Astronomlardan yeni kəşf: İki qonşu qalaktika arasındakı qravitasiya müharibəsi bəlli olub

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Çilidə yerləşən VISTA teleskopunun son 11 illik müşahidələri sübut edir ki, Kiçik Magellan Buludu (KMB) qalaktikası daha nəhəng qonşusu olan Böyük Magellan Buludunun (BMB) güclü qravitasiya təsiri altında sürətlə deformasiyaya uğrayır

Sözügedən bu iki cırtdan qalaktika Süd Yolu ətrafında hərəkət edir. BMB bizim qalaktikadan təxminən 163 min işıq ili, daha kiçik olan KMB isə 200 min işıq ili məsafədə yerləşir. Bu vaxta qədər alimlər elə hesab edirdilər ki, KMB daxilindəki ulduzların hərəkəti onun öz oxu ətrafında nizamlı fırlanması ilə bağlıdır. Lakin Avropa Cənub Rəsədxanasının infraqırmızı teleskopu vasitəsilə milyonlarla ulduzun trayektoriyasının dəqiq xəritələnməsi bu fərziyyənin yanlış olduğunu üzə çıxarıb.

Məlum olub ki, ulduzlar nizamlı disk şəklində fırlanmır, əksinə, bütöv qruplar halında KMB nüvəsindən kənara doğru dartılaraq "uzanır". Bu hərəkət xətti isə birbaşa Böyük Magellan Buluduna tərəf yönəlir. Astronomların qənaətinə görə, bu mənzərə BMB-nin yaratdığı güclü qravitasiya qabarma qüvvələrinin birbaşa nəticəsidir. KMB-dən qopan ulduzlar saniyədə ortalama 17 kilometr sürətlə hərəkət edirlər. Milyardlarla il davam edən bu qravitasiya təsiri vaxtilə daha yığcam olan Kiçik Magellan Buludunu indiki amorf (şəkilasız) vəziyyətinə salıb.

Gələcəyə gəlincə, hər iki cırtdan qalaktika Süd Yolunun qravitasiya sahəsinə daxil olduqca sürətlərini azaldırlar. Son rəqəmsal modelləşdirmələr göstərir ki, bir neçə milyard ildən sonra hər iki Magellan Buludu Süd Yolu ilə birləşərək tamamilə onun daxilində əriyəcək. O vaxta qədər isə bu iki qonşu kosmik sistem bir-birinə bağlı qalmağa davam edəcək.

Hazırladı:

Arzu ƏLİYEVA
XQ

Maraqlı