Ermənistanla bağlı niyə arxayınlaşmaq olmaz?
Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Ermənistanda iyunun 7-də keçirilmiş parlament seçkilərini qiymətləndirib. Daha doğrusu, seçkiyə ölkəsinin mövqeyini bildirib. Bəri başdan deyək ki, Zaxarovanın söylədikləri heç bir diplomatik etiketə sığmır. Çünki o, prosesə, sanki, erməni müxalifətinin təmsilçisi qiyafəsində yanaşır. Seçkilərdə qanun pozuntularına yol verildi, administrativ təzyiqlər və repressiyalar oldu və sair. Bütün bunlar hay əks-cinahının ritorikasıdır. Elə Zaxarovanın da. Ancaq məqsədimiz nə onun müxalifətçiliyindən söz açmaqdır, nə də rəsmi şəxsə yaraşmayan üslubundan. Diqqətə çatdırmaq istədiyimiz mətləb başqadır və bu məsələnin həm Rusiya, həm Qərb, həm də hazırkı erməni iqtidarı ilə əlaqə payı var.
M.Zaxarova bildirib ki, Ermənistanda keçirilmiş seçkilər cəmiyyətdə mövcud olan dərin böhranı əyani şəkildə nümayiş etdirdi. Görəsən, o, niyə bu qənaətdədir? Həqiqətən, parlament seçkilərinin nəticələri erməni cəmiyyətində revanşistlərin və şovinistlərin hələ də müəyyən söz sahibi olduqlarını göstərdi. Yəni erməni hakim komandasının onları gözdən salmasına rəğmən, proses göstərdi ki, azacıq arxayınlıq yaransa, həmin revanşist və şovinistlər yenidən iqtidara yiyələnə bilərlər. Bu mənada Paşinyan və tərəfdarları sayıqlığı əldən verməməlidirlər, bu, öz yerində. Ancaq məsələnin başqa tərəfi var.
Məsələ Zaxarovanın vurğuladığı böhran məntiqindədir və heç şübhəsiz, qarşıdakı müddətdə onun dinamikası Ermənistanın siyasi axarını müəyyənləşdirəcək. Yəni Rusiya XİN təmsilçisinin təbirincə desək, hadisələr dərin məcraya qədəm qoya bilər və bunun qarşısı alınmalıdır. Necə alınmalıdır? Əlbəttə ki, real işlərlə. Real işlər o qədər sistemli və ardıcıl həyata keçirilməli, o qədər rifah gətirməlidir ki, sülh və müharibə tərəfdarları arasındakı balans birincinin xeyrinə yüksəlsin. Paşinyan iqtidarı seçkini sülh egidası ilə udubsa, sülhün faydaları özünü gözlətməməli, erməni xalqının Nikola və komandasına etimad göstərən hissəsi, ümumən, bütün vətəndaşlar həyatlarının müsbətə doğru dəyişdiyini əyani şəkildə görməlidirlər.
* * *
Qərb 7 iyun seçkilərində hazırkı erməni iqtidarına dəstək göstərdi. Amma birmənalı şəkildə demək olmaz ki, Paşinyan və tərəfdarları, bilavasitə, bu dəstəyin nəticəsində qalib oldular. Nikol komandası ilə birlikdə, sözün əsl mənasında, iş apardı. İş apardı və ilk növbədə sadə haylara barış mühitinin faydalarını anlatdı. Mövcud trayektoriyada sıravi ermənilər Qərbin Ermənistana fövqəladə diqqətini də gördülər. “Avropa Siyasi Birliyi”nin mayda İrəvanda keçirilən VIII Zirvə toplantısı Ermənistanı, bir növ, Avropa məkanının bir hissəsinə çevirdi. Erməni xalqının Paşinyanı dəstəkləyən kəsimi bu görüntüdəki gözləntiyə də səs verdi.
...İndi gözləntilərin doğrulması zamanıdır. Onlar doğrulduqca, şübhəsiz, Ermənistandakı ənənəvi destruktiv baxış tərəfdarlarının sırası seyrələcək. Axı insanlara nə lazımdır? Təminatlı yaşamaq. Necə deyərlər, ac qılınca çapar. Nəzərə alaq ki, çarəsizliyi, ehtiyacı və itirəcək heç nəyi olmayan insanın istənilən təhlükəyə və ya çətinliyə gözüyumulu, heç nədən qorxmadan getməsi reallığı var.
Ermənilər ac qalmamalıdırlar. Ac qalacaqları təqdirdə nicat yolunu revanşistlərin və şovinistlərin saxta vədlərinə inanmaqda görəcəklər. Bu dəfə də görənlər, daha doğrusu, inananlar tapıldı. Azərbaycanla açıq düşmənçiliyi, Türkiyəyə nifrəti təbliğ edən Samvel Karapetyanın düşərgəsi səslərin 28 faizə yaxınını topladı. Qarabağ avantürasını seçki şüarına çevirmiş keçmiş prezident Robert Koçaryanın blokunun da parlamentdə təmsil olunacaq qədər səs toplaması ayrıca vurğulanmalıdır. Halbuki Nikol seçkini keçmişin qalıqlarını siyasi səhnədən silib atmaq meydanı kimi dəyərləndirmişdi. Mahiyyətcə, onun dediyi reallaşmadı və bu mənada, Paşinyanın təmsil etdiyi partiyanın qələbəsini, müəyyən mənada, “Pirr qələbəsi”, yəni məğlubiyyətə bərabər qələbə də adlandırmaq mümkündür.
Ermənistandakı iki destruktiv cinahın birlikdə topladıqları səslərin sayının az olmaması düşünməyə vadar edir. Paşinyan iqtidarı və onun xaricdəki tərəfdarları, bütövlükdə, Qərb aləmi düşünməlidir. Özü də vaxt itirmədən və ciddi şəkildə. Hesab edirik ki, rəhbərlik etdiyi “Mülki müavilə” seçki qalibinə çevrildikdən sonra Nikolun Azərbaycan və Türkiyə ilə sülh mesajı səsləndirməsi bu düşüncənin nəticəsidir.
Bəli, İrəvan Bakı ilə barışı institutsionallaşdırmalı, paralel sürətdə Ankara ilə əlaqələrin normallaşmasında qətiyyət nümayiş etdirməlidir. Ən əsası isə Paşinyan və komandası bu iki prosesə eyni pəncərədən baxmağı bacarmalıdır. Bacarmalıdır ki, Ermənistan real fayda və mənfəət yoluna qədəm qoysun. Elə bir fayda ki, bilavasitə əhalinin güzaranında əksini tapsın.
* * *
Qərb də düşünməli və Ermənistanı yalnız kağız parçaları ilə “bəsləməməlidir”. Ümumən, ölkənin bəslənməsinə ehtiyac yoxdur. Necə deyərlər, quyuya su tökməklə sulu olmaz. Habelə, ermənilərə hazır balıq vermək yox, balıq tutmağı öyrətmək lazımdır. Bunun tək yolu isə Ermənistanın, sözün əsl mənasında, regional müstəvidə təmsilçiliyidir. Bu təmsilçilik ötən 6 ilin xoşagəlməz tendensiyasına əsaslanmamalıdır. Heç bir halda erməni amili region ölkələrinə, xüsəsən, Azərbaycana və Türkiyəyə qarşı təzyiq aləti kimi istifadə edilməməlidir.
Erməni amili özünə konflikt məntiqindən kənar, dinc yaşam immuniteti qazanmalıdır. Ona görə qazanmalıdır ki, parlament seçkiləri Rusiyanın timsalında münaqişə körükçülərinin irəli gedə bildiklərini göstərdi. Nəzərə alaq ki, azacıq arxayınlıq və ehtiyatsızlıq şəraitində onlar daha böyük üstünlük qazana bilərdilər. O zaman Qərb nə edəcəkdi? Aydındır ki, uzaqdan-uzağa mənasız bəyanatlar heç nəyi dəyişdirməyəcəkdi.
* * *
Sonda yenidən M.Zaxarovanın parlament seçkilərinin Ermənistanda dərin böhranı göstərməsinə dair fikri üzərində dayanaq. Bəli, diplomat xanım haqlıdır. Ancaq onun haqqı ümiddən qaynaqlanır. Mövcud məqama aydınlıq gətirərək bildirək ki, Rusiya iyunun 7-də Ermənistan cəbhəsində yenidən məğlubiyyətlə üzləşdi. Doğrudur, 2021-ci il seçkiləri ilə müqayisədə Paşinyanın “Mülki müavilə”si bu dəfə nisbətən az səs topladı. Amma...
Məsələ ondadır ki, Rusiya 2021-ci ildə 2020-ci ilin 44 günlük müharibəsindəki acınacaqlı məğlubiyyətlə üzləşmiş hay hakim komandasına qarşı R.Koçaryanın Ermənistan Alyansını çıxarmış və bu qruplaşma səslərin 21 faizini toplamışdı. Bu dəfə koçaryançıların səs faizi 10-a çatmadı. Həm də ona görə ki, Moskva siyasi sərmayəsini Samvel Karapetyanın Güclü Ermənistan bloku üzərinə yatırmış, obrazlı desək, bir atımlıq barıta ümid bəsləmişdi. Ümid özünü doğrultmadı. Rusiyanın isə başqa Karapetyanı yoxdur. Deməli, dərin böhranı saxlamaq aləti istisnadır. Yəqin Zaxarova məhz buna görə əsəbləşir, diplomata yaraşmayan tona üstünlük verir. Nə deyək, ona yalnız su içməyi məsləhət görə bilərik.
Ə.RÜSTƏMOV
XQ


