XİN-in beynəlxalq aləmdə artan təhlükələrlə bağlı bəyanatı

post-img

Məlumdur ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində daha da artan gərginlik, müxtəlif regionlarda, o cümlədən Ukraynada və Yaxın Şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqdadır. Mövzu ilə əlaqədar Azərbaycanın Xarici İşlər Nazirliyi bəyanat yayıb.

Bəyanatda bildirilib: “Təəssüf ki, belə ərazilərdə olan Azərbaycan vətəndaşlarının silahlı toqquşmalar və hərbi əməliyyatlar nəticəsində həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınır. Bu cür hadisələr münaqişə zonalarında və onların yaxınlığında yerləşən ərazilərdə təhlükəsizlik risklərinin son dərəcə yüksək olduğunu bir daha nümayiş etdirir və həmin bölgələrə səfər edən və ya fəaliyyət göstərən vətəndaşlarımızın həyat və sağlamlığı üçün ciddi təhlükələr yaradır.

Bu kontekstdə vətəndaşlarımıza xarici ölkələrə səfər etməzdən əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirmələrinə, rəsmi dövlət qurumlarının xəbərdarlıq və tövsiyələrini nəzərə almalarına, münaqişə və hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərdən yayınmalarına bir daha çağırış edirik.

Bununla yanaşı, vətəndaşların muzdlu və ya könüllü əsasda xarici dövlətlərin ərazisində silahlı münaqişələrdə və hərbi əməliyyatlarda hər hansı bir formada iştirakının Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti ehtiva etdiyini bir daha diqqətə çatdırırıq”.

XQ

Son xəbərlər