Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Azərbaycan Dövlət Uşaq Filarmoniyasında “Nağılın qonağında” adlı musiqili-poetik konsert proqramı təqdim olunub. Tədbir gənc istedadları, müəllimləri, valideynləri və incəsənət həvəskarlarını bir araya gətirib.
XQ-nin məlumatına görə, konsertin təşkilatçıları beynəlxalq və respublika müsabiqələrinin laureatı, caz və estrada ifaçısı Günel Hacıyeva, eləcə də “Modern Poems” və “Gənc Şairlər” layihələrinin rəhbəri Lalə Həsənova olub.
Proqramda ümumilikdə 35 istedadlı uşaq səhnəyə çıxıb. Onlar fortepiano və vokal üzrə solo ifalar, vokal ansambllar, fortepiano duetləri, həmçinin şeir və teatr səhnəcikləri ilə çıxış ediblər.
Tədbirdə xüsusilə tanınmış cizgi filmlərinin motivləri əsasında hazırlanmış səhnəciklər və musiqi nömrələri böyük maraqla qarşılanıb. Uşaqlar nağıl və cizgi film qəhrəmanlarının obrazlarında səhnəyə çıxaraq konsertə rəngarəng və sehrli ab-hava qatıb, musiqi ilə teatr elementlərini birləşdirən maraqlı bir proqram təqdim ediblər.
“Gənc Şairlər” ədəbi layihəsinin iştirakçıları və Günel Hacıyevanın yetirmələri də tədbirdə çıxış ediblər.
Layihənin əsas məqsədi uşaqların yaradıcılıq qabiliyyətini inkişaf etdirmək, musiqi və ədəbiyyatı gənc nəslə sevdirmək və bu sahələrin təbliğini gücləndirməkdir. Qeyd olunub ki, layihə xeyriyyəçilik prinsipi əsasında həyata keçirilir.

