Azərbaycan mediası: islahat məntiqi və yeni hədəflər

post-img

Prezidentin nikbinliyi konkret işlərdən qaynaqlanır

“Azərbaycan mediasının inkişafı məni çox sevindirir. Çox şadam ki, bu gün bizim mediamız nəinki ölkə daxilində, hətta beynəlxalq müstəvidə çox böyük nüfuz qazanıb və bunu tam səmimiyyətlə deyirəm”. Bu fikri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə bildirib. Əlbəttə, dövlətimizin başçısının nikbinliyi ruh yüksəkliyi doğurur.

Məlumdur ki, istənilən sahədəki konkret nəticə kompleks fəaliyyətdən asılıdır. Ölkəmizdə digər istiqamətlərə olduğu kimi, mediaya münasibətdə də fundamental yanaşma var. Yanaşmanın bariz göstəricilərindən biri də Prezident İlham Əliyevin “Azərbaycan Respublikasında media sahəsində islahatların dərinləşdirilməsi haqqında” 12 yanvar 2021-ci il tarixli fərmanıdır. Bu mühüm dövlət sənədində mediamızın qlobal informasiya mühitinin müəyyənləşdirdiyi fəaliyyət prinsiplərinə uyğun modernləşməsi, innovativ təkamülün yaratdığı imkanlardan daha çox bəhrələnməsi, habelə onun şəffaflıq və vətəndaş məmnunluğu prinsiplərinə əsaslanması, cəmiyyətin obyektiv və peşəkar məlumatlandırılmasına xidmət edən fəaliyyətinin stimullaşdırılması zərurəti vurğulanmışdır.

Qeyd edək ki, sadaladıqlarımız məqamlar fərmanın islahatyönümlü məntiqinin diqqətə çatdırılması baxımından son dərəcə vacibdir. Deməli, ölkəmizdə aparılan media istlahatları zamanın tələbinə uyğun media quruculuğu hədəfini müəyyənləşdirir. Fərmana əsasən yaradılmış Medianın İnkişafı Agentliyi isə mövcud istiqamətdəki fəaliyyət çoxşaxəliliyini rəhbər tutur ki, qurumun ötən müddətdə reallaşdırdığı tədbirlərin əməli nəticələr verdiyi məlumdur. Bu məqam, yəni görülən işlərin nəticəlilik predmeti Prezident İlham Əliyev tərəfindən də önə çəkilir. Əlbəttə, dövlətimizin başçısının əlahiddə baxış bucağı üçün medianın yerinə yetirdiyi müstəsna vəzifə var. “Bu gün Azərbaycan mediası dövlət maraqlarını qorumağa qadirdir. Azərbaycana qarşı olan əsassız ittihamları arqumentlərlə, ciddi təhlillə və faktlar əsasında ifşa etməkdə də böyük uğurlar əldə edib. Bizim mediamız nəinki dövlət maraqlarını müdafiə edir, eyni zamanda, lazım gəldikdə hücuma da keçir. Bu da lazımdır. İdmanda bəzən deyirlər ki, ən yaxşı müdafiə hücumdur”, - deyən Prezident İlham Əliyev əlavə edib ki, mediamız artıq istənilən xoşagəlməz, iftira kampaniyasına cavab verməyə qadirdir və bu, çox önəmli reallıqdır.

Bəli, Azərbaycan mediası özündə Azərbaycan dövlətinin mahiyyətini daşıyır. Hesab edirik ki, ölkəmizdə media sahəsində aparılan islahatların ən böyük uğuru da elə budur. Yəni, dövlətimiz regionda və dünyada yeni reallıq formalaşdırdığı kimi, mediamız da fəaliyyəti ilə eyni missiyaya köklənir. Başqa sözlə desək, Azərbaycanda dövlət və media biri-birini tamamlayər. Əlbəttə, konkret olaraq mediadan danışırıqsa, hazırda mediamız, kifayət qədər, mürəkkəb siyasi təbiətə malik Cənubi Qafqaz coğrafiyası ilə bağlı dünyanın başlıca istinad mənbəyi statusundadır. Nəzərə alaq ki, bu statusun əldə edilməsi heç də asan məsələ deyil.

Əminliklə deyə bilərik ki, mediamızın hazırkı yüksək statusu Azərbaycan dövlətinin, şəxsən cənab İlham Əliyevin sahəyə müstəsna diqqət və qayğısının nəticəsidir. Bu diqqət isə özünü təkcə fundamental tədbirlərin həyata keçirilməsində deyil, jurnalist əməyinə həssas yanaşmada da göstərir. Həssas yanaşmanın örnəkləri isə kifayət qədər çoxdur. Fikrimizin sübutu kimi diqqəti müstəqillik dövründə Prezident İlham Əliyev tərəfindən əsası qoyulmuş media nümayəndələrinin dövlət təltiflərinə layiq görülmələri ənənəsinə yönəldək.

Qeyd edək ki, dövlətimizin başçısı 2005-ci ildə əsasını qoyduğu ənənənin davamlığını “Media nümayəndərlərinin təltif edilməsi haqqında” 21 iyul 2025-ci il tarixli Sərəncamı ilə bir daha təsdiqlədi. Sərəncam 200-dən çox media mənsubuna şamil edildi. Yada salaq ki, bundan əvvəl Prezident İlham Əliyev milli mətbuatımızın 145, 140, 135 və 130 illik yubileyləri ilə bağlı da jurnalistləri dövlət təltifləri ilə mükafatlandırıb. Ümumən isə jurnalist əməyinin stimullaşdırılması, o cümlədən, qələm sahiblərinin sosial məişət şəraitlərinin yaxşılaşdırılması həmişə dövlətimiz üçün prioritet vəzifə olub və bu, media sahəsindəki strateji xətdən qaynaqlanıb. Axı ortada sadə məntiq var. Bir halda ki, qlobal informasiya məkanına inteqrasiya hədəfi var, bu hədəf naminə təminatlı, eyni zamanda, dövlətin diqqət və qayğısını üzərində hiss edən jurnalist obrazı olmalıdır. Elə bir obraz ki, fəaliyyəti ilə dövlətin və cəmiyyətin maraqlarını uzlaşdırsın, habelə dövlətin cəmiyyət üçün prioritet saydığı istiqamətlərə peşəkar şəkildə köklənsin. Hazırda Medianın İnkişafı Agentliyinin həyata keçirdiyi tədbirlər və ayrı-ayrı layihələr də bu məqsədə xidmət edir. Fundamental yanaşma da elə budur.

Əlbəttə, hər bir yanaşma ənənələrə əsaslanmalıdır. Hesab edirik ki, Azərbaycan dövlətinin media yanaşması da əsası dahi mütəfəkkir Həsən bəy Zərdabi tərəfindən qoyulmuş milli mətbuat ənənələrinə söykənir. Mövcud məqam ilk dəfə Prezident Heydər Əliyevin 2000-ci il martın 27-də imzaladığı “Azərbaycanda milli mətbuatın yaradılmasının 125 illiyi haqqında” Fərmanda vurğulanıb. Nəzərə alaq ki, bu mühüm dövlət sənədi də özündə islahat məntiqini ehtiva etmişdi. Fərmanda ölkəmizdə siyasi plüralizm və söz azadlığının təminatı məqsədi daşıyan işlərin mətbuatın inkişafında da dönüş yaratdığı bildirilmişdi.

Onu da deyək ki, Prezident İlham Əliyevin milli mətbuatımızın yubileylərinin keçirilməsi ilə bağlı sərəncamları da ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi ənənədən qaynaqlanır. Deməli, ölkəmizdə media sahəsində inkişafa aparan islahatçılıq xəttində də siyasi varislik var.

Bir məqamı da vurğulayaq. Azərbaycan XX əsrdə ikinci dəfə dövlət müstəqilliyini əldə etdikdən sonrakı dövrün özünü də bütövlükdə mətbuat sahəsində islahatlar mərhələsi kimi qiymətləndirmək mümündür. Bu baxımdan 1998-ci ildə ulu öndər Heydər Əliyev tərəfindən senzuranın aradan qaldırılmasını, kütləvi informasiya vasitələri sahəsində qanunvericilik bazasının yenidən formalaşdırılmasını, habelə haqqında söz açdığımız mediaya dövlət dəstəyi ənənəsinin müxtəlif təzahürlərini, Prezident İlham Əliyev tərəfindən medianın hüquqi bazasının zənginləşdirməsinə yönələn fəaliyyəti və digər məqamları vurğulamaq mümkündür ki, onların bir çoxunu da diqqətə çatdırdıq.

Maraqlı məqamlardan biri də budur ki, Azərbaycan dövlətinin media islahatçılığı xəttindəki qanunvericilik təşəbbüsləri bu sahədəki fəaliyyəti ölkənin ümumi hüquqi bazasının tərkib hissəsi kimi vurğulamaq məramını daşımışdı. Bu isə o deməkdir ki, dövlətimiz medianı ictimai həyatın mühüm katalizatoru olaraq görüb. Düşünürük ki, hazırkı uğurları şərtləndirən vacib məqamlardan biri də budur.

Əlbəttə, hazırda Azərbaycan dövlətinin media islahatlarının hədəfləri daha genişdir. Çünki dövr və zaman dəyişib və “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” 25 aprel 2025-ci il tarixli Prezident Sərəncamında açıqlanan fikirlərin gələcək üçün yol xəritəsi mahiyyəti daşıdığını söyləmək mümkündür. Hesab edirik ki, dövlət sənədində media sahəsində islahatların Vətən müharibəsindəki qələbəmizdən sonra başlamasının vurğulanması önəmlidir. Savaşdan sonra “Media haqqında” Qanunun qəbulunun diqqətə çatdırılması da həmçinin.

Məsələ ondadır ki, Vətən müharibəsindəki Zəfərimizin ölkəmiz qarşısında yeni imkanlar açıb. Bu imkanların reallaşdırılması yeni dövrün tələblərinə adekvat fəaliyyətdən asılıdır. Yeni dövrdə isə media fəaliyyətinin rəqəmsal dövrün çağırışlarına uyğunlaşdırılması, ölkəmizin informasiya mühitinin sağlamlaşdırılması son dərəcə vacibdir. Bunun üçün müəyyən təşkilati tədbirlərə də ehtiyac duyulurdu ki, islahatların vergi azadolmalarının tətbiqi, qəzet və jurnallar üçün əlavə dəyər vergisinin aradan qaldırılması, jurnalistlərə güzəştli ipoteka kreditindən yararlanmaq hüququnun verilməsi və digər tədbirlər yekunda informasiya resurslarının iqtisadi müstəqilliklərinin gücləndirilməsini və jurnalistlərin sosial müdafiəsinin yaxşılaşdırılmasını hədəf seçib.

Əlbəttə, ən başlıca hədəf güclü dövlətin güclü mediasının formalaşdırılmasıdır. Prezident İlham Əliyevin III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşü zamanı səsləndirdiyi fikirlər bu baxımdan nikbin mənzərədən xəbər verir. Əslində, nikbinlik dövlətimizin başçısının “Azərbaycan milli mətbuatının 150 illik yubileyinin keçirilməsi haqqında” sərəncamında da əskini tapıb: “Bu gün mediamız Azərbaycanın tərəqqisinin və müasir cəmiyyət quruculuğu prosesinin fəal iştirakçısı olaraq, beynəlxalq əlaqələrini və qlobal informasiya məkanında təsir imkanlarını genişləndirmiş, rəqabət qabiliyyətini artırmışdır”.

Tam aydındır ki, sözügedən Prezident Sərəncamı vurğunu, belə demək mümkünsə, geridə qalan atların güllələndiyi məntiqinə qoyur. Bu, müəyyən mənada, islahatların hazırkı fazası ilə kifayətlənməmək çağırışıdır. Sənəddə bildirilir ki, “dünya nizamının dəyişikliklərə məruz qaldığı, siyasi proseslərin intensivləşdiyi, habelə yeni fəaliyyət prinsiplərinin bərqərar olduğu müasir dövr Azərbaycan mediası qarşısında da yeni vəzifələr müəyyənləşdirir. Qabaqcıl texnologiyaların tətbiqi, sosial media platformalarında fəallığın artırılması, rəqəmsallaşma, süni intellekt, media savadlılığının yüksəldilməsi, dezinformasiya və saxta xəbərlərlə mübarizə, effektiv kommunikasiyanın həyata keçirilməsində yaxından iştirak və s. mediamızın inkişaf perspektivini və qarşıdan gələn dövrdə qlobal informasiya məkanında yerini müəyyənləşdirəcək məsələlərdir. Eyni zamanda, media müasir tendensiyaları nəzərə almaqla Azərbaycanın dövlət maraqlarını həmişə uca tutmalı, ölkəmizin müasir beynəlxalq münasibətlər sistemində yeri və rolu, həyatımızda baş verən pozitiv dəyişikliklər ilə bağlı ictimaiyyətimizin məlumatlandırılması sahəsində daha fəal olmalıdır”.

Sonda belə nəticəyə gələk ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə media sahəsində aparılan islahatların dərinləşdirilməsi günün aktual tələblərindəndir. Heç şübhəsiz, proses daha da dolğunlaşacaq. Həm də ona görə ki, Azərbaycan dövləti özünün prinsipial xəttində ardıcıllığı hər zaman qoruyur. Bu ardıcıllıq isə nəinki media fəaliyyətinin, ümumən informasiya yayıcılığının dövlətimiz üçün stratejiliyini vurğulayır.

Əvəz RÜSTƏMOV
XQ

Siyasət