Azərbaycanın postmünaqişə təcrübəsi dünyaya yol göstərir

post-img

WUF13 çərçivəsində keçirilən Nazirlər Görüşündə 70-dək ölkədən nazir və nazir müavini iştirak edib

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) Azərbaycanın işğaldan azad edilimiş ərazilərdə həyata keçirdiyi quruculuq fəaliyyəti xüsusi diqqət mərkəzində oldu. Forum iştirakçıları Qarabağ və Şərqi Zəngəzurda aparılan yenidənqurma işlərini “yüksək səviyyəli və heyranedici” adlandırdılar. WUF13-ün yekun sənədi olan “Bakı Fəaliyyətə Çağırış” bəyannaməsində Azərbaycanın postmünaqişə bərpa siyasətinin qlobal əhəmiyyəti xüsusi vurğulandı. 

Yekun sənəddə urbisid, kultursid və ekosid nəticəsində dağıdılmış ərazilərin bərpası baxımından Azərbaycanın təcrübəsi effektiv model kimi qiymətləndirilib və bu istiqamətdə ölkəyə beynəlxalq həmrəylik və dəstək ifadə olunub. 

Nazirlər Görüşünün “Sədrin xülasəsi” sənədinin “Bakı Fəaliyyətə Çağırış” və BMT-nin “Yeni Şəhər Gündəliyi”nin icrasına dair aralıq icmal prosesinə mühüm töhfə verəcəyi şübhəsizdir. Həmçinin sənəddə Azərbaycanın təcrübəsinin müharibədən zərər çəkmiş ölkələr üçün praktik nümunə və yol xəritəsi ola biləcəyi vurğulanıb.

Azərbaycanın bərpa strategiyası təkcə fiziki quruculuqla məhdudlaşmır. İşlər tamamilə yeni yanaşma ilə aparılır və “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyasına əsaslanır. Bu modelin ilk nümunəsi Zəngilanın Ağalı kəndində reallaşdırılıb. Ağalı bu gün rəqəmsal idarəetmə, yüksək sürətli internet, alternativ enerji sistemləri və ağıllı kənd təsərrüfatı texnologiyaları ilə seçilən müasir yaşayış məntəqəsidir.  Sakinlərin gündəlik həyatını asanlaşdıran rəqəmsal xidmət mərkəzləri və yeni məşğulluq imkanları göstərir ki, postmünaqişə zonalarında bərpa prosesi yalnız fiziki tikinti ilə məhdudlaşmır, həm də insan həyatının keyfiyyətinin yüksəldilməsinə xidmət edir.

Digər mühüm istiqamət işğaldan azad edilmiş ərazilərin “Yaşıl Enerji Zonası” elan edilməsidir. Bu yanaşma təkcə enerji istehsalı deyil, həm də ekoloji tarazlığın bərpası və iqlim dəyişmələrinə qarşı mübarizəyə töhfə verir. Bölgənin su, günəş və külək enerjisi potensialı mərhələli şəkildə iqtisadi dövriyyəyə cəlb olunur. Şərqi Zəngəzurun və Qarabağın zəngin hidroenerji potensialı bərpaolunan enerjiyə keçidin əsas hərəkətverici qüvvəsinə çevrilib. Xüsusilə Kəlbəcər və Laçın rayonlarında çayların potensialından maksimum istifadə edilərək onlarla kiçik su elektrik stansiyası (KSES) bərpa edilib və sıfırdan tikilib. Kəlbəcərdə Lev çayı üzərində qurulan “Kəlbəcər-1” stansiyası, eləcə də “Aşağı Vəng”, “Çıraq-1”, “Çıraq-2” və Laçındakı “Aşağı Malıbəy”, “Şeylanlı” və ş. kimi hidrostansiyalar artıq ölkənin ümumi şəbəkəsinə qoşularaq regiona tam ekoloji təmiz işıq verir. Düzənlik və dağətəyi rayonlarda isə günəş və külək layihələrinə milyardlarla investisiya yatırılır. 

Azərbaycanın postmünaqişə dövründə həyata keçirdiyi quruculuq işlərini unikal  prosesə çevirən digər amil bərpa və yenidənqurma layihələrinin paralel, yəni eyni vaxtda və kompleks şəkildə aparılmasıdır. Dövlətimiz sadəcə binalar tikmir; eyni zamanda beynəlxalq nəqliyyat dəhlizləri, dəmir yolları, magistrallar və ən müasir sosial infrastruktur şəbəkəsi qurulur. Beynəlxalq hava limanları bu baxımdan xüsusi strateji əhəmiyyət daşıyır. Qarabağın hava qapısı sayılan Füzuli Beynəlxalq Hava Limanı cəmi 8 ay ərzində istifadəyə verildi. Daha sonra Zəngilan və Laçın beynəlxalq hava limanlarının açılması regionun dünya ilə birbaşa əlaqəsini təmin etdi. Bu hava limanları yalnız sərnişin daşımaları üçün deyil, həm də Qarabağın gələcəkdə beynəlxalq logistika və turizm mərkəzinə çevrilməsi üçün mühüm rol oynayır.

Hava limanları ilə paralel olaraq, regionu ölkənin digər şəhərlərinə və beynəlxalq dəhlizlərə bağlayan nəhəng quru nəqliyyatı infrastrukturu yaradılır. Ümumi uzunluğu minlərlə kilometr olan Zəfər yolu, Füzuli–Şuşa, Toğanalı–Kəlbəcər–İstisu, Kəlbəcər–Laçın avtomobil yolları, habelə dağların altından keçən və mühəndislik möcüzəsi sayılan çoxsaylı tunellər Şərqi Zəngəzuru və Qarabağı keçilməz coğrafiyadan müasir logistik qovşağa çevirib. Eyni zamanda, Bərdə–Ağdam və Horadiz–Ağbənd dəmir yolu xətlərinin çəkilməsi, gələcəkdə regionun beynəlxalq yükdaşımalara və Orta Dəhlizə tam inteqrasiyasına zəmin hazırlayır. Yollar və hava limanları ilə eyni vaxtda sakinlər üçün həyati əhəmiyyət kəsb edən sosial infrastruktur obyektləri qurulur. Məktəblər, bağçalar və xəstəxanalar istifadəyə verilir. Şuşa, Ağdam, Füzuli, Laçın, Kəlbəcər və Cəbrayılda ən müasir tibb mərkəzləri, modul tipli xəstəxanalar, habelə beynəlxalq standartlara cavab verən müasir məktəb binaları inşa edilib. 

Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında həyata keçirilən bu nəhəng tikinti-bərpa marafonu barədə iştirakçılara ətraflı məlumat verildi. “Böyük Qayıdış” proqramı artıq qlobal humanitar layihələr arasında yeni model kimi qiymətləndirilir. Hazırda 90 minə yaxın insan yenidən qurulan şəhər və kəndlərə köçürülüb, onlar üçün bütün zəruri yaşayış şəraiti yaradılıb. Onların qayıtdığı ilk gündən qaz, su, elektrik, rabitə, səhiyyə və təhsil xidmətləri ilə təmin olunması dövlətin sosial siyasətinin mühüm göstəricisi sayılır. Maraqlıdır ki, 30 illik işğal zamanı tamamilə dağıdılmış, daşı daş üstündə qalmayan Qarabağ və Şərqi Zəngəzurda sıfırdan başlayan bu quruculuq işləri Azərbaycanın öz daxili maliyyə imkanları və intellektual gücü hesabına həyata keçirilir.

Şübhəsiz ki, dünyadakı bir çox postmünaqişə təcrübələrindən fərqli olaraq, Azərbaycanın layihələri eyni vaxtda və paralel şəkildə aparması beynəlxalq mütəxəssislər tərəfindən heyranlıqla qarşılanır. Bunlar Nazirlər Görüşünün tribunasındakı çıxışlarda da xüsusi olaraq vurğulandı. 

Bütün bunlar göstərir ki, Azərbaycan postmünaqişə dövrünün ağır sınaqlarını böyük inkişaf və intibah mərhələsinə çevirməyi bacarıb. Qarabağ və Şərqi Zəngəzurda formalaşan yeni inkişaf modeli artıq yalnız milli layihə deyil, həm də beynəlxalq səviyyədə öyrənilən və nümunə kimi təqdim olunan təcrübəyə çevrilir. Müharibənin dağıtdığı torpaqlarda qurulan yeni həyat Azərbaycanın siyasi iradəsini, iqtisadi gücünü və gələcəyə yönəlmiş strateji baxışını bütün dünyaya nümayiş etdirir. 

Bakıda düzənlənən Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasını –WUF13-ü izləyən beynəlxalq ictimaiyyət əmin oldu ki, müharibənin ağır nəticələri ilə üzləşən, şəhər və kəndləri dağıdılan ölkələr üçün Azərbaycanın təcrübəsi yol xəritəsidir.

Pünhan ƏFƏNDİYEV

XQ

 

Siyasət