Separatçılığın “sonuncu qalası”nın süqutu

post-img

İrəvandakı “nümayəndəlik binası”nın geri alınması hüquqi normasının tələbidir

Ermənistan hakimiyyəti Azərbaycan ərazisində 32 il (1991–2023-cü illərdə) mövcud olmuş qondarma separatçı rejimin İrəvanda yerləşən nümayəndəliyinin binasını onların əlindən almaq istəyir. Bununla bağlı ölkənin Baş Prokurorluğu iyulun 15-də İrəvan inzibati məhkəməsində mülki iddia qaldırıb. İddianın məqsədi keçmiş qondarma rejimin “nazirlər kabineti”nin 2017-ci ilin martında qeydiyyata alınmış “nümayəndəlik” binası üzərində mülkiyyət hüququnu etibarsız hesab etməkdir. İddia formal olaraq Daşınmaz Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinə qarşı qaldırılıb. “Prokurorluq tələb edir ki, İrəvan şəhəri, Arabkir inzibati rayonu, N.Zaryan küçəsi, 17A ünvanında yerləşən binaya “dqr hökuməti”nin mülkiyyət hüquqlarının dövlət qeydiyyatı etibarsız hesab edilsin”, – Məhkəmə Aktlarının Vahid Qeydiyyat Sistemində deyilir.

Qeyd edək ki, Ermənistan baş naziri Nikol Paşinyan iyulun 16-da keçirdiyi mətbuat konfransında bu barədə danışıb. O, ölkə ərazisində “ikinci dövlətin mövcudluğuna” imkan verməyəcəyini bildirib: “Mən birbaşa dedim ki, Ermənistanda ikinci dövlətin mövcud olmasına icazə verə bilmərəm. Mən bu barədə əvvəllər də danışmışam və ümid edirdim ki, bu mesaj başa düşüləcək. Bir, iki, üç... Dövlət tədbir görməlidir”. O, əlavə edib ki, bu daşınmaz əmlak Ermənistanın mülkiyyəti olmalıdır.

Paşinyan Qarabağdan könüllü köç etmiş şəxslərin sosial çətinlikləri ilə bağlı vəziyyəti də şərh edib: “Deyirlər ki, Qarabağ xalqı (?) yenidən yaşayış yerlərini itirmək təhlükəsi ilə üz-üzə qalıb. Mən bunu qəti şəkildə təkzib edirəm, belə bir şey yoxdur. Bütün bacı-qardaşlarımıza, xüsusilə hökumətin son qərarından sonra dəstək proqramı var”.

Onu da bildirək ki, hələ ötən ilin sentyabrında Ermənistan parlamentinin sədri Alen Simonyan keçmiş qondarma rejimin rəhbərliyinin binadan çıxarılmasına eyham vurmuşdu. Simonyan “dqr hakimiyyətini” qondarma respublikanı ləğv etməkdə suçlamışdı. Bildirmişdi ki, onlar bundan sonra müntəzəm olaraq “Artsax nümayəndəliyi”ndə görüşlər təşkil edir və bu günahlarını yumağa çalışırlar. “Hesab edirəm ki, biz indi bu binanın təyinatına yenidən baxmalıyıq. O, belə məqsədlərə xidmət etməməlidir” – deyə Simonyan bildirmişdi.

Həmçinin demişdi ki, Ermənistan–Qarabağ parlamentlərarası komissiyası buraxılmalıdır, çünki “qarşı tərəf” artıq səlahiyyətli deyil. O, bu bəyanatı parlamentin iclası zamanı “Hayastan” fraksiyasının katibi Artsvik Minasyanın üç illik fasilədən sonra bu komissiyanın iclasını çağırmaq niyyətində olub-olmaması sualına cavab olaraq səsləndirmişdi. Simonyan bir az da irəli gedərək bildirmişdi ki, daha onun üçün Qarabağın heç bir rəsmisi, o cümlədən “Qarabağın prezidenti” (?) ifadəsi yoxdur. Bir hüquqşünas kimi, o, hesab edir ki, adıçəkilən formatın ləğvi məsələsi ciddi müzakirə olunmalıdır.

Qeyd edək ki, Ermənistanın Daşınmaz Əmlakın Kadastrı üzrə Dövlət Komitəsinə avtomatik daxil olan məlumatlara əsasən, keçmiş separatçı rejimin sözügedən əmlaka mülkiyyət hüququ 2017-ci il martın 20-də qeydə alınıb. Baş Prokurorluğun hüquqlarını mübahisələndirdiyi əmlak uzun illər rejimin Ermənistandakı daimi nümayəndəliyinin binası olub. Bu, 1969-cu ildə tikilmiş ikimərtəbəli inzibati binadır. Onun 0, 11 hektar torpaq sahəsi, elektrik yarımstansiyası, zirzəmisi, yarımzirzəmisi, həmçinin 1998-ci ildə inşa edilmiş böyük qarajı var.

Bu bina İkinci Qarabağ müharibəsindən, xüsusilə 2023-cü ildəki antiterror əməliyyatından sonra separatçıların yığışdığı, müxtəlif məkrli planlar üzərində işlədiyi əsas məkan idi. Burada yalnız siyasi deyil, həm də hərbi təxribatlar hazırlanırdı. Separatçılar Azərbaycan dövlətinə qarşı yönəlmiş dezinformasiya və təbliğat kampaniyalarını planlaşdırır, regionda gərginliyi saxlamağa çalışırdılar. Həmin məkanda xarici kuratorların iştirakı ilə gizli görüşlər keçirilir, sülh təşəbbüsləri bilərəkdən sabotaj olunurdu. Binanın “idarəetmə mərkəzi” kimi təqdim olunması isə əslində, işğalın ideoloji davamı idi. Bu məkan Qarabağda qeyri-qanuni rejimin beyin mərkəzi kimi fəaliyyət göstərir və regionda sabitliyə ən böyük təhdidlərdən biri sayılırdı. İndi isə onun separatçıların əlindən alınması tarixi ədalətin bərpası kimi dəyərləndirilməlidir. Bu addım yalnız simvolik deyil, həm də strateji əhəmiyyət daşıyır. Çünki hələ də Azərbaycana qarşı fəaliyyət göstərən məkrli mərkəz iflic edilir. Binanın geri qaytarılması ilə separatçıların informasiya, koordinasiya və təxribat imkanları tamamilə çökür. Bu addımı Ermənistan iqtidarının bölgədə sülhdə maraqlı olmasının göstəricisi hesab etmək olar. Rəsmi İrəvan bununla paralel idarəçilik cəhdlərinə son qoyur. Bu, həm də beynəlxalq ictimaiyyətə açıq mesajdır ki, artıq qeyri-qanuni rejim tarixin zibilliyinə göndərilib. Nəinki keçmiş rejimin, onun hansısa hücrələrinin də heç bir şansı yoxdur. Separatizmin mərkəzi sayılan bu binanın neytrallaşdırılması sülhün və sabitliyin bərqərar olunmasına aparan mühüm mərhələdir.

***

Bununla belə separatçılar hələ də xam xəyaldadırlar. Onlar “bəlkə də qaytardılar” eşqi ilə yaşayaraq məhkəmədə qarşılıqlı iddia qaldırırlar. Vəkil Roman Yeritsyan bildirib ki, onlar “nümayəndəliyin” binası uğrunda mübarizə aparmaq niyyətindədirlər. Yeritsyan bəyan edib ki, o, Qarabağ tərəfinin (?) maraqlarını təmsil etmək səlahiyyətinə malikdir və onların maraqlarını inzibati və mülki məhkəmələrdə qanuni yolla müdafiə edəcək: “Biz bu qanunsuzluğa qarşı mübarizə aparacağıq, mənim üçün bu məsələ prinsipialdır. Biz “dqr nümayəndəliyi” üzərində mülkiyyət hüququnun aradan qaldırılmasına imkan verməyəcəyik. “Artsaxın son ruhu” Ermənistanda sönməyəcək”. Vəkil bildirib ki, hələlik onun fəaliyyət planı yoxdur, lakin təkcə öz həmvətənlərini deyil, həm də bütün rəğbət bəsləyənləri bu məsələdə hər cür köməklik göstərməyə çağırır.

Əlbəttə, özünü vəkil adlandıran bu şəxsin açıqladığı məlumat separatçıların uydurma “dövlətçiliyinin” süqutunu hələ də qəbul edə bilmədiklərini nümayiş etdirir. Onlar Azərbaycanın ərazi bütövlüyünü və suveren hüquqlarını tanımaq əvəzinə, özlərini hələ də hansısa “dövlət”in nümayəndələri kimi təqdim edir, beynəlxalq hüququn, reallığın və məntiqin tam əksinə olaraq, iddialar irəli sürürlər. Vəkilin “mübarizə” bəyanatları da bu xam xəyalların davamıdır. O, açıq şəkildə “Artsaxın ruhu”nun sönməyəcəyini söyləməklə təkcə hüquqi deyil, həm də siyasi çağırış edir. Bu isə Ermənistanın hələ də separatizmlə tam şəkildə üzülüşmək istəmədiyinin göstəricisidir.

Yeritsyan və onun kimiləri anlamalıdırlar ki, artıq “Artsax” deyilən qondarma rejim yoxdur. Onun bütün hüquqi iddiaları əsassız və nəticəsizdir. Çünki bu keçmiş qondarma rejim heç bir dövlət, o cümlədən Ermənistanın özü tərəfindən tanınmayıb. Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir və bu reallıq BMT başda olmaqla, dünyanın əksər ölkələri tərəfindən qəbul olunub. İstər inzibati, istərsə də mülki müstəvidə iddialar qaldırmaq cəhdləri, əslində, hüququn deyil, revanşizmin alətinə çevrilir.

Separatçılar “nümayəndəlik binası” kimi təqdim etdikləri tikili uğrunda mübarizəyə girişməklə, əslində, hüquqi prinsipləri deyil, öz keçmiş qaranlıq fəaliyyətlərini müdafiə edirlər. Unudurlar ki, bu bina məhz Qarabağdakı qanunsuz rejimin “beyin mərkəzi”, Azərbaycan əleyhinə təxribatların hazırlandığı, saxta sənədlərin dövriyyəyə buraxıldığı, təbliğat kampaniyalarının koordinasiya edildiyi bir məkan olub. Belə bir obyektin “mülkiyyət hüququ” barədə danışmaq absurddur və hüquqla heç bir əlaqəsi yoxdur. Yeritsyanın “bu məsələ mənim üçün prinsipialdır” deməsi isə yalnız şəxsi ambisiyaları və siyasi motivasiyasının təzahürüdür.

Digər tərəfdən, bu cür açıqlamaların Ermənistan cəmiyyətində rezonans doğurması da təəssüf doğurur. Belə adamlar Ermənistanda separatçı ideologiyanı dirçəltmək və “Artsax” mifini yaşatmaq üçün sosial-iqtisadi çətinliklər içində olan insanlara ümid vəd edir, onları yeni qarşıdurmaların və hüquqi avantüraların arxasınca aparmağa çalışırlar. Halbuki Ermənistan hakimiyyəti rəsmi səviyyədə artıq Qarabağın Azərbaycanın tərkib hissəsi olduğunu qəbul etdiyini bəyan edib. Bu fonda Yeritsyanın çıxışları ya həmin bəyanatların səmimiliyini sual altına alır, ya da İrəvanda revanşist dairələrin hələ də gizli dəstəyinə arxalanır. Separatçıların baş qaldırmaq cəhdləri Ermənistan üçün daha ciddi nəticələr doğura bilər. Çünki bu, qeyd etdiyimiz kimi, sülh prosesinə və regionda sabitliyə açıq sabotaj cəhdidir.

Zaur MƏMMƏDOV,
Dövlət İdarəçilik Akademiyasının müşaviri, Bakı Politoloqlar  Klubunun rəhbəri

– Qarabağdakı keçmiş qondarma rejimin uzun illər siyasi və ideoloji mərkəz kimi istifadə etdiyi binanın Ermənistan dövlətinin nəzarətinə keçməsi mühüm hadisədir. Bu bina, sadəcə, bir tikili deyil, keçmiş rejimin simvolu, təbliğat və təxribatların planlaşdırıldığı mərkəz idi. Onun geri alınması separatçılığın rəsmi və rəmzi şəkildə dağılması deməkdir. Bu fonda bəzi separatçıların “mülkiyyət hüququ” ilə bağlı məhkəməyə müraciət niyyəti hüquqi arqument deyil, ideoloji revanşizmdir. Bu çıxışlar Ermənistandakı bəzi dairələrin hələ də “Artsax” xülyasından imtina etmədiyini, bölgədə sabitliyə qarşı gizli müqavimətin davam etdiyini göstərir. Belə gedişlər Ermənistanla Azərbaycan arasında yaranmaqda olan etimad mühitinə zərbə vurur və danışıqlar prosesinə maneə yaradır. Odur ki, oxşar cəhdlərin qarşısı vaxtında alınmalı, revanşist çağırışlara hüquqi və siyasi qiymət verilməlidir.

Səxavət HƏMİD
XQ

Siyasət