9 İyun – Milli Qurtuluşa aparan yolun başlanğıcı

post-img

Elə şəxsiyyətlər var ki, zamanın axarını izləmirlər, onu dəyişirlər. Bir çox liderlər isə təkcə bir dövrün deyil, bütöv bir xalqın taleyinə çevrilirlər. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev məhz belə tarixi şəxsiyyətlərdəndir. Onun adı müasir Azərbaycan dövlətçiliyinin xilası, möhkəmləndirilməsi və inkişafı ilə ayrılmaz surətdə bağlıdır. Azərbaycanın müstəqillik tarixində elə günlər var ki, onlar sadəcə təqvim hadisəsi deyil, xalqın taleyini dəyişən dönüş nöqtəsidir. 1993-cü il iyunun 9-u da belə günlərdəndir. Bu tarix Milli Qurtuluşa aparan yolun başlanğıcı, dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilasının ilk addımı kimi tarixə həkk olunub.

1991-ci ildə dövlət müstəqilliyini bərpa edən Azərbaycan çox keçmədən ciddi daxili və xarici təhdidlərlə üz-üzə qaldı. Ölkədə siyasi hakimiyyət böhranı dərinləşir, idarəetmə sistemi iflic vəziyyətinə düşür, iqtisadi tənəzzül güclənir, Ermənistanın hərbi təcavüzü nəticəsində torpaqlarımız işğal olunurdu. Dövlət institutları zəifləyir, cəmiyyətdə qarşıdurma meyilləri artır, ölkə faktiki olaraq vətəndaş müharibəsi həddinə yaxınlaşırdı. 1993-cü ilin iyun hadisələri Azərbaycanın müstəqilliyini və dövlət varlığını ciddi təhlükə altında qoymuşdu.

Belə mürəkkəb və taleyüklü məqamda xalqın ümid ünvanı yenə də Heydər Əliyev oldu. O dövrdə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri olan Heydər Əliyev xalqın və ölkənin siyasi dairələrinin təkidli tələbi ilə 1993-cü il iyunun 9-da Bakıya gəldi. Bu qayıdış adi siyasi hadisə deyil, dövlətçilik tariximizin dönüş nöqtəsi idi. Xalq öz xilaskarına üz tutmuş, ölkənin gələcəyini onun siyasi uzaqgörənliyinə etibar etmişdi.

Heydər Əliyevin Bakıya qayıdışı ilə ölkədə vəziyyətin sabitləşdirilməsi istiqamətində qətiyyətli addımlar atıldı. O, həyatını təhlükəyə ataraq Gəncəyə getdi, qarşıdurmanın genişlənməsinin və vətəndaş müharibəsinin qarşısını almaq üçün mühüm danışıqlar apardı. Məhz onun siyasi müdrikliyi, dövlətçilik təcrübəsi və xalq arasında malik olduğu böyük nüfuz ölkəni parçalanmaq təhlükəsindən xilas etdi.

İyunun 9-da başlanan bu xilas missiyası cəmi bir neçə gün sonra öz məntiqi nəticəsini verdi. 1993-cü il iyunun 15-də Heydər Əliyev Azərbaycan Respublikası Ali Sovetinin Sədri seçildi. Sonralar bu tarix Milli Qurtuluş Günü kimi tariximizə daxil oldu. Lakin hər bir böyük nəticənin başlanğıcı olduğu kimi, Milli Qurtuluşun da başlanğıcı məhz 9 iyun idi. Bu gün Azərbaycan dövlətçiliyinin xilasına aparan yolun ilk addımı, xalqla liderin tarixi vəhdətinin təcəssümü kimi qiymətləndirilir.

Ümummilli Liderin hakimiyyətə qayıdışından sonra ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət quruculuğu prosesi sistemli xarakter aldı, nizami ordu formalaşdırıldı, iqtisadi islahatların təməli qoyuldu. Azərbaycanın beynəlxalq aləmdə mövqeləri möhkəmləndi, dövlət müstəqilliyi dönməz xarakter aldı. Sonrakı illərdə əldə olunan bütün uğurların təməlində məhz 1993-cü ilin iyununda verilmiş tarixi qərarlar dayanırdı.

Bu gün qalib, güclü və suveren Azərbaycan öz tarixinin ən qüdrətli dövrünü yaşayırsa, bunun əsasında Heydər Əliyevin müəyyənləşdirdiyi dövlətçilik strategiyası dayanır. Ulu Öndərin əsasını qoyduğu siyasi kurs Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilərək ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpası ilə yeni tarixi zirvələrə yüksəldilib.

9 iyun tarixi bizə bir həqiqəti xatırladır: dövlətləri yalnız silah deyil, müdrik liderlik, milli birlik və xalqın öz gələcəyinə inamı qoruyur. Azərbaycan xalqı 1993-cü ilin ağır günlərində bu birliyi Heydər Əliyevin ətrafında nümayiş etdirdi və bununla da öz dövlətini qorumağa nail oldu.

Aradan illər keçsə də, 9 iyun yalnız bir tarix kimi deyil, milli yaddaşımızda xilasın başlanğıcı, dövlətçiliyimizin yenidən dirçəliş nöqtəsi kimi yaşayır. Bu gün həmin tarixi hadisələrə nəzər salarkən bir daha əmin oluruq ki, xalqın taleyində elə anlar olur ki, həmin anlarda verilən qərarlar gələcək onilliklərin müqəddəratını müəyyənləşdirir. 1993-cü il iyunun 9-u da məhz belə bir gün idi - Azərbaycanın qurtuluş yoluna qədəm qoyduğu, dövlətçiliyimizin xilası naminə böyük dönüşün başladığı gün.

Nurəngiz Adilqızı

XQ

 

Siyasət