, investisiya perspektivləri, insan kapitalının inkişafı və maliyyə savadlılığı kimi aktual mövzular daxildir.
Sammit bank və maliyyə sektorunun rəhbərlərini, tənzimləyici qurumların nümayəndələrini, texnologiya şirkətlərini, startapları, investorları, beynəlxalq ekspertləri və maliyyə institutlarını bir platformada bir araya gətirərək gələcək əməkdaşlıq imkanlarının müzakirəsi üçün geniş şərait yaradır.


