Rəqəmsal keçid və gələcək nəsil

post-img

İctimai müzakirələr mövzu ilə bağlı ciddi narahatlığı əks etdirir

Azyaşlıların sosial şəbəkənin müxtəlif kontentlərində zərərli təsir və məzmunlara məruz qalması bu gün dünya miqyasında müzakirə olunan aktual mövzular sırasındadır. Bəzi ölkələr artıq bu təhlükəli prosesin qarşısının alınması üçün hüquqi tənzimləmə istiqamətində ciddi addımlar atıb, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyinin təmin olunması üçün zəruri mexanizmlər formalaşdırıblar.

Qəzetimizin dünənki sayında oxuculara Azərbaycanda da bu istiqamətdə mühüm addımların atıldığı, sosial platformalara giriş və istifadənin hüquqi tənzimləməsini təmin etməkdən ötrü yeni qanun layihəsinin hazırlandığı barədə məlumat vermişdik. Hazırda həmin qanun layihəsinin ictimai müzakirəyə çıxarılmasını uşaqların hüquqlarının qorunması baxımından təqdir olunası hal sayırıq. Çünki bu, ayrıca götürülmüş bir sahəyə deyil, cəmiyyətin bütün təbəqələrinə aid məsələdir. Onun azyaşlıların sağlam və bilikli böyüməsinə, milli mentalitetimizə zidd zərərli vərdişlərdən qorunmasına, deməli, ailə, məktəb və mühit kimi amillərlə əhatə olunduğunu nəzərə alsaq, Milli Məclis tərəfindən qəbul ediləcək qanunun aktuallığını qeyd etməyə ehtiyac qalmır.

Milli Məclisə təqdim olunan qanun layihəsinə əsasən, 16 yaşına çatmamış şəxslərin yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarında qeydiyyatına icazə verilməyəcək. Bundan başqa, həmin platformaların provayderlərinin istifadəçilərin yaşının yoxlanılması, yetkinlik yaşına çatmayanların təhlükəsizliyinin təmin edilməsi, zərərli məzmunların qarşısının alınması və fərdi məlumatların qorunması ilə bağlı bir sıra öhdəliklər daşıyacaqları da nəzərdə tutulub. Tələblərin pozulması yüksək məbləğdə cərimələr və mərhələli məhdudlaşdırma tədbirləri ilə müşayiət olunacaq.

Dünən Azərbaycan Milli QHT Forumunun təşkilatçılığı ilə “Uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması” mövzusunda ictimai müzakirənin keçirilməsi cəmiyyəti narahat edən bu aktual mövzuya vətəndaş cəmiyyəti təmsilçilərinin münasibəti baxımdan önəmli idi. Forumun İdarə Heyətinin sədri Ramil İskəndərli çıxışında Milli Məclisə təqdim olunan “İnzibati Xətalar Məcəlləsində”, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlarda dəyişiklik edilməsi barədə qanun layihəsinin uşaqların sosial şəbəkələrin zərərli təsirlərindən qorunmasına yönəldiyini bildirdi: “Artıq dünyanın aparıcı ölkələri sosial şəbəkə platformalarının öz daxili qaydaları ilə yanaşı, milli qanunvericiliklə də tənzimlənməsini, xüsusilə azyaşlıların qorunmasını, onların sosial şəbəkə platformalarına çıxışına yaş məhdudiyyətlərinin tətbiqini nəzərdən keçirir”.

R.İskəndərli Azərbaycanda da 16 yaşadək uşaqların sosial şəbəkə platformalarında fərdi hesab yaratmasına yol verilməməsinin, 16-18 yaşarası uşaqların isə bunu valideyn icazəsi ilə edə bilməsinin nəzərdə tutulduğunu diqqətə çatdırdı: “Sosial şəbəkələrə aludəçiliyin hələ formalaşma dövründə olan, yetişən nəsil üzərində zərərli təsirlərindən hamımız əziyyət çəkirik. Qanunvericilikdə nəzərdə tutulan bu dəyişikliklər məhz cəmiyyətin sosial sifarişidir”.

Azyaşlıların zərərli təsirlərdən qorunmasının cəmiyyətin və dövlətin vəzifəsi olduğunu vurğulayan tədbirin moderatoru, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Rəsulova çıxışında bildirdi ki, ekran aludəçiliyi, yaşına uyğun olmayan məzmunla tanışlıq nəticədə yaranan müxtəlif davranış pozuntuları, uşaqların sosial şəbəkələrdən zərərli vərdişlərə mübtəla olması və bunların törətdiyi fəsadlar bu gün cəmiyyətin diqqət yetirməli olduğu məsələlərdir: “Dövlət tərəfindən uşaqların müdafiəsi gücləndirilməli, onlar yetkinlik yaşına çatana qədər sosial şəbəkə mühitində fəaliyyət üçün hazırlanmalı, sonrakı dövrdə isə valideyn nəzarəti ilə sosial şəbəkələrdən istifadə etməlidirlər. Bu məsələnin Azərbaycanda da qanunvericiliyə salınması alqışlanmalıdır”.

İctimai müzakirədə çıxış edən Milli QHT Forumu İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Azər Allahverənov uşaqların rəqəmsal təhlükəsizliyi, zərərli asılılıqdan qorunması məqsədilə qanunvericilikdə nəzərdə tutulan dəyişikliklərin təfərrüatlarından danışdı. O qeyd etdi ki, sosial şəbəkə platformalarında fərdi rəqəmsal hesab açmaq istəyən hər şəxsin yaşının müəyyənləşdirilməsi üçün texniki üsullar tətbiq olunacaq: “6 yaşı tamam olmamış şəxslərin platformada fərdi rəqəmsal hesablarının yaradılmasına yol verilməyəcək. Qanun qüvvəyə mindikdən sonra platformalar 16 yaşdan aşağı uşaqlara məxsus mövcud fərdi rəqəmsal hesablara girişi məhdudlaşdıracaq və şəxsin 16 yaşının tamam olmasını təsdiq edən məlumat təqdim edilmədikdə həmin hesablar və fərdi məlumatlar silinəcək”.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayevin fikrincə, uşaqların rəqəmsal təhlükəsizliyi məsələsi ciddi yanaşma tələb edir: “Sosial şəbəkə platformalarında özünə zərər verməyi təşviq edən məzmunların geniş yayılması, sosial təcrid hissi depressiv simptomların dərinləşməsi ilə intihar riski üçün əlverişli şərait yarada bilir. Hər bir valideyn uşağın fərdi həyatını, mənəviyyatını düzgün formalaşdırmalı, onu yüksək dəyərlərlə tərbiyə etməlidir”.

Dünənki yazımızda qeyd etdiyimiz kimi, azyaşlıların şəxsiyyət kimi formalaşmasında məktəb, ailə, mühit güclü təsirə malikdir. Onların yanlış vərdişlərə yiyələnməməsi, sosial şəbəkə dələduzlarının toruna düşməməsi valideynlərin də çiyninə məsuliyyət yükü qoyur. Çıxışında məhz bu amili vurğulayan Narkotiklər, Zərərli Asılılıqlar Əleyhinə Səfərbərlik Mərkəzi İctimai Birliyinin sədri Nail Kəmərli dedi ki, bəzən ailələr bu işə səhlənkar yanaşır: “Təəssüf ki, uşaqlar var ki, məhz belə qeyri-sağlam mühitdə günlərin birində özünü narkotik istifadəçisi, internet aludəçisi kimi tapır. Biz cəmiyyət olaraq, əl-ələ verməli, bu sahədə problemlərin yaranmasının qarşısını almalı, azyaşlıların sağlam və vətənpərvər ruhda böyüməsində hamılıqla iştirak etməliyik”.

İctimai müzakirədə xarici ölkələrin təcrübəsindən də danışıldı. Qeyd olundu ki, Fransa bu il uşaqların sosial şəbəkələrdə olmasına yaş məhdudiyyəti tətbiq edən dünyada ikinci, Avropada birinci dövlət olub. Hazırda müxtəlif ölkələrdə hansı yaşdan belə tənzimləmələrin tətbiqi imkanlarına baxılır. Danimarka 18, İspaniyada 16, Fransada 15 yaş, ABŞ-də federal səviyyədə 17 yaş, Kaliforniya, Texas, Nyu-York, Tennessi və Yuta kimi ştatlarda 18 yaş, Kolorado, Corciya, Luizianada 16 yaş, Floridada 14 yaş yanaşmaları mövcuddur. Almaniya, Portuqaliya, Norveç, Türkiyə, Kanada, Yeni Zelandiya, Malayziya, İndoneziya və Hindistan sosial şəbəkə platformalarında yaş məhdudiyyətləri müəyyənləşdirmək üçün qanunvericilik qərarları qəbul edib və ya etməkdədirlər. Qazaxıstan və Özbəkistanda da analoji qanunvericilik təşəbbüsləri mövcuddur.

QHT təmsilçilərinin yekdil rəyi bu oldu ki, uşaqların zərərli təsirlərdən qorunması, onların sağlam böyüməsi üçün hərtərəfli şəraitin yaradılması və dəstəyin verilməsi dövlətin sosial siyasətinin tərkib hissəsidir. Azyaşlıların, yeniyetmələrin milli-mənəvi, əxlaqi dəyərlər əsasında sağlam, bilikli böyüməsi və inkişaf etməsi həm onların özlərinin, həm də cəmiyyətin və dövlətin gələcəyi üçün strateji əhəmiyyətə malikdir.

İ.HƏSƏNQALA
XQ

Siyasət