Özbəkistanın Namanqan şəhərində keçirilən Gül Festivalı Ginnesin Rekordlar Kitabına düşüb

post-img

Özbəkistanın Namanqan şəhərində açılışı olan “Namangan Flowers-2026” 65-ci beynəlxalq Gül Festivalı Ginnesin Rekordlar Kitabına düşüb.

Gül bayramının açılışında Namanqan Vilayətinin hakimi Şavkat Abdurazzakov festival iştirakçılarını salamlayaraq deyib ki, Namanqan Gül Festivalı 1961-ci ildən bəri hər il keçirilir. Festival 2018-ci ildə beynəlxalq status alıb və o vaxtdan bəri digər ölkələrin diqqətini cəlb etməyə başlayıb.

Festival təxminən iki ay çəkəcək və bu müddətdə keçiriləcək tədbirlərdə təxminən 5 milyon insanın iştirak edəcəyi gözlənilir. 

O deyib ki, Ginnesin Rekordlar Kitabının minimum tələbi 1 milyon çiçək idi, lakin Namanqan vilayət hakimiyyəti bir ay ərzində 29.406.384 gül əkib. 

Ginnesin Rekordlar Kitabının rəsmi hakimi Şeyda Subaşi təbrik nitqində ​​bildirib ki, Namanqan çiçəklərin, birliyin və kamilliyin simvol olduğu gözəl bir məkana çevrilib.

Sonra o, Namanqan şəhərinin Ginnesin Rekordlar Kitabına düşməsi ilə bağlı Sertifikatı Şavkat Abdurazzakova təqdim edib. 

Festival mayın 24-dən iyulun 12-dək davam edəcək.   

Festival çərçivəsində elmi konfranslar, forumlar, yarmarkalar, konsertlər, dron şouları-təxminən 150 müxtəlif tədbirin keçirilməsi planlaşdırılır.

Festival güllərlə bəzədilən 200-dən artıq müxtəlif markalı minik maşınının, retro avtomobillərin, motosikletlərin və kənd təsərrüfatı texnikasının paradı ilə davam edib, maşınlar şəhərin mərkəzi küçələrindən keçib.

Bərəkətli Fərqanə vadisinin şimalında yerləşən bu şəhər qədim dövrlərdən bəri sənətkarlığın, bağbanların mərkəzi və Güllər Şəhəri kimi tanınır.

 

Qulu Kəngərli 

XQ-nin xüsusi müxbiri

Namanqan

 

                                                     

 

















Mədəniyyət