Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının (AHİK) Əmək və Sosial Münasibətlər Akademiyasında Beynəlxalq Əmək Təşkilatı (BƏT) İşçilərin Fəaliyyəti Bürosunun (ACTRAV) Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas ilə görüş keçirilib.
AHİK-in sədri Sahib Məmmədov çıxış edərək əmək bazarında baş verən dəyişikliklərə uyğunlaşmaq üçün təhsilin inkişafı və beynəlxalq əməkdaşlığın əhəmiyyətini vurğulayıb. Konfederasiya sədri Akademiyanın fəaliyyətindən, cari tədris ilində 100 faizlik qəbul göstəricisindən, yeni yaradılan İxtisasartırma və Kadrların İnkişafı Mərkəzindən, keçirilən beynəlxalq təlimlərdən danışıb. Qeyd olunub ki, Akademiya Böyük Britaniyada yerləşən Peşəkar Əməyin Təhlükəsizliyi və Sağlamlığı İnstitutu (IOSH) tərəfindən beynəlxalq akkreditasiyadan keçib. Bu, dünyada əməyin təhlükəsizliyi sahəsində ən nüfuzlu təşkilatlardan biridir. Artıq Akademiya beynəlxalq səviyyədə tanınan təlimlər keçirə, bilik və bacarıqları qiymətləndirə və IOSH sertifikatları təqdim edə bilər. Bu sertifikatı alanlar yalnız Azərbaycanda deyil, dünyanın istənilən yerində peşəkar əmək təhlükəsizliyi mütəxəssisi kimi tanınır.
Tədbirdə, həmçinin AHİK və BƏT/ACTRAV-ın əməkdaşlığı çərçivəsində rəqəmsal tədris, sosial dialoq, əməyin təhlükəsizliyi, gender bərabərliyi, gənclərin və qadınların rolunun artırılması kimi prioritet istiqamətlər müzakirə olunub, həmkarlar ittifaqlarının müasir əmək bazarına uyğun modernləşdirilməsi mühüm addım kimi dəyərləndirilib.
BƏT/ACTRAV-ın Avropa və Mərkəzi Asiya üzrə rəhbəri Serqius Qlovaskas Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının fəaliyyətini müsbət dəyərləndirib, iki qurum arasında əlaqələrdən, birgə reallaşdırılan layihə və tədbirlərdən danışıb. Qarşılıqlı münasibətlərin yüksək səviyyədə olduğunu bildirən natiq əməkdaşlığın daha da genişləndirilməsi barədə fikirlərini bölüşüb.
Sonra Akademiyanın İxtisasartırma və Kadrların İnkişafı Mərkəzində professor-müəllim heyətinin iştirakı ilə mərasim keçirilib. BƏT-in Azərbaycandakı milli əlaqələndiricisi Yaşar Həmzəyev çıxış edərək iki qurum arasında münasibətlərin inkişafının əhəmiyyətindən bəhs edib, Azərbaycanda əmək hüquqlarının müdafiəsi sahəsində beynəlxalq həmkarlar ittifaqı təşkilatlarının qərar və tövsiyələrinə xüsusi önəm verildiyini qeyd edib.
Akademiyanın beynəlxalq əlaqələr üzrə prorektoru Xəyalə Məmmədova ali təhsil müəssisəsi, tədris prosesinin təşkili, tətbiq olunan yeniliklər barədə təqdimatla çıxış edib.
Görüşün sonunda AHİK və ACTRAV arasında həmkarlar ittifaqları təhsilinin inkişafı və gücləndirilməsi sahəsində Əmək və Sosial Münasibətlər Akademiyasının inkişaf etdirilməsi məqsədilə əməkdaşlıq haqqında Bəyannamə imzalanıb.
Qabil ƏLİYEV
XQ