Oskanyanın tükənməyən xülyaları

post-img

İrəvanı dalana salmış siyasətin həmmüəllifi susmaq bilmir

Ermənistanda Azərbaycanla münasibətlərin normallaşmasına, sülhün və dövlətlərarası münasibətlərin təsis olunması haqqında sazişə qarşı çıxanlardan biri də keçmiş xarici işlər naziri Vardan Oskanyandır. O, Nikol Paşinyan iqtidarının sülh gündəmini tez-tez kəskin tənqid edir. İddia edir ki, hazırkı hökumət Azərbaycanla danışıqlarda milli maraqları güzəştə gedir. Onun fikrincə, imzalanacaq saziş Ermənistanı daha da zəiflədib regiondakı mövqelərini itirməsinə gətirib çıxaracaq. Keçmiş nazirin ritorikasında revanşist notlar açıq şəkildə hiss olunur. Bu baxımdan Oskanyanın çıxışları müxalifət düşərgəsinin radikal qanadına əlavə stimul verir.

Sabiq nazir bugünlərdə sosial şəbəkə hesabında yenə oxşar fikirlərlə çıxış edib. Onun sözlərinə görə, Azərbaycan öz məqsədlərinə nail olub və nə qədər ki, Paşinyan hakimiyyətdədir, Nikolun nə deyib-deməməsindən asılı olmayaraq, nail olmaqda davam edəcək. Oskanyan Paşinyanın Ermənistan SSR Ali Sovetinin 1990-cı il avqustun 23-də qəbul etdiyi Müstəqillik Bəyannaməsinin 35-ci ildönümü ilə bağlı müraciətini ziddiyyətli və absurd adlandırıb: “Nikol Paşinyan dünən yenə də “Artsax” haqqında danışdı. Özünün fəlakətli qərarlarına boş yerə haqq qazandırmağa çalışdı. Son illərin hadisələri ilə tanış olan hər kəsə aydındır ki, bizim itkilərimizin əsas səbəbi Paşinyanın tam səriştəsizliyidir. Onun 2020-ci il müharibəsinə qədər güzəştlərin Ermənistan üçün daha zərərli olacağı ilə bağlı iddiası tamamilə absurddur. Azacıq şübhə yoxdur ki, Paşinyan 2020-ci ilin sentyabrına qədər lazımi güzəştləri etsəydi, minlərlə erməni gənci bu gün sağ olardı. “Artsax” və Laçın ermənilərin olaraq qalacaq, sülh sazişi bağlanacaq, sərhədlərimiz, kommunikasiyalarımız isə açıq olacaqdı. Bunun əvəzində onun ziddiyyətli bəyanatları və ehtiyatsız diplomatiyası Ermənistanı dağıdıcı müharibəyə sürüklədi və bizi bütün cəbhələrdə məğlubiyyətə uğratdı. “Niyə 2008-ci ildə bunu etmədiniz?” sualına gəlincə, deyim ki, biz hadisələrin belə bir inkişaf perspektivini görsəydik, mütləq müvafiq tədbirlər görərdik”.

Sabiq nazir yalnız Paşinyanın siyasətdən getməzdən əvvəl danışmağı dayandıracağını ümid etdiyini bildirib: “Onun sözləri uzun müddətdir ki, Ermənistan üçün ən böyük yük olub, daim milli təhlükəsizliyi sarsıdır və böyük ziyan vurur. Onun verdiyi ziddiyyətli və absurd bəyanatlar Azərbaycanın mövqeyini dönə-dönə gücləndirməklə Ermənistanı fəlakətli nəticələrə gətirib çıxarır. İndi, demək olar ki, hər şey güzəştə gedildikdən sonra onun sözləri strateji baxımdan heç bir önəm daşımır. Onun sözləri xalqın əzablarını daha da artırır, bizə daim xatırladır ki, bütün itkilərimizin qarşısını almaq olardı”.

***

Ermənistanın sabiq XİN başçısının son açıqlaması bir daha göstərir ki, o, siyasi fəaliyyətində reallıqdan uzaq mövqe tutmaqda davam edir. Oskanyanın Azərbaycanla münasibətlərin normallaşması istiqamətində atılan addımları qəti şəkildə rədd edərək, bütün təqsiri Paşinyanın üzərinə yıxmağa çalışması özü absurddur. Çünki 30 ilə yaxın davam edən işğalçılıq siyasətinin və Ermənistanın regional inkişafdan təcrid olunmasının təqsirkarı yalnız indiki iqtidar deyil, məhz Oskanyanın da daxil olduğu keçmiş hakimiyyətlərdir. Onların illərlə yürütdüyü yanlış kurs nəticəsində Ermənistan həm beynəlxalq təcridə məruz qaldı, həm də müharibənin qaçılmazlığını özü üçün hazırladı. Bu baxımdan Oskanyanın bugünkü sərt çıxışları daha çox öz məsuliyyətini gizlətmək təsiri bağışlayır.

O iddia edir ki, guya, Paşinyan 2020-ci ilə qədər güzəştlərə getsəydi, Hayastan indiki vəziyyətə düşməzdi. Əslində isə məhz Oskanyanın da xarici siyasət idarəsinə rəhbərlik etdiyi dövrlərdə Ermənistan hakimiyyətləri hər dəfə danışıqlardan qaçaraq qeyri-real tələblər irəli sürürdülər. Onlar Azərbaycan torpaqlarının işğal altında saxlanılmasını əbədi etmək niyyətində idilər. Nəticədə, danışıqlar prosesi çıxılmaz vəziyyətə salındı və bölgədə hərbi toqquşmaların baş verməsi qaçılmaz oldu. Oskanyanın bu gün Paşinyana qarşı səsləndirdiyi ittihamlar, əslində, onun öz siyasi irsinin iflasını ört-basdır etmək üçündür. Çünki Ermənistanı fəlakətə aparan xətt təkcə Paşinyanın deyil, həm də ondan əvvəlki rəhbərlərin səhvlərinin nəticəsi idi.

Oskanyan bir tərəfdən danışıqlarda vaxtında güzəştə gedilmədiyindən gileylənir, digər tərəfdən isə Azərbaycanla sülh sazişinə qarşı çıxır. Bu onu göstərir ki, Vardan və onun kimi düşünənlər üçün sülh heç vaxt məqsəd olmayıb. Onların əsas qayəsi Ermənistan cəmiyyətini yenidən köhnə xülyalarla yaşatmaq, revanşist qüvvələri fəallaşdırmaq və bölgəni yeni gərginliklərə sürükləməkdir. Oskanyan “Artsax və Laçın ermənilərin olaraq qalacaqdı” kimi iddialar irəli sürür, lakin 44 günlük Vətən müharibəsi və birgünlük antiterror tədbirləri tamamilə başqa mənzərəni ortaya qoydu.

Sabiq nazirin əsas arqumenti bundan ibarətdir ki, Paşinyanın sözləri Ermənistan üçün təhlükə yaradır. Əslində, Ermənistanı təhlükəyə atan məhz Oskanyanın təmsil etdiyi köhnə siyasi elitadır. Onlar ölkəni regional əməkdaşlıqdan təcrid edib, qonşularla düşmənçilik siyasətini dövlət strategiyasına çeviriblər. Bu siyasətin nəticəsində Ermənistan iqtisadi böhranlara sürüklənib, demoqrafik itkilər yaşayıb və yüz minlərlə vətəndaşı ölkəni tərk etmək məcburiyyətində qalıb. İndi isə Oskanyan həmin səhvlərin məsuliyyətini boynundan atmaq üçün bütün diqqəti Paşinyanın üzərinə yönəldir. Bu isə heç bir ölçüyə sığmır.

Oskanyan və onun kimiləri Paşinyanı tənqid etməklə, əslində, öz məsuliyyətlərini gizlədirlər. Ancaq Ermənistan ictimaiyyəti artıq yaxşı anlayır ki, bu gün sülhün alternativi yoxdur. Kim bunu qəbul etmirsə ölkənin gələcəyini riskə atır. Oskanyanın çıxışları isə bütövlükdə, onun dedikləri, sadəcə, siyasi utopiya olmaqla yanaşı, Ermənistan cəmiyyətini reallıqdan uzaqlaşdırır.

Politoloq İlyas Hüseynov XQ-yə açıqlamasında bildirdi ki, Oskanyan Paşinyanın yürütdüyü siyasətə dair tənqidi fikirlər səsləndirməklə gündəmdə qalmaq niyyətindədir. Onun sözlərinə görə, Robert Koçaryan dövrünün xarici işlər naziri kimi həmin düşərgə ilə birgə tarixin zibilliyinə atılmış, heç kəsin fikirlərinə önəm vermədiyi sabiq nazir özünü aktuallaşdırmağa çalışır: “Oskanyanın yanaşması təxminən “mən də gündəmi izləyirəm və fikir bildirə bilərəm” tipindədir. Ancaq onun mövqeyi qeyri-sağlam mövqedir və yalnız Paşinyanın mövqeyini tənqid etməyə yönəlib. Məlumdur ki, Ermənistan vaxtilə Azərbaycanın şərtlərini qəbul etsəydi, bu ölkə üçün daha münasib nəticələr ola bilərdi. Lakin Paşinyan ziddiyyətli bəyanatlar səsləndirməyə başladı. Azərbaycanın işğal edilmiş ərazilərini Ermənistana birləşdirməyə cəhd etdi. Xatırlatmaq yerinə düşər ki, Paşinyan 2020-ci ildə Vətən müharibəsindən öncə Azərbaycana müxtəlif şərtlər təqdim etmək niyyətində idi. Keçmiş qondarma separatçı rejimin tərəf kimi danışıqlarda iştirakına ümid edirdi. Lakin bu gün tamamilə başqa reallıq var. Bu gün ərazi bütövlüyümüz və Azərbaycanın bütün ərazisində suverenliyimiz təmin olunub. İşğaldan azad olunmuş ərazilərdə genişmiqyaslı bərpa-quruculuq işləri gedir. Prezident İlham Əliyev avqustun 21-də Kəlbəcər şəhərinə və Ağdərə rayonunun Vəngli və Kolatağ kəndlərinə köçən keçmiş məcburi köçkünlərlə görüşü zamanı çox mühüm mesajlar verdi”.

İ.Hüseynov bildirdi ki, Vaşinqton görüşünün sülh istiqamətndə çox mühüm irəliləyiş hesab edilməsinə baxmayaraq Prezident İlham Əliyev görüş zamanı ölkəmizin təhlükəsizliyinin və müdafiə qabiliyyətinin artırılmasına diqqət çəkdi: “Dövlətimizin başçısı bildirdi ki, bizim çox güclü orduya malik olmağımız lazımdır və müasir silah-sursat, hərbi texnika alışı davam etdirilir. Azərbaycan güclü olmalıdır ki, Vardan Oskanyan kimi siyasətbazlar nə vaxtsa, hansısa situsiyada təhlükəsizliyimizə təhdid yaratmaq fikrinə düşməsinlər. Oskanyan və onun kimi şəxslər revanşizm barədə düşünməsinlər. Ermənistandakı radikal kütlələr və ölkənin reallıqlarından qopmuş, fərqli cəmiyyətlərdə yaşayan diaspor nümayəndələri Cənubi Qafqazda təhlükə törətmək niyyətində olmasınlar. Biz təhlükəsizliyimizi təmin etmək üçün güclü olmalıyıq”.

Politoloq onu da bildirdi ki, V.Oskanyan xarici işlər naziri olduğu dövrdə danışıqlar prosesində Azərbaycanın şərtlərini qəbul etmişdi: “Ümid edirəm ki, ATƏT-in keçmiş Minsk qrupu çərçivəsində aparılan danışıqlar Oskanyanın yaxşı xatirindədir. Sadəcə olaraq, bu gün Ermənistan cəmiyyətində baş verən proseslər fonunda özünə dividendlər qazanmaqla siyasi hakimiyyəti tənqid edir ki, bu da tamamilə sülh prosesinin əleyhinədir. Vaşinqton razılaşmalarının və sülhün heç bir alternativi yoxdur. Bunu Ermənistandakı bütün revanşist qüvvələr, “beşinci kolon”un nümayəndələri yaxşı bilməli və yadda saxlamalıdırlar”.

Səxavət HƏMİD
XQ



Siyasət