IV MƏQALƏ
Regional bağlılığın geosiyasi mexanizmləri
Cənubi Qafqazda yeni geosiyasi gerçəklik kontekstində bir prinsipial məqam mövcuddur. Azərbaycanın fəaliyyəti sayəsində bu regionda geosiyasi düzən formasının yerli ölkələrin bir-biri ilə münasibətləri əsasında yaradılması tarixi keçidi ifadə edir. Həmin faktordan regionda yeni sayılan bütün özəlliklər qaynaqlanır. O cümlədən geosiyasi səviyyədə konseptual əhəmiyyət daşıyan “regional bağlantılar” tezisinin məna çalarları bu gerçəklik fonunda əhəmiyyətliliyini göstərir.
Bir daha xatırlatmaqda fayda var ki, bu regional yeniliyin təməlini Azərbaycan Prezidentinin XIII Qlobal Bakı Forumunda irəli sürdüyü aşağıdakı tezis təşkil edir. Dövlət başçımız demişdir: “Mövcud çağırışlar kontekstində bu gün əhatə etmək istədiyim üçüncü mövzu isə bağlılıqdır. Biz görürük ki, münaqişələr ənənəvi nəqliyyat marşrutlarının pozulmasına səbəb olur və bu, həm insanlar, həm ölkələr, həm iqtisadiyyat, həm də tədarük zəncirləri üçün böyük çətinliklər yaradır. Bağlılıq və nəqliyyat marşrutları pozulduqda dünya ölkələrinin əksəriyyəti çox çətin vəziyyətlə üzləşir”.
Bu fikirlərdən məntiqi olaraq gəldiyimiz bir qənaəti təkrar vurğulamaq istərdik: “Cənubi Qafqaz regionunda yerləşən ölkələrin sülh, barış və əməkdaşlıq naminə bir-birinə bağlılığın geosiyasi və siyasi mexanizmlərini razılaşdırmaları aktuallaşır”.
Ölkə başçısının konseptual olaraq müəyyən etdiyi tezisin praktiki proyeksiyası region dövlətlərinin bir-birinə gerçək bağlılığını təmin edə biləcək mexanizmlərin razılaşdırılması bu səbəbdən ciddi anlam kəsb edir. Həmin mexanizmlər nələrdən ibarətdir?
Bu sualın cavabına çıxış Prezident İlham Əliyevin aşağıdakı tezisindən edilə bilər. Bu tezisi İlham Əliyev dəfələrlə müxtəlif tədbirlərdə ifadə etmişdir. Elə bu cəhət Azərbaycan liderinin vurğulanan məsələdə dərin düşünülmüş və ardıcıl həyata keçirilən konkret fəaliyyət xəttinin mövcudluğundan xəbər verir. Yəni “regional bağlantı” nəzəri-konseptual izahı ilə yanaşı, praktiki-tətbiqi aspekti də özündə ehtiva etməkdədir.
Enerji təhlükəsizliyi və qlobal nizam
XIII Qlobal Bakı Forumunda Prezident İlham Əliyev vurğulamışdır: “Xüsusilə indi paylaşa biləcəyimiz digər vacib bir təcrübə enerji təhlükəsizliyidir, hansı ki, hazırda müəyyən dərəcədə pozucu təsir göstərir. Biz görürük ki, neft və qaz qiymətlərinin kəskin yüksəlişi yalnız istehlakçılar üçün deyil, geniş mənada, bir çox problemlər yaradır. Kimsə düşünürsə ki, bu tarazlaşdırılmamış qiymət neft istehsalçıları və ixracatçıları üçün faydalıdır, bu yanlışdır. Çünki bir çox ölkələrin, neft və digər faydalı yanacaq istehsal və ixrac edən ölkələrin suveren fondları var və bu fondlar müxtəlif maliyyə alətlərinə, o cümlədən istiqrazlara investisiya qoyurlar. Birjalar çökdükdə isə bu ölkələr yüksək neft qiymətindən qazandıqlarından daha çox itkiyə məruz qalırlar. Buna görə də biz OPEC+ formatının məsuliyyətli üzvü olaraq, tarazlı və proqnozlaşdırılabilən neft qiymətinin tərəfdarıyıq, ortaq həllin tapılmasına böyük səylər göstərmişik və OPEC+-dakı vasitəçilik fəaliyyətimiz yüksək qiymətləndirilir”.
Burada Azərbaycan liderinin çox incə və obyektiv formada enerji təhlükəsizliyi ilə qlobal təhlükəsizlik arasında disbalansın yaranmasının risklərini önə çıxarır. Enerji təhlükəsizliyi – milli təhlükəsizlik zənciri kontekstində vurğulanan aspekt olduqca maraqlıdır. O cümlədən enerji daşıyıcılarının süni qiymətləndirilməsinin bütövlükdə dünya təhlükəsizlik sisteminə ciddi zərər verməyə başlaması məsələsi daha da aktuallaşır.
Bu məqam Prezident İlham Əliyevin aşağıdakı fikirlərində dəqiq ifadə edilmişdir. Dövlət başçısı demişdir: “Bu gün enerji təhlükəsizliyi ölkələrin milli təhlükəsizliyinin ayrılmaz hissəsi olaraq əvvəllər heç vaxt olmadığı qədər önəm daşıyır. Azərbaycan bütün enerji seqmentlərinin – neft, qaz, neft məhsulları, neft-kimya məhsulları və elektrik enerjisinin istehsalı və ixracı ilə məşğuldur. Bazarda tələb və tədarük coğrafiyasının genişlənməsi ilə bağlı biz ixracımızı, xüsusilə təbii qaz və elektrik enerjisinin ixracını artırmağı planlaşdırırıq... Boru kəmərləri vasitəsilə təbii qaz ixracatçısı kimi, ölkələrin coğrafi əhatəsinə görə Azərbaycan dünyada birinci yerdədir. İxrac həcmi artmaqda davam edir və artacaq, bu isə bir çox ölkə üçün enerji təhlükəsizliyi baxımından mühüm amildir. Azərbaycan beynəlxalq bazara etibarlı neft təchizatçısı kimi enerji təhlükəsizliyinə töhfəsini verməyə davam edəcək”.
Buradan üç nəticə çıxara bilərik.
Prinsipial mövqe
Birincisi, Azərbaycan Cənubi Qafqazda sülhü təmin edən prinsipial mövqeyinin siyasi təcrübə kimi regionlararası və qlobal miqyasda proyeksiya edilməsinin faydalı olacağını təklif edir. Başlıca prinsiplərdən biri kimi isə dünyanın güclü dövlətlərinin enerji məsələsinə obyektiv, səmimi və ədalətli yanaşmasını götürür.
İkincisi, Azərbaycan qlobal nizamın formalaşmasında enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin vəhdətini başlıca şərtlərdən biri kimi görür. Burada xüsusi olaraq enerji təhlükəsizliyinin motivəedici rolu qabardılır. Məsələ onunla əlaqəlidir ki, hazırda dünyanın böyük gücləri məhz enerji faktorunu münasibətlərində əsas hesab edirlər.
ABŞ, Çin və Rusiya geniş anlamda enerji daşıyıcıları və onların nəqli ilə bağlı amansız mübarizə aparırlar. İndi sirr deyil ki, Qərb başda ABŞ olmaqla Rusiyadan yan keçən marşrutlar üzrə müxtəlif enerji daşıyıcılarını nəql etmək strategiyasını seçmişdir. Bu prosesin Qafqaz və Mərkəzi Asiyada əlamətlərini hamı görür.
Azərbaycanda enerji keçidi
Təsadüfi deyildir ki, Avropa İttifaqı Mərkəzi Asiya siyasətini “Böyük keçid” adlandırmışdır. Bu siyasət enerji strategiyasını şaxələndirmək əsasında Mərkəzi Asiyanı Cənubi Qafqaz üzərindən Avropa ilə əlaqələndirən qlobal tranzit xətlərini genişləndirməyi əsas hədəf hesab edir. Azərbaycan özünün enerji ehtiyatları ilə yanaşı, enerji siyasəti ilə həmin prosesdə çox ciddi rol oynayır. Bu baxımdan Azərbaycan Prezidentinin “sərbəst enerji gücü” ifadəsi konseptual və praktiki aspektlərdə çox əhəmiyyətlidir. Sərbəst enerji gücü Azərbaycanın enerji resursları, onların nəqli, logistikası və bağlantıları maksimum dərəcədə geniş məkanda həyata keçirmək qabiliyyətini ifadə edir.
Bununla da konseptual səviyyədə əhəmiyyəti olan maraqlı əlaqələr şəbəkəsi yaranmışdır – enerji daşıyıcıları – onların nəqli – logistik xidmət – sərbəst enerji gücü zəncirində vasitəçisiz sülh konseptinə uyğun geniş geosiyasi və coğrafi məkanda enerji təhlükəsizliyi ilə milli təhlükəsizliyin uzlaşdırılmasına nail olmaq! Bu prosesdə rəqəmsallıq və süni intellektin imkanlarının vahid konstruktiv məntiq çərçivəsində uğurlu tətbiqi Azərbaycanın sülhyaradıcı missiyasının mühüm əlamətlərindən biri kimi qəbul edilməlidir.
Böyük güclərin münasibəti
Azərbaycanın öz siyasi təcrübəsi əsasında regionun geosiyasi mənzərəsini yeniləşdirmək xəttinə böyük güclərin münasibəti də çox əhəmiyyətlidir. Burada bir ayırıcı xətt mövcuddur. Vətən müharibəsinə qədər və ondan sonra bir neçə il Qərbin böyük və güclü dövlətləri, faktiki olaraq, Azərbaycanın uğurlarını legitim saymamaq xəttini tutdular. Postmüharibə mərhələsinin başlanğıcında onun təsirini hər kəs hiss etdi.
Yalnız Azərbaycan Prezidentinin prinsipial sülh mövqeyi tutması və bu zaman beynəlxalq hüquqa tam əməl etməsi qarşı tərəfi tədricən haqq mövqeyinə gətirdi. 2025-ci il Vaşinqtonda ratifikasiya edilən sənəd bu prosesin Qərb üçün kulminasiya nöqtəsi oldu. Onlar əmin oldular ki, Azərbaycanın regional miqyasda yaratdığı yeni geosiyasi gerçəkliyi qəbul etməkdən başqa yol yoxdur. Çünki əks halda, bütün tərəflər ciddi zərərə düşəcək.
Bu gedişatda rəsmi İrəvanın daha ölçülü-biçili mövqe tutması və tədrici olaraq Azərbaycanın şərtlərinə uyğun siyasət yeritməyə başlaması da öz təsirini göstərdi. İndi Ermənistan açıq şəkildə regional məsələlərdə Azərbaycan-Türkiyə birliyinə daha çox üstünlük verdiyini ifadə edir. Bununla yanaşı, proseslərin tam müsbət məcrada olduğu barədə qənaət əldə etmək riskli görünür. Onun başlıca səbəbi Aİ və Rusiyanın son zamanlar regional proseslərə müdaxiləsində hiss edilən qeyri-müəyyənliklə bağlıdır.
Avropa Ermənistanda parlament seçkilərinə təsir etməyə çalışır. Bunun üçün Azərbaycan-Ermənistan münasibətlərinə müəyyən dərəcədə neqativ əhval gətirməyə cəhdlər göstərir. Bir sıra Avropa ölkəsindən “mülki missiya”, “seçki müşahidəçiləri” və s. adlarla geosiyasi mənzərəni “bulandırırlar”. Bunun fonunda rəsmi Bakının erməni revanşistlərə xəbərdarlığı vaxtında atılmış vacib addım kimi görünür.
Digər tərəfdən, Moskvanın İrəvana təzyiqləri özünü göstərir. Birbaşa hədəf N.Paşinyanın, yoxsa onun rəqiblərinin seçilməsi olsa da, yekunda Cənubi Qafqazda geosiyasi mənzərəni yeniləşdirən və Azərbaycanın təşəbbüslərindən qaynaqlanan prosesləri neytrallaşdırmaq niyyəti duyulur.
Bunlardan çox vacib ümumi qənaət əldə etmək olar.
Alternativsiz sülh modeli
Cənubi Qafqazın yeni geosiyasi gerçəkliyində Azərbaycanın təklif etdiyi nümunənin alternativinin olmadığını regional və qlobal dairələr anlamağa başlamışlar. Bakı faktiki olaraq müasir geosiyasi dinamikanın bütün aspektlərini nəzərə alan müsbət nəticəverici bir model irəli sürmüşdür. Onun təməlində vasitəçisiz sülhə nail olmaq konsepti dayanır. Bütün digər birləşdirici və inteqrativ xarakterli faktorlar bu təməl üzərində bərqərar olur. Onların sırasında Azərbaycan Prezidentinin müxtəlif əməkdaşlıq və təhlükəsizlik platformalarını reallaşdırması, qarşılıqlı faydalı əlaqələrə üstünlük verməsi ayrıca yer tutur.
Bunlara paralel olaraq Azərbaycan regionlararası və qlobal səviyyələrdə əməkdaşlıqla təhlükəsizliyin qarşılıqlı əlaqədə təmininə xidmət edən addımlar atmaqdadır. İndi Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası bu baxımdan diqqətləri daha çox çəkir. Bu forum 2001-ci ildən təşkil edilir və müasir urbanizasiyanın aktual məsələlərini əhatə edir. Ona bu il Azərbaycan ev sahibliyi edir. Bakıda keçirilən tədbiri qısaca olaraq WUF13 adlandırırlar. Həmin tədbir çərçivəsində Türk dünyası həftəsinin keçirilməsi də nəzərdə tutulmuşdur.
Belə görünür ki, Azərbaycan enerji, nəqliyyat, logistika, təhlükəsizlik, iqlim kimi sferalarla yanaşı, rəqəmsallıq və süni intellektlə sıx bağlı olan urbanizasiya aspektində də dünyanı bir araya gətirən tədbir həyata keçirir. Geosiyasi kontekstdə bu, əlbəttə, Azərbaycanın yeritdiyi ümumi sülhyaradıcı və əməkdaşlıq xəttinin növbəti nümunəsidir.
Onu nəzərə almaq gərəkdir ki, dünyanın hər yerində ixtilafların yer aldığı bir mərhələdə Azərbaycanın yeni səviyyədə birləşdirici və sülhyaradıcı rol oynaması ciddi hadisədir. Bu qənaətin prizmasında Cənubi Qafqazda yeni geosiyasi gerçəkliyin formalaşması geridönməz və uğurlu bir proses təsiri bağışlayır!
Füzuli QURBANOV,
XQ-nin analitiki,
fəlsəfə elmləri doktoru


