Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Sosial Xidmətlər Agentliyi Vətən müharibəsinin üçüncü ildönümünə həsr olunan “Qələbə soraqlı bayrağım” adlı aksiya keçirib.
Tədbir çərçivəsində Vətən müharibəsi şəhidlərinin övladlarının agentliyin Əlilliyi olan Şəxslərin Peşə-Əmək Reabilitasiyası Mərkəzinə ekskursiyası təşkil edilib. Qonaqlara mərkəzdə göstərilən xidmətlər barədə ətraflı məlumat verilib. Sonra mərkəzin yetirmələri olan əlillərin hazırladıqları 44 Azərbaycan bayrağı Vətən uğrunda canlarından keçən qəhrəmanlarımızın əmanətlərinə təqdim edilib.
Layihənin məqsədi möhtəşəm zəfərimizlə başa çatan Vətən müharibəsi şəhidlərinin ailələrinə, onların bizə yadigar qalan övladlarına kimsəsiz olmadıqlarını hiss etdirməkdir. Bundan əlavə, əlilliyi müəyyən edilmiş şəxslərin cəmiyyətə inteqrasiyasına dəstək olmaq və şəhid övladlarının asudə vaxtının səmərəli təşkili də diqqət mərkəzindədir.
Zərifə HÜSEYNOVA
XQ

