Dövlətləri uzun müddət bir-birinə bağlayan ən güclü amil nə neft kəmərləridir, nə də ticarət müqavilələri. Xalqları birləşdirən əsas qüvvə ortaq düşüncə məkanı, ortaq dəyərlər və ortaq təhsil sistemidir. Məhz bu baxımdan Türk Dövlətləri Təşkilatının təhsil nazirlərinin Türküstanda keçirilən IX iclası Türk dünyasının gələcək siyasi, iqtisadi və mədəni inteqrasiyasının intellektual təməlini formalaşdırmaq cəhdidir.
Təhsildə yaxınlaşma – siyasətin açdığı yol
Beynəlxalq münasibətlər tarixində uzunömürlü birliklərin və ittifaqların yaranmasına nəzər saldıqda maraqlı qanunauyğunluq diqqəti cəlb edir. Dövlətlər arasında imzalanan siyasi sazişlər, iqtisadi razılaşmalar və hətta hərbi ittifaqlar müəyyən dövrdə dəyişə, yenilənə və ya zəifləyə bilər. Ortaq təhsil məkanında yetişən, eyni dəyərləri paylaşan və bir-birini yaxından tanıyan nəsillər arasında formalaşan bağlar isə daha dayanıqlı olur. Məhz buna görə beynəlxalq münasibətlərdə tez-tez vurğulanır ki, siyasi ittifaqlar hökumətlərin qərarı ilə yaranır, sivilizasiya ittifaqları isə təhsil vasitəsilə formalaşan nəsillərin hesabına möhkəmlənir. Bu gün Türk Dövlətləri Təşkilatı (TDT) çərçivəsində müşahidə olunan yaxınlaşma prosesi diplomatik və ya iqtisadi əməkdaşlıqla məhdudlaşmır. Son illər Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və Qırğızıstan arasında siyasi dialoq intensivləşib, ticarət dövriyyəsi artıb, nəqliyyat və logistika layihələri genişlənib. Bu münasibətlərin cəmiyyətlər səviyyəsində də dərin köklərə malik olması vacibdir. Belə köklərin formalaşdığı əsas məkan isə təhsil sistemidir. Əslində, təhsil inteqrasiyası siyasi inteqrasiyanın görünməyən, lakin ən təsirli mərhələsidir. Bu gün Türk dünyasında formalaşdırılmağa çalışılan əməkdaşlıq modelinin uğuru gələcək nəsillərin bir-birini nə dərəcədə tanıyacağı və anlayacağı ilə birbaşa bağlıdır. Akademik mobilliyin artırılması, Türk Universitetlər Birliyinin fəaliyyətinin gücləndirilməsi və Türk Dünyası Ali Təhsil Məkanının yaradılması kimi təşəbbüslər gələcəyin ortaq insan kapitalının formalaşdırılmasına xidmət edən siyasi-strateji investisiyalardır. Burada diqqətçəkən mühüm məqamlardan biri də “insan diplomatiyası” faktorudur. Dövlətlər arasında imzalanan sənədlər münasibətlərin hüquqi bazasını yaradırsa, tələbə və alim mübadiləsi həmin münasibətlərin sosial bazasını formalaşdırır. Sabah Qazaxıstanda təhsil alan azərbaycanlı tələbə, Azərbaycanda çalışan özbək alim və ya Türkiyədə elmi fəaliyyət göstərən qırğız tədqiqatçı yalnız öz peşəkar fəaliyyətləri ilə deyil, həm də formalaşdırdıqları əlaqələr şəbəkəsi ilə Türk dünyasının inteqrasiyasına töhfə verəcəklər.
Türküstan görüşündə elm və təhsil naziri Emin Əmrullayevin təqdim etdiyi sistemli institusional əməkdaşlıq təşəbbüsü Azərbaycanın bu prosesdə daha fəal rol oynamaq niyyətini göstərir. Son illər Azərbaycanın həm TDT daxilində, həm də ümumilikdə Türk dünyasında artan siyasi nüfuzu təhsil sahəsində də özünü göstərməyə başlayıb. Avropa İttifaqının təcrübəsi göstərir ki, inteqrasiyanın ən uğurlu elementlərindən biri məhz təhsil sahəsində əməkdaşlıq olub. Erasmus proqramı vasitəsilə milyonlarla gəncin Avropa ölkələrində təhsil alması zamanla vahid Avropa kimliyinin formalaşmasına mühüm təsir göstərib. Bu proqram 1987-ci ildə fəaliyyətə başlayarkən cəmi 11 ölkədən təxminən 3 min tələbəni əhatə edirdi. O dövrdə proqramın əsas məqsədi Avropa universitetləri arasında tələbə mübadiləsini təşviq etmək və gənclərin digər Avropa ölkələrinin təhsil sistemləri ilə tanış olmasına şərait yaratmaq idi. Lakin zaman keçdikcə, Erasmus Avropa inteqrasiyasının sosial və mədəni sütunlarından birinə çevrildi. Avropa Komissiyasının məlumatlarına görə, proqramın fəaliyyətə başladığı dövrdən bu günə qədər 15 milyondan çox insan Erasmus və Erasmus+ təşəbbüslərindən faydalanıb. TDT-nin bu gün həyata keçirməyə çalışdığı təşəbbüslər də müəyyən mənada Türk dünyasının öz Erasmus modelini yaratmaq istiqamətində atdığı addımlar kimi qiymətləndirilə bilər.
Yeni İpək yolunun zəka xəritəsi
Tarixə nəzər saldıqda Böyük İpək Yolunun yalnız malların daşındığı ticarət marşrutu olmadığını görürük. Bu yol əsrlər boyu sivilizasiyaları birləşdirən, elmi bilikləri, fəlsəfi ideyaları, texnoloji yenilikləri və mədəni dəyərləri müxtəlif coğrafiyalar arasında daşıyan böyük kommunikasiya şəbəkəsi rolunu oynayıb. Çin, Mərkəzi Asiya, Anadolu, Qafqaz və Avropa arasında hərəkət edən karvanlar düşüncə tərzləri, elm ənənələri və mədəniyyətlərarası təcrübələr də daşıyırdı. Bir çox tarixçilər hesab edirlər ki, Böyük İpək Yolunun ən böyük mirası iqtisadi deyil, məhz intellektual və mədəni xarakter daşıyıb. Müasir dövrdə isə dünya yeni bir transformasiya mərhələsinə daxil olub. XXI əsrin iqtisadiyyatında ən qiymətli resurs neft, qaz və ya faydalı qazıntılar deyil, yüksək ixtisaslı insan potensialıdır. Məhz bu kontekstdə TDT-nin həyata keçirməyə çalışdığı təşəbbüsləri yeni dövrün "intellektual İpək Yolu" kimi qiymətləndirmək mümkündür. Əgər Orta Dəhliz və digər nəqliyyat layihələri türk dövlətlərini fiziki baxımdan bir-birinə yaxınlaşdırırsa, təhsil və elm sahəsində inteqrasiya xalqları düşüncə, bilik və dəyərlər müstəvisində birləşdirir. Türk Dünyası Ali Təhsil Məkanının yaradılması ideyası məhz bu strateji baxışın məhsuludur. Əsas hədəf ortaq akademik standartların formalaşdırılması vasitəsilə vahid intellektual məkan yaratmaqdır. Belə bir məkan gələcəkdə Türk dünyasının elmi potensialının daha səmərəli istifadə edilməsinə, innovasiya imkanlarının genişlənməsinə və beynəlxalq akademik rəqabətdə daha güclü mövqe tutmasına şərait yarada bilər. Bu istiqamətdə Avropa təcrübəsi xüsusi diqqət çəkir. XX əsrin sonlarından etibarən həyata keçirilən Bolonya prosesi Avropa ali təhsil sistemində köklü dəyişikliklərə səbəb oldu. Bu gün Almaniyada təhsil alan bir tələbə İtaliyada, Fransada və ya Niderlandda təhsilini rahatlıqla davam etdirə bilir. Universitetlər arasında əməkdaşlıq genişlənib, gənclər arasında ortaq Avropa düşüncəsi formalaşıb və təhsil Avropa inteqrasiyasının ən uğurlu mexanizmlərindən birinə çevrilib.
Türk dünyasının qarşısında duran vəzifə isə bu modeli olduğu kimi təkrarlamaq deyil, onu öz tarixi və mədəni xüsusiyyətlərinə uyğun şəkildə formalaşdırmaqdır. Ortaq tarixi köklər, dil yaxınlığı, mədəni bağlılıqlar və ortaq sivilizasiya yaddaşı təhsil inteqrasiyasını daha əlçatan edir. Dünyanın bir çox regionlarında belə təbii zəmin mövcud olmadığı halda, Türk dünyasında bu potensial artıq hazır vəziyyətdədir və yalnız institusional mexanizmlərlə gücləndirilməsinə ehtiyac duyulur. Bununla yanaşı, yeni intellektual İpək Yolunun qurulması yalnız universitetlər arasında əlaqələrin genişləndirilməsi ilə məhdudlaşmamalıdır. Birgə elmi layihələrin həyata keçirilməsi, ortaq tədqiqat fondlarının yaradılması, rəqəmsal təhsil platformalarının inkişafı və süni intellekt, yaşıl texnologiyalar, enerji təhlükəsizliyi kimi strateji sahələrdə əməkdaşlığın dərinləşdirilməsi də bu prosesin vacib elementləridir. Çünki gələcəyin inteqrasiyası həm də ortaq innovasiya potensialı üzərində qurulacaq.
Son olaraq qeyd edək ki, TDT uzunmüddətli inteqrasiyanın əsasını təşkil edən insan kapitalının formalaşdırılmasına diqqət ayırır. Bu gün qəbul edilən qərarların nəticələri bəlkə tezliklə görünməyəcək. Amma on il sonra eyni universitet məkanında təhsil almış, ortaq akademik standartlarla yetişmiş və bir-birini daha yaxşı anlayan yeni nəsil formalaşanda Türk dünyasının inteqrasiyası haqqında müzakirələr fərqli müstəviyə keçəcək. Çünki dövlətlərarası münasibətlərin ən dayanıqlı körpüsü insan şüurunda qurulur. Türk dünyasının vahid təhsil sisteminə doğru atdığı addımlar da məhz belə bir körpünün inşasına xidmət edir.
Şəbnəm ZEYNALOVA,
XQ-nin siyasi analitiki,
siyasi elmlər üzrə fəlsəfə doktoru


