Regional sabitliyin hərbi-siyasi dayaqları

post-img

Zəmanə “Türk NATO-su”nun yaranmasını da gündəmə gətirib

XX əsrdə NATO kimi böyük hərbi bloklar qlobal siyasətdə əsas rol oynayırdısa, XXI əsrdə regional və ikitərəfli əməkdaşlıq ön plana çıxır. Bu tendensiyanın bariz nümunələrindən biri Pakistan və Səudiyyə Ərəbistanı arasında bugünlərdə imzalanmış qarşılıqlı müdafiə paktını göstərmək olar. Sazişin mahiyyəti NATO-nun məşhur 5-ci maddəsini xatırladır. Bu müqaviləyə əsasən, ölkələrdən birinə hər hansı bir hücum hər ikisinə qarşı hücum sayılacaq.

Pakistanın müdafiə naziri Xavaca Asif açıqlamasında qeyd edib ki, gələcəkdə müqavilənin digər ərəb dövlətləri üçün də açıq qalması ehtimalı var. Bu isə Körfəz regionunda tamamilə yeni hərbi-siyasi konfiqurasiyanın formalaşmasına zəmin yaradır. “Hesab edirəm ki, buradakı ölkələrin və xalqların, xüsusən də müsəlman əhalinin öz bölgəsini, ölkələrini və millətlərini birgə müdafiə etmək təbii hüququdur”, – deyə nazir bildirib.

İslamabad və Ər-Riyad razılaşmasını təhlil edərkən Azərbaycan və Türkiyə arasında imzalanmış Şuşa Bəyannaməsini xatırlamamaq qeyri-mümkündür. 15 iyun 2021-ci ildə imzalanan bu sənəd hər iki ölkənin tarixində dönüş nöqtəsi oldu. Bəyannamə siyasi və hərbi əməkdaşlıq baxımından strateji mahiyyət daşıyır. Sənəddə açıq şəkildə qeyd olunur ki, tərəflərdən birinə hücum digərinə qarşı təcavüz kimi qiymətləndiriləcək və birgə cavab tədbirləri həyata keçiriləcək. Artıq Azərbaycan və Türkiyə strateji tərəfdaş olmaqla yanaşı, həm də müttəfiq dövlətlərdir.

Qeyd edək ki, ənənəvi təhlükəsizlik qurumları çox zaman müasir çağırışlara operativ reaksiya verə bilmir. Bu isə yeni modellərin yaranmasını stimullaşdırır. Bu konteksdə ABŞ, Böyük Britaniya və Avstraliya arasında imzalanmış AUKUS sazişini nümunə kimi misal göstərmək olar. Yəni, artıq dünyanın müxtəlif regionlarında özünəməxsus müdafiə alyanslarının yaranmasının şahidi oluruq.

Belə olan təqdirdə, Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində təhlükəsizliklə bağlı əməkdaşlığın dərinləşdirilməsi xüsusi aktuallıq qazanır. Son illər təşkilat daxilində hərbi və xüsusi xidmət orqanları arasında məlumat mübadiləsinin gücləndirilməsi, informasiya təhlükəsizliyi üzrə ortaq platformanın yaradılması istiqamətində addımlar atılıb. Ekspertlər hesab edirlər ki, gələcəkdə TDT çərçivəsində vahid hərbi-siyasi blokun təşkili qaçılmaz olacaq. Azərbaycan Prezidenti İlham Əliyev TDT-nin Astana Sammitindəki çıxışında vurğulamışdı ki, müharibələrin, münaqişələrin alovlandığı bir dövrdə ölkələrin müdafiə potensialı onların əsas təhlükəsizlik zəmanətinə çevrilir. Dövlət başçısı açıq şəkildə bəyan etmişdi ki, üzv ölkələr arasında təhlükəsizlik, müdafiə və müdafiə sənayesi sahələrində əməkdaşlıq artırılmalıdır.

* * *

Türkdilli dövlətlərin ayrıca hərbi birliyinin, “Türk NATO-su”nun yaradılması ideyası vaxtaşırı gündəmə gətirilir. Əslində, Azərbaycan və Türkiyənin imzaladığı Şuşa Bəyannaməsi isə gələcəkdə yaradılacaq belə bir alyansın əsasını qoyub. Türk dövlətləri arasında ikitərəfli müqavilələrin, bəyannamələrin imzalanması təkcə ikitərəfli müttəfiqliyi gücləndirmir, həmçinin Türk Dövlətləri Təşkilatının güclənməsinə təkan verir. Gələcəkdə TDT-nin vahid ordusunun yaranmasına ikitərəfli sazişlərin imzalanması öz təsirini göstərəcək. TDT təkcə ortaq tarixi və mədəni kökləri deyil, həm də gələcəyə yönəlmiş güclü əməkdaşlıq iradəsini özündə birləşdirir. Bu qurum özündə türk dünyasının birliyini, həmrəyliyini və qarşılıqlı dəstəyini təcəssüm etdirir. Həm siyasi, həm iqtisadi, həm də hərbi sahədə artan imkanları ilə TDT regionda sabitliyin və inkişafın aparıcı qüvvəsinə çevrilməkdədir.

Türk Dövlətləri Təşkilatının qlobal miqyasda güclü qüvvəyə çevrilməkdə olduğu artıq danılmaz faktdır. Bu gücü təmin edən resurslar isə kifayət qədərdir. İlk olaraq, təşkilatın 4,8 milyon kvadrat kilometr ərazisi və əlverişli coğrafi mövqeyi xüsusi qeyd olunmalıdır. Bununla yanaşı, üzv dövlətlərin ümumi daxili məhsulu 4 trilyon dollara yaxınlaşır ki, bu da böyük iqtisadi potensial deməkdir. Ümumi əhalisi 200 milyona çatan təşkilat həm də böyük insan resurslarına sahibdir. Türk dövlətlərinin hərbi gücü də nəzərəçarpacaq səviyyədədir. Bütün bu göstəricilər birlikdə təşkilatın istənilən məqsədə nail ola biləcək gücə malik olduğunu sübut edir. TDT-nin perspektivləri daha geniş, iqtisadi və hərbi güc mərkəzi kimi beynəlxalq aləmdə söz sahibi olmaq imkanları realdır.

Türk dövlətləri bu günə qədər bir sıra ortaq hərbi təlimlər reallaşdırıblar. Azərbaycan və Türkiyə arasında əməkdaşlıq xüsusilə dinamik inkişaf edir. Yalnız 2023-cü ildə iki ölkə 10-dan çox birgə hərbi təlim keçirib. Regional əməkdaşlığın genişlənməsinin göstəricisi olaraq, ötən il “Birləşdik-2024” təlimlərinə Azərbaycanla yanaşı, Qazaxıstan, Qırğızıstan və Özbəkistan da qoşulub. Həmçinin bu günlərdə keçirilən “Sonsuz qardaşlıq – IV” çoxmillətli birgə xüsusi təyinatlıların iştirakı ilə keçirilən hərbi təlimlər müsəlman–Türk dünyası üçün mühüm hadisə kimi dəyərləndirilir. Təlimlərdə Azərbaycan, Qazaxıstan, Qətər, Özbəkistan, Pakistan və Türkiyənin xüsusi təyinatlı bölmələrinin iştirakı regional həmrəyliyin və strateji əməkdaşlığın bariz nümunəsidir.

Cəlil XƏLİOV,
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

Bu gün dünyada baş verən proseslər hər bir ölkədən təhlükəsizliyinə daha çox diqqət yetirməyi tələb edir. Təbii ki, bizi sevindirən məqamlardan biri də odur ki, Azərbaycan Ordusu dünya orduları sırasında önəmli yerlərdən birini tutur. Onun mənəvi-psixoloji durumu və hərbi hazırlıq səviyyəsi çox yüksəkdir. Bu da bizə ümid verir ki, sabah hər hansı təcavüz və ya təxribat cəhdinin qarşısını almaq üçün kifayət qədər imkan və bacarığa malikik. Bundan başqa, Azərbaycan Ordusu NATO ölkələrinin bəziləri və türk dövlətləri ilə hərbi əməkdaşlıq edir, təlimlər keçirir.

Azərbaycan TDT-yə üzv bir çox türk dövlətləri ilə hərbi əməkdaşlıq edir. Burada Türkiyə ilə sıx əməkdaşlığı xüsusi qeyd eyməliyik. Türkiyə Silahlı Qüvvələri dünyanın ən böyük və ən güclü ordularından biridir. Azərbaycan Ordusu isə bu təcrübədən faydalanaraq, təlimlərdə iştirak etməklə xidmət, taktiki və strateji metodları öyrənməyə çalışır.

Türk dövlətlərinin təhlükələrdən birgə müdafiəsi üçün yeni əməkdaşlıq modelləri, hətta xüsusi qurum yaradıla bilər. Görünür, əməkdaşlığın əsas hədəfərindən biri də budur. Gələcəkdə bu əməkdaşlıq genişmiqyaslı xarakter ala bilər. Bu ölkələrin orduları ilə bağlı, əməkdaşlıq sahəsində və istifadə olunan texnikalar barədə günbəgün geniş məlumatlar toplanır, təlimlərdə həmin texnikalardan istifadə olunur. Təlimlərdə, həmçinin əlaqələrin necə qurulması, təhlükələrin qarşısının hansı şəraitdə necə qarşısının alınması məsələləri müzakirə olunur və yeni sistemlərlə bu yanaşmalar mümkündür. Gələcəkdə belə bir qurumun yaradılması, təhlükəsizlik strukturlarının möhkəmləndirilməsi də mümkündür. Birgə hərbi bloka yaranarsa, Azərbaycanın və ya digər türk dövlətlərinin maraqlarına təhlükə olduqda, onlar birgə və vahid mövqedən çıxış edə bilərlər.

Azərbaycan yalnız ordu ilə deyil, eyni zamanda təhlükəsizlik orqanları, sərhəd qoşunları və digər qurumlar arasında da türk dövlətləri ilə əməkdaşlıq aparır.

Musa BAĞIRLI
XQ



Siyasət