1997-ci il yanvarın 19-da ulu öndər Heydər Əliyev M.Qədirli adına Mərkəzi Hövzə Xəstəxanasında müalicə olunan Bəxtiyar Vahabzadə ilə görüşü zamanı şairin onu əməliyyat etmiş professordan razılıq etməsindən məmnunluğunu ifadə edib: “Təşəkkür edirəm ki, cərrahımız belə yaxşı əməliyyat aparıbdır. O, Yeni Azərbaycan Partiyasının üzvüdür və həmin partiyanın siyahısı ilə Milli Məclisə deputat seçilib. Biz fəxr etməliyik ki, Milli Məclisdə bu cür mütəxəssislər, ziyalı adamlar var”.
Söhbət Sudeyf İmamverdiyevdən gedirdi – O zaman Azərbaycan Tibb Universitetinin urologiya kafedrasının müdiri olmuş, Əməkdar elm xadimi, I və II çağırış Milli Məclisin deputat seçilmiş təbibdən.
Artıq həmin vaxtdan 26 il ötür. Bu günlərdə elm və peşə yollarında daim inamla irəliləmiş Sudeyf İmamverdiyevin 85 yaşı tamam olur. Onun haqqında düşünəndə əmin olursan ki, Tanrının verdiyi ömür payını mənalı, müdrikcəsinə yaşaya bilənlərdəndir. Alim, cərrah, pedaqoq, ictimai-siyasi xadim, ən başlıcası, yurdsevər vətəndaş olan akademik Sudeyf İmamverdiyev bütün bu fəaliyyət sahələrini bir ömrə sığışdıra bilmiş bənzərsiz şəxsiyyətdir. Təkcə Azərbaycanda deyil, dünya urologiyasında da bir çox ilklər məhz soydaşımıza məxsusdur.
O, 1977-ci ildə Azərbaycanda ilk dəfə olaraq, 68 yaşlı kişidə yaxın və uzaq nəticələri qənaətbəxş olan sidikliyin yayılmış şişinə görə “Sistektomiya, ureterosiqmostomiya” əməliyyatını həyata keçirib. 1979-cu ildə isə Sovet İttifaqında ilk və ağır əməliyyatlardan sayılan, vazorenal hipertoniyası olan xəstədə müvəffəqiyyətlə yeganə funksiyası olan böyrəyin autotransplantasiyası əməliyyatını aparıb.
Görkəmli uroloq-cərrah sidikliyin yayılmış şişlərinin və böyrəklərin mərcanvari və çoxlu daşlarının cərrahi müalicəsiylə geniş məşğul olmağa başladığı üçün 1983-cü ildə M.Qədirli adına xəstəxananın 30 çarpayılıq urologiya şöbəsinə rəhbərlik ona tapşırılıb. Alimin gərgin səyi nəticəsində bu şöbənin işi əsaslı dərəcədə canlandırılıb və çarpayıların sayı 45-ə çatdırılıb. Azərbaycanda herontologiya və heriatriya elminin inkişafında da böyük xidmətləri olan Sudeyf İmamverdiyev 1984-cü ildən Azərbaycan Herontologiya Cəmiyyətinin sədri, Ümumittifaq Herontoloqlar və Heriatrlar Cəmiyyətinin üzvü olub. 1986-cı ildə isə respublikanın baş herontoloq və heriatrı vəzifəsini daşıyıb.
Professor İmamverdiyev 1990-cı ildən Azərbaycan Tibb Universitetinin urologiya kafedrasına rəhbərlik edir. Elmi kadrların yetişdirilməsində, tədris işlərinin keyfiyyətinin yaxşılaşdırılmasında müstəsna xidmətləri olub. Onun rəhbərliyi altında 21 fəlsəfə doktorluğu, 10 elmlər doktorluğu dissertasiyası müdafiə edilib. Hazırladığı alimlər sırasında xarici ölkə vətəndaşları da var. Görkəmli alim urologiyanın müxtəlif problemlərinə həsr olunmuş 350-dan çox elmi məqalənin, 10 monoqrafıyanın, 6 dərs vəsaitinin, 5 metodik vəsaitin, 13 səmərələşdirici təklifin və ixtiranın müəllifidir.
O, tələbələrin böyük rəğbətini qazanmış müəllimdir. Keçirdiyi məşğələlər, oxuduğu mühazirələr nəinki tələbələr üçün, hətta formalaşmış həkimlər üçün də çox gərəklidir. Azərbaycan və rus dillərində yüksək səviyyədə tədris etməyi bacaran, ingilis dilində sərbəst oxuyub-danışa bilən Sudeyf İmamverdiyevin urologiya məktəbi artıq göz qabağındadır. Onun rəhbərlik etdiyi klinikada azərbaycanlılarla yanaşı, Fələstindən, İordaniyadan, İrandan, Türkiyədən gəlmiş həkimlər məktəb keçib və keçməkdədirlər. Alimin geniş fəaliyyəti respublikamızdan kənarda da yüksək qiymətləndirilmişdir. 1993-cü ildə Avropa Uroloqlar Assosiasiyasının həqiqi üzvü, 2001-ci ildə Gürcüstan Uroloqlar Assosiasiyasının fəxri üzvü, həmin ildə Azərbaycan Respublikası Milli Elmlər Akademiyasının müxbir üzvü seçilmişdir.
Bu gün Sudeyf müəllimin əhval-ruhiyyəsi xüsusilə yüksəkdir. Axı, son 30 ildə ilk dəfədir ki, yubileyini məhz Qarabağı azad etmiş Azərbaycanda qeyd edir. Bu yerdə onun gəncliyinin yaddaşında acı bir xatirəsi yada düşür: “1960-cı ildə 4-cü kursda idim, Xankəndidə təcrübə keçirdim. Palatada erməni millətindən olan baş terapevt xəstələrə baxırdı. Poliklinika müdiri həm də xəstəxananın həkimi idi. O, xəstə qadına baxanda dedi:
– Bura gələndə vəziyyəti yaxşı deyildi, indi sağalmışdır.
Təbriz ləhcəsində danışan xəstə qadın təşəkkür etdi və tam yaxşı olması üçün bir neçə gün artıq qalmaq istədiyini bildirdi. Həkimin üzü döndü, rus dilində deyinməyə başladı:
– Bunlar necə adamlardır? Neçə vaxtdır müalicə edirəm, çıxmaq istəmir. Qədirbilməz heyvan!
Baş terapevt buna reaksiya vermədi, mənsə dözə bilməyib dilləndim:
– Siz xəstə haqqında belə danışmaqdan utanmırsınız? Bununla bizə nə öyrədirsiniz?
Erməni həkim cavab vermədən acıqla qapını çırpıb getdi. Bir neçə dəqiqədən sonra məni baş həkimin otağına çağırdılar. Baş həkim mənə:
– Siz niyə xuliqanlıq edirsiniz? – dedi. – Nə haqla təcrübəli həkimə qarşı kobudluq edirsiniz? İnstituta və nazirliyə yazıb tələb edəcəyik ki, sizi xaric etsinlər.
Mən də dedim ki, görünür, institutda bizi düz öyrətməyiblər. Səhvən öyrədiblər ki, xəstə ilə nəvazişlə, qayğı ilə rəftar etmək lazımdır. Demə, xəstələrlə burada gördüyümüz kimi davranmaq lazımmış...
Etirazımdan və uzun mübahisələrdən sonra məni “bağışladılar”.
Sudeyf İmamverdiyevin yubiley tədbirləri Azərbaycanın qədim tarixi şəhəri Qəbələdən başlayıb. Uroloq, androloq və ginekoloqların toplaşdığı bu konfrans akademikin 85 illiyinə həsr olunub. O, konfransın təşkilatçı və iştirakçılarına minnətdarlığını bildirsə də, bir həkim, alim, vətəndaş olaraq bugünkü səhiyyənin problemləri barədə də fikir və təkliflərini söyləyib.
Milli Qurtuluş Günündə Şuşa Bəyannaməsinin ikinci ildönümü münasibətilə bu şəhərdə təşkil olunmuş konfransda iştirakı yaddaşında xoş duyğular yaradıb. Türkiyənin Ədaĺət və İnkişaf Partiyası və Yeni Azərbaycan Partiyası ilə birgə keçirilən beynəlxalq konfransdan, xüsusilə partiya sədrinin l müavini, Türk Dövlətləri Ağsaqqallar Şurasının sədri Binəli Yıldırımla səmimi görüşlərdən zəngin təəssüratla ayrılıb.
Sudeyf müəllim həm də nümunəvi ailə başçısıdır. Sözün həqiqi mənasında, ömür-gün dostu olan, kurortoloq alim, Əməkdar həkim Sevda xanım Nəsrullayeva ilə iki dəyərli övlad böyüdüblər. Onların oğlu Cavid İmamverdiyev tanınmış rejissordur, Akademik Musiqili Teatrının baş rejissorudur. Qızları Sevinc xanım tibb üzrə fəlsəfə doktorudur, Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunda elmi katibdir. Estafeti nəvələr də uğurla davam etdirirlər. Murad dünyanın ən məşhur elm ocaqlarından olan Mançester Universitetini bitirib, PAŞA Sığorta Şirkətində departament rəhbəridir. Şeyda ADA Universitetini bitirdikdən sonra magistr təhsilini Londonda alıb. Amerika–Azərbaycan Ticarət Palatasında baş mütəxəssisdir. Bu günlərdə nişanlısı Hüseyn Mustafabəyli ilə babasına toy sevinci bəxş edəcək. Bulatın tələbə adı almasının isə sevinci babasını, az qala, bir ömür cavanlaşdırıb. Dünyanın bir çox ölkələrindən təhsillə bağlı təkliflər alan Bulat babasının razılığı ilə Belçikanı seçib.
…Sudeyf müəllim uşaq vaxtı doğma Astarada futbol komandasının kapitanı olub. O, bu gün də kapitandır. Azərbaycan uroloqlarının hər il Qəbələdə keçirilən konfransından sonra keçirilən futbol yarışında ən çox qol vuran Sudeyf müəllim olur. Futbolda kapitan olan Sudeyf İmamverdiyev dünya urologiyasının generalları sırasındadır.
Sevimli loğmanımıza sağlam və uzun ömür, yeni elmi-təcrübi uğurlar arzulayırıq.
Sevda ƏLİBƏYLİ,
“Söz” jurnalının baş redaktoru