Bu siyasət Fransaya baha başa gəlir
Qlobal siyasətdə Fransa artıq nüfuzunu itirir. Bir çox hallarda Makron hökumətinin neoimperialist siyasətinin uğursuzluğu açıq şəkildə özünü göstərir. İşin maraqlı tərəfi odur ki, Fransa hələ də müstəmləkələr üzərində nəzarəti qorumağa çalışır. Bunun üçün istifadə etdiyi diplomatik və zorakı vasitələr etirazlara səbəb olur, insan haqlarını məhdudlaşdıran addımlar müstəmləkələrdə kütləvi narazılığı gücləndirir. Makron administrasiyası etirazları idarə etməkdə çətinlik çəkir, Fransa ənənəvi müstəmləkələrində təsir imkanlarını sürətlə itirir. Uzun illər Parisin nəzarəti altında olan ölkələr suverenlik uğrunda mübarizələrini gücləndirirlər. Onlar Fransa ilə əlaqələri azaldır, hərbi kontingenti ərazilərindən çıxarırlar.
Müstəmləkələrdən qovulma Fransa iqtisadiyyatına birbaşa təsir göstərir, xammal defisiti yaradır. Paris uzun illər müstəmləkələrindən əldə etdiyi xammal üzərində iqtisadi üstünlük qurmuşdu. Neoimperialist siyasətin iflası Fransanı Afrika və digər xarici ölkələrdən tədarük olunan urandan da məhrum edib. Bu, ölkənin nüvə enerjisi istehsalını risk altında qoymaqla yanaşı, enerji sektorunda defisit yaradıb. Çünki nüvə enerjisi elektrik istehsalının 70 faizindən çoxunu təşkil edir və uran tədarükündə yaranan hər hansı məhdudiyyət enerji təhlükəsizliyinə birbaşa təsir göstərir. Ümumilikdə müşahidə olunan xammal qıtlığı sosial siyasətə də təzyiq göstərir. İstehsalın azalması, idxal-ixrac balansının pozulması, strateji resursların çatışmazlığı hökuməti yeni iqtisadi və diplomatik addımlar atmağa məcbur edir.
Tarix təkrarlanır. 1950–60-cı illərdə də müstəmləkələrindən məhrum olması Fransanın xammal təminatına birbaşa təsir göstərmişdi. Əlcəzairin 1962-ci ildə müstəqillik qazanması ilə rəsmi Parisin uran və neft tədarükündə ciddi defisit yaranmışdı. Həmin dövrdə Niger və Mali kimi Afrika ölkələrindən gələn qızıl, dəmir resursları da Fransa sənayesi üçün əhəmiyyət daşıyırdı. Xammal itkisi Fransanın sənaye və enerji sektorunu risk altına qoymuş, iqtisadi fəaliyyətin səmərəliliyini azaldaraq daxildə gərginliyi artırmışdı. Qabon, Kamerun, Mavritaniya, ÇAD-ın Fransa neokolonializmindən qurtulması neft, qızıl, mis və digər metal resurslarının tədarükündə fasilələr yaratmışdı. Fransanın Avropa İttifaqı daxilindəki mövqeyi də zəifləyir. Almaniya və İtaliya xammal bazarında üstünlük əldə edir və Parisin Avropadakı liderlik imkanlarını məhdudlaşdırır. Fransanın daxili siyasətində və iqtisadi strukturunda baş verən dəyişikliklər cəmiyyətə də dərhal təsir göstərməyə başlayıb. Makron hakimiyyəti büdcə xərclərini ciddi şəkildə ixtisar edərək sosial və humanitar sahələr üçün ayrılan vəsaiti məhdudlaşdırıb. Belə bir şəraitdə Fransa iqtisadiyyatının çöküş mərhələsində olması həm sosial təminat, həm də əhalinin rifahının ciddi şəkildə azalmasına gətirib çıxarıb. Cəmiyyətin müxtəlif təbəqələri hökumətin iqtisadi siyasətindən narazıdır və bu narazılıq xüsusilə az gəlirli və orta təbəqələrdə daha kəskin görünür. Artan sosial xərclər, hökumət dəstəyinin məhdudlaşdırılması və hərbi büdcəyə yönələn prioritetlər vətəndaşların gündəlik həyatını çətinləşdirib. Son günlər ölkədaxili vəziyyət xüsusilə gərginləşib. Fransada “sarı jiletlilər”in qiyamı dövründə müşahidə olunan etiraz hərəkatları yenidən təkrarlanır. Ölkəni genişmiqyaslı tətil dalğası bürüyüb və Makron hakimiyyətinə qarşı sosial narazılıq kütləvi aksiyalara çevrilib. Küçələrə axışan vətəndaşlar həm hökumətin iqtisadi siyasətini, həm də sosial təminatın azaldılmasını tənqid edir, dərhal siyasi qərarlarda dəyişiklik tələb edirlər. Hazırda kütləvi etirazlar Fransanın 250-dən çox şəhərində müxtəlif səviyyədə davam edir və həyatı iflic vəziyyətinə salıb. Son aksiyalara bir milyondan artıq vətəndaş qoşulub. Bu, Fransada siyasi iştirakçılığın genişləndiyini və hökumətə qarşı ictimai reaksiyanın kəskinləşdiyini göstərir. Kütləvi etirazlar sosial-iqtisadi narazılıqla yanaşı, siyasi təzyiq vasitəsinə çevrilib. Vətəndaşlar Makron hökumətindən istefa və qərarların dərhal dəyişdirilməsini tələb edirlər. Rəsmi Paris həm daxili, həm də xarici siyasətdə koordinasiyanı təmin etməkdə çətinlik çəkir. Bu, Makronun strategiyasının həm sosial, həm də iqtisadi səviyyədə uğursuzluğunun əyani sübutudur.
Baş verən hadisələrin qarşısında Makron çaşbaş qalıb. Daxildəki etirazların qarşısını almaq üçün yüz minə yaxın polis və jandarm qüvvəsi səfərbər edilib. Kütləvi etiraz aksiyalarına qatılan vətəndaşlara qarşı zorakı tədbirlər görülür, çoxsaylı həbs hallarının baş verməsi narazılığı daha da artırır. Polis qüvvələrinin genişləndirilməsinə baxmayaraq, rəsmi Paris etirazlara nəzarəti saxlamaqda çətinlik çəkir. Bu isə Fransanın bir çox şəhərində aksiyaların artıq kütləvi iğtişaşlara çevrilməsi ilə nəticələnir. Paytaxt Paris xüsusi olaraq gərgin vəziyyətlə üzləşib. Şəhərdə həyat iflic olub, etirazçılar həm dövlət, həm də özəl obyektlərə basqınlar edərək böyük dağıntılar törədirlər. Bu, hökumətin daxili siyasət strategiyasının səmərəsizliyini göstərir və sosial-siyasi böhranın dərinləşdiyini ortaya qoyur. Makron hakimiyyətinin qərarları və iqtisadi siyasət addımları cəmiyyət tərəfindən qeyri-humanist və ədalətsizlik kimi qəbul edilir.
Sonda demək olar ki, Fransanın müstəmləkələrdə uzun illər davam etdirdiyi zorakı müdaxilə siyasəti indi “bumeranq” effekti kimi hökumətə geri dönür. Makron hökuməti bu gün neokolonializm siyasətinin karmasını yaşayır.
Yeganə HACIYEVA,
politoloq
Müstəmləkəçilik Fransa dövlətçiliyinin əsas sütunlarından biridir. Tarixin bütün mərhələlərində ideologiya dəyişsə də, onun mahiyyəti dəyişməyib. Bu gün Fransa hələ də müxtəlif xalqları müstəmləkəçilik siyasəti əsasında istismar edir, əsarət altında saxlayır. Son illər Emmanuel Makronun uğursuz və səriştəsiz fəaliyyəti nəticəsində Fransa həm daxili, həm də xarici siyasətdə ciddi parçalanmalarla üzləşib. Daxildə Fransa cəmiyyətini birləşdirən ümumimilli dəyərlər sıradan çıxarılıb. Nəticədə daxili parçalanmalar Fransanın xarici siyasətinə də sirayət edib. Çünki daxili böhranlar nəzərə alınmadan yürüdülən xarici siyasət iqtisadi geriləməyə gətirib çıxarır. Büdcə kəsirləri, sosial ehtiyacların artması və kütləvi etirazlar məhz bu səbəbdən yaranıb. Fransa defisitə nəzarət mexanizmi tətbiq etmədiyi üçün təhlükə ilə üzləşib. Ölkənin xarici borcu ÜDM-in 110 faizinə yaxındır və dövlət borcuna xidmət baha başa gəlir. Bunun səbəblərindən biri Emmanuel Makronun Fransa tarixinin ən zəif və ən səriştəsiz prezidenti olmasıdır. Tarixən bütün qüsurlarına baxmayaraq, Fransanın beynəlxalq imici vardı – insan haqları və demokratiya kimi dəyərlər üzərində qurulmuş saxta bir “fasad”. Makron idarəçiliyi dövründə bu fasad tamamilə uçub. Fransanın “demokratik imici”nin, əslində, yalnız xarici təqdimat üçün uydurulmuş görüntü olduğu bir daha üzə çıxdı. Bugünkü etirazların əsas səbəbi məhz Makronun şəxsi səriştəsizliyidir. Sosial ziddiyyətlər və fikir ayrılıqları getdikcə daha da dərinləşir və bu qarşıdurma Fransanı daxili parçalanmaya aparır. Əslində, rəsmi Paris artıq parçalanma prosesinə qədəm qoyub. Müstəmləkələrindən biri bu il müstəqilliyini qismən elan etdi. Prosesin davamında digər bölgələr müstəqillik tələb edəcək. Bu isə Fransanı qarşıda daha da çətin sınaqların gözlədiyini göstərir.
Nəzrin ELDARQIZI
XQ