Qafqazda sülhün yaxınlaşan üfüqləri

post-img

Ona vasitəçisiz çatmağın qaydalarını Azərbaycan müəyyən edir

Azərbaycan–Ermənistan sülh danışıqları bu günlərdə beynəlxalq siyasi gündəmin əsas mövzularından birinə çevrilib. ABŞ Prezidenti Donald Trampın və Fransa Prezidenti Emmanuel Makronun ardıcıl açıqlamaları regionda sülh prosesinə yönəlmiş beynəlxalq marağın və siyasi iradənin daha qabarıq ifadəsinə çevrilir. Hər iki liderin mesajı qlobal ictimaiyyətə ünvanlanmış bir çağırışdır: Qafqazda sülh artıq geosiyasi zərurətə çevrilib.

Donald Trampın NATO-nun Baş katibi Mark Rutte ilə Ağ Evdə keçirdiyi görüş zamanı Azərbaycan və Ermənistan arasındakı uzunmüddətli münaqişəyə dair nikbin fikirlər səsləndirməsi bu istiqamətdə yeni mərhələnin başlandığını göstərir. ABŞ Prezidenti səviyyəsində belə açıq və konkret mesajın verilməsi Vaşinqtonun Cənubi Qafqaz siyasətində passiv müşahidəçidən aktiv iştirakçıya çevrilmək niyyətinin göstəricisidir. Trampın “danışıqların uğurla nəticələnəcəyi ehtimalı yüksəkdir” sözləri, əslində, real prosesə yönəlmiş ciddi siyasi mesajdır. Çıxış beynəlxalq ictimaiyyət üçün də açıq siqnaldır: Vaşinqton prosesin legitimliyini təsdiqləyir və onun nəticə verməsinə ümid bəsləyir. Burada diqqət çəkən mühüm məqam ondan ibarətdir ki, Tramp ilk dəfə olaraq regionun sülh gündəmini ABŞ-ın təhlükəsizlik və enerji strategiyası ilə uzlaşdıraraq təqdim edir.

Trampın çıxışında dolayısı ilə ifadə olunan əsas mesajlardan biri də budur: Cənubi Qafqazda sabitlik təkcə Ermənistan və Azərbaycanın marağı deyil, həm də ABŞ və onun müttəfiqlərinin strateji prioritetidir. Regionun enerji resurslarının Avropaya nəqli, Cənub Qaz Dəhlizi və onun davamı kimi təşəbbüslər, Zəngəzur dəhlizi vasitəsilə Mərkəzi Asiyadan Türkiyə və Avropaya çıxışın mümkünlüyü artıq ABŞ üçün də gündəmin önəmli məsələsinə çevrilib. D.Tramp Administrasiyası dövründə ABŞ-ın enerji təhlükəsizliyinə verdiyi diqqət fonunda Azərbaycan kimi sabit və etibarlı enerji tərəfdaşının rolunun güclənməsi Vaşinqton üçün prioritet məsələdir. Burada söhbət Çin və Rusiya ilə geosiyasi rəqabət müstəvisində alternativ ticarət və nəqliyyat marşrutlarının formalaşmasından gedir. Məhz bu baxımdan, ABŞ-ın sülh prosesini dəstəkləməsi dərin strateji məntiqə əsaslanan siyasi seçimdir.

***

Fransa Prezidenti Emmanuel Makronun Ermənistan baş naziri Nikol Paşinyanı Parisdə qəbul edərkən verdiyi bəyanat Qafqazda sülh gündəminin Avropa siyasi mərkəzlərinin də diqqət mərkəzinə çevrildiyini nümayiş etdirir. “Paşinyanın sülh təşəbbüslərini dəstəkləyirik”. Makronun bu fikri ilk baxışda Fransanın ənənəvi Ermənistan yönümlü mövqeyinin davamı kimi görünə bilər. Lakin bu bəyanatda yeni bir ton, fərqli dinamika hiss olunur: Makron bu dəfə ilk dəfə olaraq “tezliklə sülh müqaviləsinin imzalanması” kimi konkret və operativ çağırışla çıxış edir.

Onun bu yanaşması Fransa rəhbərliyinin məsələyə artıq təkcə emosional və tarixi bağlılıq kontekstindən deyil, daha çox strateji və təhlükəsizlik baxımından yanaşdığını göstərir. Avropa İttifaqı daxilində sülhün və sabitliyin qorunması, xüsusilə Ukraynada baş verən hadisələr fonunda Cənubi Qafqazda yeni münaqişə ocağının alovlanmasının qarşısını almaq siyasi zərurətə çevrilib. Paris bu riski görür və ona qarşı əvvəlcədən diplomatik aktivlik göstərmək istəyir.

Tarixi kontekstdə Fransa–Ermənistan münasibətləri dərin diaspor təsiri və mədəni əlaqələr fonunda formalaşıb. Fransada güclü erməni diasporu var və bu, Parisin uzun müddət Ermənistanın maraqlarına yaxın mövqe tutmasında mühüm rol oynayıb. Lakin bu gün Makronun mövqeyində təkcə tərəfkeşlik deyil, həm də vasitəçilik niyyəti sezilir. O, Ermənistanı sülhə təşviq etməyə çalışmaqla, əslində, onu daha dayanıqlı və təhlükəsiz regional düzənə doğru yönləndirməyə çalışır.

Makronun bu addımı həm də Fransa üçün yeni bir diplomatik rol oynamaq cəhdidir: postsovet məkanında və xüsusilə Cənubi Qafqazda Aİ-nin simasında öncül aktora çevrilmək. Onun “böyük Avropa layihəsi” ideyası çərçivəsində Qafqazda sülh təşəbbüslərinə sahiblənməsi həm Fransa diplomatiyasının ambisiyalarına, həm də Avropanın ümumi təhlükəsizlik vizyonuna uyğundur. Fransa Prezidentinin bəyanatını Avropa geosiyasi mənzərəsində qiymətləndirdikdə, Cənubi Qafqazda sülh məsələsinin Avropanın sərhədlərinə təsir edə biləcək strateji məsələ kimi qəbul olunduğu aydınlaşır. Bu kontekstdə Makronun “sülh müqaviləsinin qısa zamanda imzalanması” çağırışı, əslində, təkcə Ermənistanın deyil, həm də Azərbaycanın və regiondakı digər aktorların Avropa ilə daha sıx inteqrasiyasına yönəlmiş mesaj kimi səslənir. Fransa bu prosesi təkbaşına deyil, Aİ-nin siyasi çəkisini arxasına alaraq təşviq edir.

***

ABŞ və Fransa prezidentlərinin ardıcıl açıqlamaları Cənubi Qafqazda dəyişən siyasi iqlimi və qlobal güclərin bu regiona baxışında yeni mərhələnin başlandığını təsdiqləyir. Postmünaqiş dönəmdə, xüsusilə 44 günlük Vətən müharibəsindən sonra regionun geosiyasi reallıqları kəskin şəkildə dəyişib və yeni düzən yaranıb. Bu düzən artıq beynəlxalq oyunçular tərəfindən rəsmən tanınma mərhələsinə daxil olur.

Cənubi Qafqazda uzun sürən münaqişədən sonra yaranmış yeni geosiyasi reallıqlar fonunda sülh tarixi zərurətə çevrilib. Məhz bu səbəbdən Azərbaycanın irəli sürdüyü sülh şərtləri regionda davamlı sabitliyin və əməkdaşlığın təməlini təşkil edir.

Azərbaycanın mövqeyi aydın və açıq olub beynəlxalq hüquq normalarına əsaslanır. Bakı sülh danışıqlarını hüquqi və siyasi reallıqlar üzərində qurur. Sülh müqaviləsinin hüquqi və siyasi əsaslarının möhkəmləndirilməsi üçün Ermənistanın daxili hüquqi sənədlərində – xüsusilə də konstitusiyasında – mütləq şəkildə dəyişiklik edilməlidir. Ermənistan konstitusiyasında hələ də Azərbaycan ərazilərinə, o cümlədən Qarabağa dolayısı ilə iddialar ehtiva edən müddəaların olması real sülhə ziddir. Onların mövcudluğu Ermənistanın gələcəkdə sülh müqaviləsinə istinad edərək həmin iddiaları yenidən gündəmə gətirməsi üçün hüquqi əsas yaradır.

Azərbaycanın sülh kontekstində vurğuladığı mühüm məsələlərdən biri də ATƏT-in Minsk qrupunun artıq tarixə qovuşması zərurətidir. Bu qrup uzun illər fəaliyyətsizliyi və birtərəfli yanaşması ilə tanındı, status-kvonu qorumağa və vaxtı uzatmağa xidmət etdi. 44 günlük müharibə isə göstərdi ki, bu mexanizm nə münaqişəni həll edə bildi, nə də yeni reallıqları qəbul etməyə hazır oldu.

Bu gün Azərbaycanın ərazi bütövlüyü tam bərpa olunub və yeni danışıqlar formatında Minsk qrupu kimi passiv və arxaik struktura yer yoxdur. Əksinə, bu cür mexanizmlərin dirçəldilməsi prosesi geriyə aparmaqdan və saxta paralel platformalar yaratmaqdan başqa bir məqsədə xidmət etməz. Azərbaycan beynəlxalq hüququn daşıyıcısı, sülhün təşəbbüskarı və regionda sabitliyin təminatçısı kimi çıxış edir. Onun bu mövqeyi ədalətə, beynəlxalq hüquqa və gələcək nəsillərin təhlükəsizliyinə əsaslanır. Məhz bu səbəbdən Azərbaycanın şərtləri sülhün real və davamlı təməlidir.

Cənubi Qafqaz bu gün kritik dönüş nöqtəsindədir. ABŞ və Fransa liderlərinin ardıcıl və qətiyyətli açıqlamaları bir daha göstərdi ki, beynəlxalq ictimaiyyət bu regionda davamlı münaqişə mühitinin saxlanmasına artıq göz yummayacaq. Azərbaycan bu reallığı düzgün dəyərləndirərək sülh təşəbbüslərini prinsipial şəkildə irəli sürür. Azərbaycanın irəli sürdüyü şərtlər beynəlxalq hüquqa və sülh fəlsəfəsinə əsaslanır. Rəsmi Bakı öz şərtlərini “maksimalist tələb” kimi deyil, real və konstruktiv yol xəritəsi kimi təqdim edir.

Sülh danışıqlarının indiki vasitəçisiz dialoq mərhələsində əsas vəzifə bu tarixi fürsəti dəyərləndirmək, regionda uzunmüddətli sabitliyi təmin etməkdir. Əgər bu imkan düzgün dəyərləndirilərsə, Cənubi Qafqaz Avropa ilə Asiyanın, Qərblə Şərqin strateji körpüsünə çevriləcək. Əks təqdirdə sülh fürsətinin qaçırılması regionu yenidən qeyri-müəyyənlik, qarşıdurma və strateji izolyasiya təhlükəsi ilə üz-üzə qoya bilər. Tarix bu fürsəti həmişə yaratmır. İndi ona müdrikliklə, ədalətlə və məsuliyyətlə yanaşmaq zamanıdır.

Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki, siyasi elmlər üzrə fəlsəfə doktoru



Siyasət