XİN-in xəbərdarlığı haradan qaynaqlanır?
Müharibələrin yaratdığı insan itkiləri artıq yalnız döyüşən dövlətlərlə məhdudlaşmır, başqa ölkələrin vətəndaşları da müxtəlif səbəblərdən bu münaqişələrin qurbanına çevrilirlər. Həlak olanlar, yaralananlar və itkin düşənlər arasında Azərbaycan vətəndaşlarının da olması təhlükənin miqyasını və münaqişə zonalarında yaranan risklərin yüksək olduğunu nümayiş etdirir.
Bu mənada, Xarici İşlər Nazirliyinin dünən yaydığı bəyanat mövcud təhlükəsizlik reallıqları fonunda vətəndaşlara ünvanlanan ciddi xəbərdarlıq kimi qiymətləndirilə bilər. Bəyanatda deyilir: “Məlumdur ki, mövcud beynəlxalq təhlükəsizlik mühitində daha da artan gərginlik, müxtəlif regionlarda, o cümlədən Ukrayna və Yaxın Şərqdə davam edən silahlı münaqişələr beynəlxalq sülh və təhlükəsizlik üçün ciddi təhdid olaraq qalmaqdadır. Təəssüf ki, belə ərazilərdə olan Azərbaycan vətəndaşlarının silahlı toqquşmalar və hərbi əməliyyatlar nəticəsində həlak olması və ya müxtəlif dərəcəli bədən xəsarətləri alması halları qeydə alınır”.
Bəyanatda qeyd edilir ki, bu cür hadisələr münaqişə zonalarında və onların yaxınlığında yerləşən ərazilərdə təhlükəsizlik risklərinin son dərəcə yüksək olduğunu bir daha nümayiş etdirir və həmin bölgələrə səfər edən və ya fəaliyyət göstərən vətəndaşlarımızın həyat və sağlamlığı üçün ciddi təhlükələr yaradır: “Bu kontekstdə vətəndaşlarımıza xarici ölkələrə səfər etməzdən əvvəl təhlükəsizlik vəziyyətini diqqətlə qiymətləndirmələrinə, rəsmi dövlət qurumlarının xəbərdarlıq və tövsiyələrini nəzərə almalarına, münaqişə və hərbi əməliyyatların aparıldığı ərazilərə səfərlərdən yayınmalarına bir daha çağırış edirik. Bununla yanaşı, vətəndaşların muzdlu və ya könüllü əsasda xarici dövlətlərin ərazisində silahlı münaqişələrdə və hərbi əməliyyatlarda hər hansı bir formada iştirakının Azərbaycan qanunvericiliyinə uyğun olaraq cinayət məsuliyyəti doğurduğunu bir daha diqqətə çatdırırıq”.
***
Qeyd edək ki, xarici işlər naziri Ceyhun Bayramov bəyanatın verilməsindən bir gün öncə – iyunun 8-də İstanbulda Türkiyə–Azərbaycan–Gürcüstan xarici işlər nazirlərinin üçtərəfli görüşündən sonra keçirilən birgə mətbuat konfransında bu barədə danışmışdı. Nazir demişdi ki, hər bir müharibə çox ciddi riskləri özündə ehtiva edir və onu vahid coğrafiya və ya qaydalar daxilində proqnozlaşdırmaq mümkünsüzdür. Onun sözlərinə görə, Azərbaycan dövləti hər zaman savaşın dayandırılması, diplomatik həll yolunun tapılması, ən azı, ilkin mərhələdə atəşkəsin əldə edilməsi, daha sonra davamlı sülhə nail olunması üçün addımların önəmini qeyd etmişdi: “Biz bu gün Rusiya–Ukrayna müharibəsinin coğrafiyasının genişlənməsinin şahidi oluruq, bunun faciəvi təsirlərini izləyirik. Üç gün bundan öncə 2 yük gəmisinə edilən dron hücumu nəticəsində 4 Azərbaycan vətəndaşı həlak olub, 4-ü isə yaralanıb. Bu savaş davam etdikcə, belə hallardan heç kim sığortalanmayıb. Hərbi münaqişələrin dayandırılması çox önəmlidir. Bu, ilk olaraq, münaqişə tərəfləri üçün böyük fəlakətlər gətirir, eyni zamanda, daha geniş coğrafiyada qonşu ölkələrə, region ölkələrinə və qlobal mənada ciddi təhdid yaradır”.
Ölkəmizin xarici siyasət qurumunun bu çağırışından bir sutka ötməmiş verdiyi bəyanat təsadüfən səsləndirilmiş müraciət deyil. Bu xəbərdarlıq son illərdə dünyanın müxtəlif bölgələrində baş verən hadisələrin, xüsusilə də Azərbaycan vətəndaşlarının zərər çəkdiyi insidentlərin fonunda ortaya çıxıb. Beynəlxalq münasibətlər sistemində gərginliyin artdığı, bir neçə bölgədə eyni vaxtda müharibə və silahlı qarşıdurmaların davam etdiyi şəraitdə təhlükə anlayışı artıq yalnız həmin ölkələrin vətəndaşları ilə məhdudlaşmır. Münaqişələr min kilometrlərlə uzaqda yaşayan insanların da həyatına təsir göstərir.
Ukraynada 4 ildən çoxdur davam edən müharibə bunun aydın nümunələrindən biridir. Müharibənin ilk aylarından etibarən həm Ukrayna, həm də Rusiya tərəfdə müxtəlif ölkələrdən olan şəxslərin döyüşlərə qoşulması, könüllü dəstələrdə və ya digər silahlı birləşmələrdə iştirak etməsi barədə məlumatlar yayılıb. Açıq mənbələrdə zaman-zaman Azərbaycan vətəndaşlarının da bu müharibədə həlak olması və ya yaralanması barədə xəbərlər yer almaqdadır. Lakin döyüş bölgələrində baş verən hadisələrin tam statistikasını müəyyənləşdirmək çətin olduğundan dəqiq rəqəmlər barədə vahid məlumat mövcud deyil. Buna baxmayaraq, müxtəlif illərdə həm Ukrayna, həm də Rusiya ərazisində yaşayan azərbaycanlıların müharibənin qurbanına çevrildiyi faktları kifayət qədərdir.
Hüquqşünas Fərhad Mehdiyev XQ-yə açıqlamasında bildirdi ki, əslində, müharibənin təhlükəsi yalnız silah götürüb döyüşənlər üçün deyil. Onun sözlərinə görə, bəzən münaqişə zonasına yolu düşən mülki şəxslər də eyni risklərlə üz-üzə qalırlar: “Azov dənizində baş verən hadisə bunun ən son nümunələrindən biridir. Yük gəmisinə endirilən zərbə nəticəsində həlak olan və yaralanan Azərbaycan vətəndaşları hərbi əməliyyatların iştirakçısı deyildilər. Sadəcə, peşə fəaliyyətlərini yerinə yetirirdilər. Lakin müharibə şəraitində təhlükə hərbi və mülki hədəf arasında fərq qoymadan insanların həyatına təsir göstərə bilir. Məhz belə hadisələrdən sonra XİN-in yaydığı bəyanatın məzmunu daha aydın görünür. Nazirlik vətəndaşları münaqişə zonalarına səfər etməməyə çağırarkən nəzəri təhlükədən deyil, real faktlardan danışır. Son illərin təcrübəsi göstərir ki, hərbi əməliyyatların getdiyi və ya həmin bölgələrə yaxın ərazilərdə vəziyyət qısa müddətdə dəyişə bilər”.
F.Mehdiyevin fikrincə, bəyanatda xüsusi diqqətçəkən məqamlardan biri də xarici ölkələrin ərazisində silahlı münaqişələrdə iştirakla bağlı xəbərdarlıqdır: “Azərbaycan qanunvericiliyi bu məsələyə birmənalı yanaşır. Muzdlu və ya könüllü əsasda xarici münaqişələrdə iştirak cinayət məsuliyyəti yaradır. Bu yanaşmanın arxasında yalnız hüquqi deyil, həm də təhlükəsizlik baxımından ciddi səbəblər dayanır. Çünki xarici müharibələrə qoşulan şəxslər təkcə öz həyatlarını riskə atmırlar. Onların sonrakı taleyi, geri qayıtdıqdan sonra yarana biləcək problemlər və ümumilikdə regional təhlükəsizlik məsələləri də diqqət mərkəzində olur. Digər tərəfdən, son illər Yaxın Şərqdə, Afrikanın bəzi bölgələrində və Şərqi Avropada baş verən hadisələr göstərib ki, müharibənin coğrafiyası genişlənir. Bir neçə il əvvəl insanların gündəlik həyatından uzaq görünən təhlükələr artıq beynəlxalq nəqliyyat marşrutlarına, ticarət əlaqələrinə və əmək miqrasiyasına da təsir edir. Xaricdə işləyən, təhsil alan və ya səfərdə olan vətəndaşlar üçün risklər əvvəlki dövrlərlə müqayisədə daha yüksəkdir. Bu baxımdan XİN-in çağırışı yalnız xəbərdarlıq xarakteri daşımır. Bu, vətəndaşların təhlükəsizlik məsələlərinə daha həssas yanaşmasına hesablanmış mesajdır. Xarici ölkəyə səfər planlaşdıran şəxsin həmin bölgədəki vəziyyətlə maraqlanması, rəsmi qurumların tövsiyələrini izləməsi və riskləri düzgün qiymətləndirməsi artıq zərurətə çevrilib”.
Sonda qeyd etmək yerinə düşər ki, müharibələr barədə xəbərləri izləyərkən çox zaman rəqəmlər, statistik göstəricilər və hərbi məlumatlar ön plana çıxır. Ancaq hər bir rəqəmin arxasında insan taleyi dayanır. Azov dənizində həlak olan dənizçi də, Donbas çöllərində həyatını itirən şəxs də, dron zərbəsi nəticəsində yaralanan mülki vətəndaş da ilk növbədə ailəsinin, yaxınlarının itkisidir. Xarici İşlər Nazirliyinin bəyanatının əsas məğzi də məhz bundan ibarətdir: münaqişə bölgələrindən uzaq durmaq bəzən sadəcə tövsiyə deyil, insan həyatını qorumağın ən düzgün yoludur.
Səxavət HƏMİD
XQ


