Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
"Frontiers in Nutrition" elmi jurnalında dərc olunan yeni tədqiqata görə, zəfəran ekstraktı əhval-ruhiyyəsi aşağı olan və yuxu problemi yaşayan 50–70 yaş arası qadınların ümumi vəziyyətini yaxşılaşdırır, onların özünəinamını (özünüqiymətləndirməni) artırır
Tədqiqat çərçivəsində aparılan randomizə olunmuş ikitərəfli gizli sınaqlara 86 qadın cəlb edilib. Onlar iki qrupa bölünüb: birinci qrup 12 həftə ərzində hər gün 28 milliqram zəfəran ekstraktı qəbul edib, ikinci (nəzarət) qrupuna isə plasebo (təsirsiz maddə) verilib. Sınaqların yekununda zəfəran qəbul edən iştirakçılarda depressiya göstəricilərinin (DASS-21 şkalası üzrə) plasebo qrupuna nisbətən daha kəskin şəkildə aşağı düşdüyü müəyyən edilib.
Zəfəran qrupundakı qadınların demək olar ki, yarısında əhval-ruhiyyənin klinik baxımdan əhəmiyyətli dərəcədə yaxşılaşması qeydə alınıb; nəzarət qrupunda isə bu göstərici cəmi dörddə bir təşkil edib. Eksperiment həmçinin sübut edib ki, zəfəran ekstraktı qadınların özünəinamını yüksəldir və mövcud yuxu problemlərinin onların gündəlik həyatına göstərdiyi mənfi təsirləri minimuma endirir. Bununla belə, bioloji əlavənin dərinin qocalma dərəcəsinə və ya xarici görünüşün subyektiv qiymətləndirilməsinə hər hansı ciddi təsiri müşahidə olunmayıb.
Tədqiqat müddətində zəfəranın tamamilə təhlükəsiz olduğu sübut edilib və iştirakçılarda heç bir ciddi əks-təsir qeydə alınmayıb. Müəlliflər vurğulayırlar ki, əldə olunan nəticələr zəfəran ekstraktının depressiv vəziyyət və yuxu pozuntularından əziyyət çəkən qadınlar üçün ənənəvi müalicəyə effektiv əlavə ola biləcəyini göstərir. Mütəxəssislərin fikrincə, bu təbii vasitə yetkin yaşlı qadınların həyat keyfiyyətini və psixoemosional durumunu yaxşılaşdırmaq üçün sadə, həm də təhlükəsiz bir üsuldur.

