Jurnalist həmkarımızın yaradıcılıq hesabatı
Qərbi Azərbaycan İcmasında keçirilən “İrəvan ədəbi mühiti Şəfəq Nasirin yaradıcılığında” adlı tədbir publisist-tədqiqatçı, Qərbi Azərbaycan İcmasının Ziyalılar Şurasının üzvü, filologiya üzrə fəlsəfə doktoru və istedadlı həmkarımız Şəfəq Nasirin müəllifi olduğu “Lək-lək” və “İdrak işığında”, kitablarının, “Bürhani-həqiqət” məcmuəsinin və tərtibçisi olduğu “Məmmədəli Nasir. Seçilmiş əsərləri”nin təqdimatına həsr olunmuşdu.
İcmanın İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli müəllifin Qərbi Azərbaycan həqiqətlərinin, milli-mənəvi yaddaşımızın və Azərbaycan ədəbi-mədəni irsinin araşdırılması istiqamətində uzun illərdən bəri fəaliyyət göstərdiyini vurğuladı. Bildirdi ki, Şəfəq Nasirin əsərləri yalnız elmi-publisistik mənbə deyil, həm də milli yaddaşın qorunmasına xidmət edən dəyərli mənəvi xəzinədir. Əziz Ələkbərli bu kitabların milli kimliyimizin, tarixi yaddaşımızın və Qərbi Azərbaycan həqiqətlərinin gələcək nəsillərə çatdırılması baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladı.
Qərbi Azərbaycanın Allahverdi rayon İcmasının sədri, professor Vahid Novruzov müəllifin Allahverdi rayonu ilə əlaqəli ailə bağlarından söz açdı və onun publisistik yaradıcılığında vətənpərvərlik ruhunun, milli təfəkkürün və ictimai məsuliyyət hissinin əsas xətt təşkil etdiyini bildirdi.
Filologiya elmləri doktoru, professor Əsgər Zeynalov Şəfəq Nasirin araşdırmalarında tarixi faktların elmi dəqiqliklə təqdim olunduğunu, müəllifin, xüsusilə Qərbi Azərbaycan mövzusuna həssas və prinsipial yanaşdığını qeyd etdi.
Prezident kitabxanasının şöbə müdiri, tarix üzrə fəlsəfə doktoru, Qərbi Azərbaycan İcması İdarə Heyətinin üzvü Nazim Mustafa təqdim olunan kitabların milli yaddaşın bərpası və tarixi həqiqətlərin təbliği baxımından mühüm mənbələr olduğunu qeyd etdi. Bildirdi ki, Şəfəq Nasir XX əsr İrəvan mətbuat tarixini araşdıran alim kimi orada nəşr olunan ilk anadilli satirik “Lək-lək” jurnalını və dövrün ictimai-siyasi, ədəbi proseslərini işıqlandıran “Bürhani-həqiqət” məcmuəsini əski əlifbadan transliterasiya edərək nəşrə hazırlamaqla, İrəvanın maarifçi ziyalılarının həyat və fəaliyyətinin araşdırılması istiqamətində mühüm elmi araşdırmalar aparıb.
Filologiya elmləri doktoru, professor Rüstəm Kamal, ədəbiyyatşünas-alim Abid Tahirli, AMEA Tarix və Etnologiya İnstitutunun Qərbi Azərbaycan bölməsinin direktoru Cəbi Bəhramov müəllifin publisistikasında bədii düşüncə ilə elmi təhlilin üzvi şəkildə birləşdiyini vurğulayaraq, onun ərsəyə gətirdiyi əsərləri mənəvi-intellektual düşüncənin ifadəsi kimi dəyərləndirdilər.
Mərasimin sonunda müəllif təqdim olunan kitabların əsas məqsədinin xalqımızın tarixi yaddaşını, milli-mənəvi dəyərlərini və Qərbi Azərbaycan həqiqətlərini yaşatmaq, onları gələcək nəsillərə çatdırmaq olduğunu vurğuladı.
Fürsətdən istifadə edib Şəfəq Nasirdən yaradıcılığı ilə bağlı XQ-nə açıqlama aldıq. Jurnalist həmkarımız dedi:
– Uzun illər ədəbi yaradıcılığımda rahat yolla getmədim, qələmə aldığım mövzulara ötəri yanaşmadım. Jurnalistikada bədii düşüncəylə özünüifadəyə meydan açan publisistikaya bağlı olmağımla yanaşı, zərurət kimi qarşıma çıxan tədqiqat axtarışlarına da yol aldım. 1988-ci ildə dədə-baba yurdumuz Qərbi Azərbaycandan qovulanların didərginlik ağrı-acılarını, 20 Yanvar müsibətlərini göz yaşımla qələmə aldım. Və bu ağrılarla İrəvan ədəbi mühiti, mətbuatı, bu qədim yurdun görkəmli şəxsiyyətləri, tarixi abidələri ilə bağlı illərlə yorulmadan tədqiqatlar apardım. Ciddi araşdırmalarımın nəticəsi, şükür olsun ki, uğurlu oldu. Xeyli sayda tədqiqat xarakterli publisistik məqalələrlə dövri mətbuatda çıxışlar etdim. İrəvanın ilk anadilli mətbuatı olan “Ləklək” (1914), “Bürhani-həqiqət” (1917) jurnallarını ərəb qrafikasından transliterasiya edərək, genişəhatəli Ön söz və lüğətlə nəşr etdirdim.
XX əsr İrəvan ədəbi mühitinin tanınmış ziyalılarından olan “Molla Nəsrəddin” ədəbi məktəbinin nümayəndəsi babam Məmmədəli Nasirin həyat və yaradıcılıq yolunun ilk tədqiqatçısı olaraq onun simasında ədəbiyyatşünaslıq elmini daha bir ədəbi şəxsiyyətlə zənginləşdirdim. Elmi işimi uğurla müdafiə edərək filologiya üzrə fəlsəfə doktoru adını aldım. Bundan sonra M.Nasirin 1912-ci ildən başlamış əsərlərinin böyük bir qismini 10 il ərzində klassik mətbuat səhifələrindən arayıb-axtarıb ərəb qrafikasından latın əlifbasına çevirərək “İrəvanın müqtədir ziyalıları” seriyasından “Seçilmiş əsərləri”ni nəşr etdirdim. “İdrak işığında” publisistik məqalələr toplusunda genişəhatəli mövzularımla yanaşı, İrəvanın ədəbi mühitini əks etdirən tədqiqat xarakterli yazılarım da yer aldı. Beləliklə, bədii, publisistik və elmi yaradıcılığımda İrəvan ədəbi mühiti, mətbuatı xüsusi əhəmiyyət kəsb etdi...
Bugünkü tədbirin təşəbbüskarı və təşkilatçısı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərliyə və zəhməti keçən bütün əməkdaşlara təşəkkürümü bildirirəm. Yaradıcılığım haqqında öz fikirlərini bölüşən elm, ədəbiyyat xadimlərinə, tədqiqatçı alimlərə minnətdaram.
Təbii ki, kitablarım üzərindən deyilən bütün fikirlər, xoş sözlər elmi, ədəbi yaradıcılığıma olan məsuliyyət hissimi bir qədər də artırdı. Nə qədər ki, qələm əlimdədir, milli, ictimai amalla yazıb yaradacağam.
– Bizə də bir həmkar olaraq sizə yaradıcılığınızda uğurlar arzulamaq qalır.
Zərifə BƏŞİRQIZI
XQ






