Qlobal “Bakı Enerji Həftəsi 2026”: Enerji və geoiqtisadi güc qovşağı

post-img

Azərbaycan iqtisadiyyatının mühüm xüsusiyyətlərdən biri bütün əsas sahələrdə artımın davamlı olmasıdır. Qeyri-neft sənayesi, nəqliyyat-logistika, informasiya-kommunikasiya texnologiyaları, kənd təsərrüfatı, turizm və xidmət sektorunda əldə olunan nəticələr iqtisadi şaxələndirmə istiqamətində həyata keçirilən islahatların real nəticələr verdiyini göstərir. Bu gün ölkəmiz artıq regional logistika qovşağı, nəqliyyat dəhlizlərinin əsas iştirakçılarından biri və yeni sənaye potensialı formalaşdıran iqtisadi sistem kimi çıxış edir.

Bu inkişaf modelinin əsasında ümummilli lider Heydər Əliyev tərəfindən formalaşdırılmış strateji enerji siyasəti dayanır. Məhz onun uzaqgörən baxışı nəticəsində enerji ehtiyatları həm gəlir mənbəyi, həm də ölkənin uzunmüddətli iqtisadi inkişafının, dövlət müstəqilliyinin möhkəmləndirilməsinin və beynəlxalq iqtisadi inteqrasiyasının əsas aləti kimi qiymətləndirilmişdir. Bu gün Azərbaycanın enerji resurslarını iqtisadi transformasiya kapitalına çevirmək istiqamətində həyata keçirdiyi siyasət həmin strateji kursun Prezident İlham Əliyev tərəfindən müasir dövrün çağırışlarına uyğun şəkildə davam etdirilməsinin nəticəsidir.

Eyni zamanda, enerji sektoru ölkənin inkişaf strategiyasında xüsusi yer tutmağa davam edir. Bunun əsas səbəbi enerji resurslarının Azərbaycanın ən böyük müqayisəli üstünlüklərindən biri və uzunmüddətli inkişaf kapitalı olması ilə yanaşı, qlobal iqtisadiyyatın yeni inkişaf mərhələsində enerjinin strateji əhəmiyyətinin daha da artmasıdır. Süni intellekt, məlumat mərkəzləri (data centres), bulud texnologiyaları, rəqəmsal xidmətlər, elektromobillər və yüksək texnologiyalı istehsal sistemlərinin sürətli inkişafı enerji tələbatını yeni səviyyəyə yüksəldir. Beynəlxalq Enerji Agentliyinin qiymətləndirmələrinə görə, yaxın onilliklərdə elektrik enerjisinə artan tələbin əsas mənbələrindən biri məhz rəqəmsal iqtisadiyyat olacaq. Belə şəraitdə enerji artıq texnoloji rəqabət qabiliyyətinin, sənaye inkişafının və iqtisadi təhlükəsizliyin əsas strateji resurslarından birinə çevrilir. Azərbaycanın enerji sektoruna verdiyi xüsusi önəm də məhz bu qlobal iqtisadi reallıqdan qaynaqlanır.

Eyni zamanda, iqtisadi nəzəriyyələr göstərir ki, ölkələrin dayanıqlı inkişafı mövcud üstünlükləri yeni iqtisadi imkanlara çevirməklə təmin olunur. Azərbaycanın yanaşması da məhz buna əsaslanır. Enerji sektoru iqtisadiyyatın digər sahələrinin inkişafını maliyyələşdirən, iri infrastruktur layihələrinin reallaşdırılmasını təmin edən, xarici investisiyaları cəlb edən və ölkənin beynəlxalq iqtisadi mövqeyini gücləndirən strateji baza rolunu oynayır.

Məhz buna görə “Bakı Enerji Həftəsi” təkcə enerji sənayesinə həsr olunmuş tədbir deyil. Bu platforma Azərbaycanın enerji resursları hesabına formalaşdırdığı yeni iqtisadi modelin, geoiqtisadi hədəflərin və uzunmüddətli inkişaf strategiyasının təqdim olunduğu mühüm beynəlxalq iqtisadi forum kimi çıxış edir.

“Bakı Enerji Həftəsi”nin əhəmiyyəti

Müasir qlobal iqtisadiyyatda beynəlxalq forumlar və sərgilər biznes əlaqələrinin qurulduğu, investisiya axınlarının istiqamətləndirildiyi və yeni tərəfdaşlıqların formalaşdığı mühüm mexanizmlərdir. Belə platformalar investorlar, enerji şirkətləri, maliyyə institutları və hökumətlər arasında informasiya mübadiləsini genişləndirir, yeni layihələrin maliyyələşməsini asanlaşdırır və davamlı iqtisadi əməkdaşlıq üçün əlverişli mühit yaradır.

Bu baxımdan “Bakı Enerji Həftəsi” Azərbaycanın enerji sektorunun təqdimatı ilə məhdudlaşmır. Tədbir ölkənin investisiya cəlbediciliyinin, enerji və nəqliyyat infrastrukturunun, eləcə də gələcək inkişaf istiqamətlərinin beynəlxalq investorlar üçün nümayiş etdirildiyi mühüm iqtisadi platformadır. Burada formalaşan tərəfdaşlıqlar və aparılan müzakirələr yeni investisiya qərarlarına, texnologiya transferinə və uzunmüddətli layihələrin reallaşmasına təkan verir.

Əslində, “Bakı Enerji Həftəsi”nin əsas üstünlüyü onun daha çox platforma xarakteri daşımasındadır. Müasir nəzəriyyələr göstərir ki, qlobal iqtisadi sistemdə ən yüksək əlavə dəyər müxtəlif iqtisadi iştirakçıları bir araya gətirən platformaların formalaşdırılmasından yaranır. Bu baxımdan “Bakı Enerji Həftəsi” enerji şirkətlərini, maliyyə institutlarını, investorları və texnologiya təchizatçılarını eyni məkanda birləşdirən çoxtərəfli əməkdaşlıq platforması kimi çıxış edir.

Belə platformaların iqtisadi əhəmiyyəti bir neçə istiqamətdə özünü göstərir. Birincisi, onlar investisiya axınlarını sürətləndirir. Beynəlxalq təcrübə göstərir ki, iri enerji və infrastruktur layihələrinin əhəmiyyətli hissəsi məhz belə platformalarda formalaşan tərəfdaşlıqlar nəticəsində reallaşır. İkincisi, bu tədbirlər informasiya asimmetriyasını və investor risklərini azaldır, yeni layihələrin maliyyələşdirilməsini asanlaşdırır. Üçüncüsü, onlar ölkənin beynəlxalq biznes mühitinə dair siqnal funksiyası yerinə yetirərək xarici investorların etimadını gücləndirir.

“Bakı Enerji Həftəsi”nin Azərbaycan üçün xüsusi əhəmiyyəti isə ölkənin geoiqtisadi mövqeyini möhkəmləndirməsindədir. Əgər 1990-cı illərdə Azərbaycan, əsasən, enerji resurslarına malik ölkə kimi tanınırdısa, hazırda ölkə enerji təhlükəsizliyi, nəqliyyat əlaqəliliyi və yaşıl transformasiya sahələrində regional əlaqələndirmə mərkəzi kimi çıxış edir. Digər tərəfdən, tədbir enerji keçidi ilə enerji təhlükəsizliyi arasında körpü yaradır. Son illər bir çox beynəlxalq platformalarda bu iki istiqamət bir-birinə alternativ kimi təqdim olunsa da, “Bakı Enerji Həftəsi”ndə hər iki mövzu vahid iqtisadi sistemin elementləri kimi müzakirə olunur. Burada həm neft və qaz layihələri, yaşıl enerji təşəbbüsləri, həm də yeni enerji texnologiyaları eyni strateji baxış çərçivəsində təqdim edilir.

“Bakı Enerji Həftəsi”nin daha bir funksiyası Azərbaycanın beynəlxalq investisiya və tərəfdaşlıq şəbəkələrinin genişlənməsinə xidmət etməsidir. Müasir dövrdə iqtisadi inkişaf daxili resurslarla yanaşı, xarici kapital, texnologiya və bilik axınlarına inteqrasiya ilə müəyyən olunur. Belə platformalar ölkənin qlobal iqtisadi şəbəkələrdə mövqeyini gücləndirərək yeni investisiyalar, texnologiya transferi və innovasiya əməkdaşlığı üçün imkanlar yaradır. Bu baxımdan Prezident İlham Əliyevin tədbirdə səsləndirdiyi fikirlər Azərbaycanın gələcək inkişaf prioritetlərinin təqdimatı kimi qiymətləndirilməlidir.

Qlobal inkişaf paradiqması və Azərbaycanın inkişaf modeli

Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”ndəki çıxışında dayanan iqtisadi məntiq son illərdə qlobal iqtisadiyyatda formalaşan yeni inkişaf paradiqması ilə bağlıdır. Əgər XX əsrin sonu və XXI əsrin əvvəllərində iqtisadi siyasətdə bazar mexanizmlərinin üstünlüyünə əsaslanan yanaşma hakim idisə, son onillikdə qlobal maliyyə böhranı, pandemiya, geosiyasi parçalanma və texnoloji rəqabətin kəskinləşməsi dövlətin iqtisadi inkişafda roluna dair baxışları əhəmiyyətli dərəcədə dəyişdirmişdir.

Bu gün dünyanın aparıcı iqtisadiyyatlarında formalaşan yeni yanaşma dövlətin iqtisadiyyatın bütün sahələrini idarə etməsinə deyil, inkişafın strateji istiqamətlərini müəyyən etməsinə əsaslanır. ABŞ-da CHIPS and Science Act və Inflation Reduction Act, Avropa İttifaqında Green Deal Industrial Plan, Səudiyyə Ərəbistanında Vision-2030 və Birləşmiş Ərəb Əmirliklərində Operation 300bn proqramları eyni məntiqi əks etdirir: dövlət uzunmüddətli prioritetləri müəyyən edir, strateji infrastruktur yaradır, yeni texnologiyaların inkişafını stimullaşdırır və özəl investisiyalar üçün əlverişli institusional mühit formalaşdırır.

Bu transformasiya əslində, qlobal iqtisadiyyatın yeni mərhələyə daxil olduğunu göstərir. Müasir dövrdə dövlətlərin rəqabət qabiliyyəti artıq yalnız maliyyə resursları və ya istehsal gücü ilə deyil, texnoloji transformasiyanı idarə etmək, enerji təhlükəsizliyini təmin etmək, strateji dəyər zəncirlərində mövqe qazanmaq və yeni inkişaf sahələrini formalaşdırmaq qabiliyyəti ilə ölçülür. Buna görə də sənaye siyasəti, enerji siyasəti və innovasiya siyasəti getdikcə daha çox vahid inkişaf strategiyasının elementlərinə çevrilir.

Bu baxımdan Prezident İlham Əliyevin çıxışında enerji siyasəti daha geniş iqtisadi transformasiya modelinin tərkib hissəsi kimi təqdim olunur. Enerji resursları sənayeləşmə, logistika əlaqəliliyi, yaşıl transformasiya, rəqəmsal inkişaf və yeni investisiya axınlarının formalaşdırılması üçün strateji platforma rolunu oynayır. Bu yanaşmada enerji gəlirləri gələcək rəqabət üstünlüklərinin yaradılmasına xidmət edən kapitalıdır.

Məhz bu səbəbdən Prezident İlham Əliyevin çıxışının iqtisadi mahiyyəti enerji siyasətindən daha geniş məna daşıyır. Burada əsas məqsəd enerji resurslarından istifadə etməklə XXI əsrin yeni iqtisadi çağırışlarına uyğun inkişaf modelinin qurulmasıdır. Azərbaycanın enerji, logistika, yaşıl inkişaf və rəqəmsal transformasiya sahələrində həyata keçirdiyi siyasətlər də məhz bu yeni strateji dövlət yanaşmasının praktiki ifadəsi kimi çıxış edir.

Beləliklə, Prezident İlham Əliyevin çıxışında enerji siyasəti yeni dövlət kapitalizmi modelinin Azərbaycan variantı kimi təqdim olunur. Bu modeldə enerji, logistika, yaşıl inkişaf və rəqəmsal transformasiya milli inkişaf strategiyasının qarşılıqlı bağlı elementləridir.

Prezident İlham Əliyevin çıxışının iqtisadi fəlsəfəsi

“Bakı Enerji Həftəsi”ndə Prezident İlham Əliyevin söylədiyi fikirlər daha geniş iqtisadi transformasiya modelinin ifadəsidir. Çıxışın əsas məntiqi enerji ehtiyatlarının milli inkişaf və iqtisadi modernləşmə üçün istifadə edilməsinə əsaslanır. Müasir inkişaf iqtisadiyyatında daha çox qəbul olunan yanaşmaya görə ölkələrin uğuru malik olduqları təbii sərvətləri hansı institusional çərçivədə idarə etmələri və hansı inkişaf modelinə inteqrasiya etmələri ilə müəyyən olunur. Bu baxımdan Prezident İlham Əliyevin çıxışı müasir inkişaf nəzəriyyələrinin üç əsas istiqamətini – institusional inkişafı, sənaye transformasiyası və strateji dövlət missiyasını vahid sistemdə birləşdirir.

Birinci element enerji gəlirlərinin inkişaf kapitalı kimi qiymətləndirilməsidir. Son otuz ildə formalaşmış iqtisadi model göstərir ki, enerji gəlirləri makroiqtisadi sabitliyin qorunmasına, nəqliyyat və enerji infrastrukturunun yaradılmasına, insan kapitalına investisiyalara və qeyri-neft sektorunun inkişafına yönəldilmişdir. Beləliklə, enerji sərvətləri iqtisadi artımın qısamüddətli mənbəyindən uzunmüddətli inkişaf aktivinə çevrilmişdir. Cənab Prezidentin çıxışında da enerji sektoru iqtisadiyyatın məqsədi kimi deyil, inkişafın maliyyə bazası kimi təqdim olunur.

Bu yanaşma müasir institusional iqtisadiyyatın əsas tezisləri ilə də üst-üstə düşür. Acemoğlu və Robinsonun göstərdiyi kimi, ölkələrin inkişafı malik olduqları resurslarla deyil, həmin resursları idarə edən institutların keyfiyyəti ilə müəyyən olunur. Azərbaycanın əsas nailiyyəti enerji ehtiyatlarına malik olması və həmin ehtiyatları makroiqtisadi sabitlik, strateji infrastruktur investisiyaları və insan kapitalına yönəlmiş siyasətlər vasitəsilə inkişaf kapitalına çevirməsidir. Bu baxımdan enerji sərvətləri iqtisadi inkişafın daha effektiv maliyyələşmə mənbəyi rolunu oynayır.

Əslində Prezident İlham Əliyevin çıxışının iqtisadi məntiqi ondan ibarətdir ki, Azərbaycanın enerji strategiyası artıq sənaye strategiyasıdır. Müasir inkişaf nəzəriyyələrinin aparıcı nümayəndələrindən olan Dani Rodrikin vurğuladığı kimi, uzunmüddətli rəqabət üstünlüyü yeni istehsal sahələrinin, texnologiyaların və məhsuldarlığın formalaşmasından yaranır. Bu baxımdan enerji - sənaye - texnologiya - məhsuldarlıq zənciri Azərbaycanın yeni inkişaf modelinin əsas iqtisadi məntiqini təşkil edir.

İkinci mühüm istiqamət enerji siyasətinin sənaye siyasəti ilə inteqrasiyasıdır. Müasir iqtisadi rəqabət artıq yeni üstünlüklərin yaradılması üzərində qurulur. Bu baxımdan enerji sektoru ixrac gəlirləri yaradan sahə, habelə yeni sənaye sahələrinin, texnologiyaların və investisiya istiqamətlərinin formalaşdırılmasına xidmət edən strateji platformadır. Xəzər dənizində külək enerjisinin inkişafı, yaşıl enerji layihələri, enerji dəhlizlərinin genişləndirilməsi və yeni infrastruktur təşəbbüsləri enerji sektorunun iqtisadiyyatın digər sahələrində struktur dəyişikliklərini stimullaşdıran katalizator rolunu nümayiş etdirir.

Üçüncü element dövlətin iqtisadi transformasiyadakı funksiyasına dair yanaşmadır. Son illərdə dünya iqtisadiyyatında müşahidə olunan əsas tendensiya dövlətin strateji istiqamətləri müəyyən etməsidir. ABŞ-da yüksək texnologiyalar, Avropada yaşıl sənaye, Asiyada innovasiya əsaslı inkişaf proqramları göstərir ki, uğurlu iqtisadi transformasiya uzunmüddətli milli missiya və koordinasiya olmadan mümkün deyil. Prezident İlham Əliyevin çıxışında da enerji sektoru ayrıca iqtisadi fəaliyyət sahəsindən çox, ölkənin gələcək inkişaf missiyasının bir hissəsi kimi təqdim olunur.

Bu yanaşma Mariana Mazzukatonun “Missiyayönümlü iqtisadiyyat” konsepsiyası ilə də uzlaşır. Mazzukatoya görə, böyük iqtisadi transformasiyalar vahid strateji missiya ətrafında formalaşan inkişaf ekosistemləri hesabına baş verir. Bu baxımdan Qarabağ və Şərqi Zəngəzurun yaşıl enerji zonaları, Xəzər dənizində külək enerjisinin inkişafı, yaşıl enerji dəhlizləri, rəqəmsal transformasiya və nəqliyyat-logistika layihələri Azərbaycanın yeni iqtisadi modelini formalaşdıran vahid milli missiyanın müxtəlif elementləridir. Əslində Prezident İlham Əliyevin çıxışında görünən inkişaf modeli enerji ehtiyatlarının idarə edilməsindən daha geniş məna daşıyır. Bu model enerji kapitalının infrastruktur kapitalına, infrastruktur kapitalının sənaye və logistika üstünlüyünə, həmin üstünlüklərin isə innovasiya və yüksək məhsuldarlıq yaradan iqtisadi sistemə çevrilməsinə əsaslanır. Başqa sözlə, məqsəd enerji gəlirlərinin artırılması və enerji hesabına güclü iqtisadiyyatın qurulmasıdır.

Dünya təcrübəsi göstərir ki, enerji sərvətlərinin iqtisadi transformasiyaya çevrilməsinin müxtəlif modelləri mövcuddur. Norveç enerji gəlirlərini maliyyə kapitalına və institusional dayanıqlılığa, Birləşmiş Ərəb Əmirlikləri logistika və xidmət iqtisadiyyatına, Səudiyyə Ərəbistanı isə sənaye və texnoloji transformasiyaya yönəldir. Azərbaycanın inkişaf modeli isə bu yanaşmaların ayrı-ayrı elementlərini birləşdirərək enerji kapitalını geoiqtisadi üstünlüyə, logistika potensialına, yeni sənaye imkanlarına və innovasiya əsaslı iqtisadi artıma çevirməyə əsaslanır.

Beləliklə, Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”ndəki çıxışının mərkəzində enerji ehtiyatlarının sənayeləşmə, texnoloji modernləşmə, rəqabət qabiliyyəti və geoiqtisadi güc imkanlarına çevrilməsi dayanır. Bu da əslində inkişaf iqtisadiyyatına keçidin fəlsəfəsidir. Azərbaycanın əsas nailiyyəti malik olduğu enerji ehtiyatlarının makroiqtisadi sabitlik, strateji infrastruktur investisiyaları və insan kapitalı vasitəsilə inkişaf kapitalına çevirməsidir. Məhz bu yanaşma enerji sərvətlərini iqtisadi üstünlüyə, iqtisadi üstünlüyü isə uzunmüddətli rəqabət qabiliyyətinə transformasiya etməyə imkan vermişdir.

Azərbaycanın yeni üstünlüyü: platforma dövlət modeli

Dünya iqtisadiyyatında formalaşan yeni reallıqlar göstərir ki, dövlətlərin rəqabət üstünlüyü artıq resursların hansı iqtisadi sistemə inteqrasiya olunması, hansı bazarlara çıxış yaratması və hansı dəyər zəncirlərinin formalaşmasına xidmət etməsi ilə müəyyən olunur. Başqa sözlə, XXI əsrin iqtisadiyyatında əsas məsələ resursları iqtisadi əlaqəlilik və əlavə dəyər yaradan platformaya çevirməkdir.

Bu baxımdan Prezident İlham Əliyevin “Bakı Enerji Həftəsi”ndəki çıxışının ən mühüm mesajlarından biri Azərbaycanın enerji ölkəsi statusundan geoiqtisadi platforma statusuna keçidini əks etdirməsidir. Əgər “Əsrin müqaviləsi” Azərbaycanı dünya enerji xəritəsinə daxil etmişdisə, hazırkı mərhələdə məqsəd ölkəni Avrasiya məkanında enerji, logistika, ticarət və yaşıl inkişaf axınlarının qovşağına çevirməkdir.

COP29 və ötən ay Bakıda keçirilmiş WUF13 Azərbaycanın beynəlxalq mövqeyinin yalnız enerji sahəsi ilə məhdudlaşmadığını göstərir. Bu platformalar ölkənin yaşıl transformasiya, dayanıqlı urbanizasiya və qlobal inkişaf gündəliyinin müxtəlif istiqamətlərində əlaqələndirici rolunu gücləndirir.

Bu transformasiyanın əsas dayaqları Xəzər regionu və Orta Dəhlizdir. Xəzər artıq Avropa ilə Mərkəzi Asiya arasında enerji, ticarət və investisiya əlaqələrinin formalaşdığı strateji məkandır. Eyni zamanda, qlobal təchizat zəncirlərinin yenidən qurulması fonunda Orta Dəhliz nəqliyyat layihəsindən daha geniş məna kəsb edərək kapital, texnologiya və investisiya axınlarını birləşdirən geoiqtisadi inteqrasiya xəttinə çevrilir.

İqtisadi nəzəriyyəyə görə, bu, nəqliyyat və logistika qovşaqları ətrafında aqlomerasiya effektinin yaranması deməkdir. Yük və ticarət axınlarının artması logistika mərkəzlərinin, sənaye zonalarının, emal müəssisələrinin və xidmət sektorunun inkişafını stimullaşdırır. Nəticədə, nəqliyyat dəhlizi iqtisadi inkişaf dəhlizinə çevrilir. Azərbaycanın məqsədi də məhz tranzit ölkədən regional dəyər zəncirlərinin formalaşdığı iqtisadi məkana yüksəlməkdir. Prezident İlham Əliyevin çıxışında enerji layihələrinin nəqliyyat infrastrukturu və regional əməkdaşlıq təşəbbüsləri ilə birlikdə təqdim olunması təsadüfi deyil. Müasir iqtisadi sistemdə enerji, ticarət və investisiya axınları vahid geoiqtisadi məkan daxilində qarşılıqlı şəkildə formalaşır və bir-birini gücləndirir.

Bütün bunlar şəbəkə effekti yaradır. Azərbaycanın enerji və nəqliyyat sistemlərinə qoşulan hər yeni bazar və tərəfdaş ölkənin geoiqtisadi əhəmiyyətini artırır. Beləliklə, Azərbaycanın üstünlüyü enerji ehtiyatlarında və müxtəlif iqtisadi məkanları bir-biri ilə əlaqələndirmək qabiliyyətində formalaşır.

Müasir iqtisadi nəzəriyyələrdə geniş müzakirə olunan “Platforma dövlət” konsepsiyası bu prosesi izah edir. Platforma dövlət modelində əsas dəyər enerji, logistika, kapital, texnologiya və məlumat axınlarının əlaqələndirilməsindən yaranır. Müasir iqtisadiyyatın ən yüksək əlavə dəyəri məhz bu axınların kəsişdiyi məkanlarda formalaşır. Prezident İlham Əliyevin enerji baxışının mahiyyəti də Azərbaycanın enerji potensialını, nəqliyyat üstünlüklərini və yaşıl inkişaf imkanlarını vahid sistemdə birləşdirərək ölkəni regional enerji mərkəzindən Avrasiyanın mühüm platforma dövlətlərindən birinə çevirməkdən ibarətdir.

Əgər XX əsrin sonlarında Azərbaycanın əsas üstünlüyü enerji ehtiyatları idisə, XXI əsrin ikinci rübündə əsas üstünlük enerji, logistika, kapital və texnologiya axınlarının qovuşduğu geoiqtisadi platforma olmaqdır. Bu baxımdan Azərbaycanın gələcək uğuru hasil etdiyi resurslar əsasında yaratdığı əlaqələndirmə və əlavə dəyər imkanları ilə müəyyən olunacaq.

Şaiq ADIGÖZƏLOV,
iqtisad üzrə fəlsəfə doktoru

Siyasət