Müstəqilliyimizin Xilaskarı

post-img

Heydər Əliyevin ömür yolu, dövlətçilik fəaliyyəti, zəngin irsi xalqımızın milli sərvətidir. Elə müsahibimlə söhbətimi də bu məram üzərində qurmuşam. 

Müsahibim ABŞ York universitetinin tibb elmləri ürə fəlsəfə doktoru, Vatikan Bonniface Akademiyasının fəxri akademiki, Rusiya Federasiyasının alterntiv təbabət professoru, Respublika Qadınlar Cəmiyyəti idarə heyətinin üzvü, Binəqədi rayon Qadınlar Şurasının sədri, “Müstəqilliyimizin Xilaskarı” kitabının müəllifi  İradə Hacıyevadır. 

- İradə xanım, 1993-cü ildə siz Gəncədə həm işləyir, həm də yaşayırdınız. Ümummilli lider Heydər Əliyevin Gəncəyə gəlişini, həmin ilin iyun hadisələrini necə xatırlayırsınız? 

-Xalqın müstəqillik ideallarını gerçəkləşdirən, Azərbaycançılıq məfkurəsinin banisi ümummilli lider Heydər Əliyev haqqında yazdıqlarım bir insan ömrünün yaşantılarıdır. Bu gün təkcə Azərbaycanın yox, bütün dünyanın qəbul etdiyi bir həqiqət var: Heydər Əliyev olmasa bugünki müstəqil və müasir Azərbaycan da olmayacaqdı. Bir çox beynəlxalq politoloqlar ulu öndər Heydər Əliyevin hakimiyyətinin ilk dövr fəaliyyətini çox vaxt  qısaca olaraq “moderenləşdirmə” kimi ifadə edirlər. Buna əsas verən faktlar saysız-hesabsızdır. Həqiqətən məhz Heydər Əliyevin sovet dönəmində Azərbaycan rəhbərliyinə gəlməsindən sonra respublikada dərin modernləşdirmə prosesi başladı. Ona qədər respublika sovet imperiyasının iqtisadi sahədə geridə qalmış xammal əyalətlərindən birinə çevrilmişdi.

Mənim ulu öndər Heydər Əliyev şəxsiyyəti haqqında xatirlərim də məhz 1970- 1980-ci illərə, Azərbaycanın sovet dönəmindəki sürətli inkişaf dövrünə təsadüf edir. Tibb İnstitutunun tələbəsi olduğum həmin illərdə Azərbaycan özünün sürətli inkişafını, biz gənclər isə həyatımızın qızıl  dövrünü yaşayırdıq. Haqqında bütün SSRİ məkanında əfsanələr dolaşan, Azərbaycanda  tərəqqi və inkişafın, milli intibahın baş memarı olan Heydər Əliyev bizim üçün əsl iftixar mənbəyinə çevrilmişdi. Böyük şövqlə elmi biliklərə yiyələnir və Vətənə xidmət üçün səylə çalışırdıq ki, biz də ölkəmizə töhfəmizi verək. 

Məhz həmin illərdə gənc siyasi lider Azərbaycanı və Azərbaycan xalqını ittifaq və dünya məkanında təkcə Bakı neftinə görə deyil, həm də zəngin mədəniyyətinə, adət-ənənələrinə, elminə, incəsənətinə görə tanıtmaq üçün ağlagəlməz bir enerji ilə çalışır və misilsiz layihələr həyata keçirirdi. O, milli mənliyimizin əsas göstəricilərindən biri olan mədəni irsimizin inkişafına xüsusi diqqət ayırırdı. Bu səbəbdən də, onun ilk hakimiyyəti illərində klassik korifey sənətkarlarımızın, şairlərimizin, ədiblərimizin, elm və incəsənət xadimlərimizin yubileyləri böyük təntənə ilə qeyd edilir, onlar haqqında əsərlər yazılır, tariximiz ciddi araşdırılır və yeni-yeni əsərlər nəşr edilir, xalq qəhrəmanlarımız haqqında filmlər çəkilirdi. Təbii ki, biz gənclər bütün bunların gələcəkdə müstəqilliyimizin qurulmasına misilsiz töhvələr verəcəyini ağlımıza belə sığışdıra bilməzdik...

Maraqlıdır ki, ulu öndərin həmin dövr fəaliyyətini yaxından izləyən, hətta, rus yazıçısı Yuri Pompeyev yazır ki, “Heydər Əliyev tarixi bir şəxsiyyət idi. Heydər Əliyev fəaliyyətinin bütün dövrlərində  həqiqətən daim irəli, böyük perspektivlər vəd edən işıqlı gələcəyə baxan şəxsiyyət olub.  O, Azərbaycan DTK-nın sədri olanda da, Azərbaycan KP MK-nın birinci katibi olanda da bu perspektivləri əldə etməyi bacardı. Başqa respublikalarda ikinci katiblər hakimi-mütləq olanda, Azərbaycanı birinci katib Heydər Əliyev idarə edib. O ədəbiyyatla, rəssamlıqla, memarlıqla, teatrla və incəsənətin bütün sahələri, Azərbaycan xalqının bütün dəyərləri ilə ciddi məşğul olub. Heydər Əliyev onlara inkişaf etməyə imkan yaradıb”.

Hakimiyyətdə olduğu bütün dövrlərdə, milli mənliyin baş məsələlərindən biri kimi Azərbaycan dilinə xüsusi diqqət yetirən Heydər Əliyev, imperiya ideologiyasının təzyiqlərinə baxmayaraq, məhz doğma dilimizi böyük cəsarətlə dövlət dili kimi Azərbaycan SSR-in yeni Konstitusiyasına daxil etdi.  Yaxşı xatırlayıram, oxuduğumuz ali məktəbin auditoriyalarında bir çox müəllimlərimiz həmin  tarixi hadisəni sevinc, göz yaşları içində bizə açıqlayırdılar. Çox-çox sonralar, müstəqillik illərində ulu öndər bu təhlükəli tarixi məqamı xatırlayaraq deyirdi: “Yadımdadır, 1978-ci ildə biz Azərbaycanın Konstitusiyasına Azərbaycan dilinin dövlət dili olması haqqında maddə daxil edəndə, Moskvadan bizim başımıza nə qədər oyunlar açıldı, nə qədər təzyiqlər göstərildi. Ancaq biz bu təzyiqlərə dözdük”.

Yada salınası, xatırlanası yüzlərlə belə faktlar var. Artıq müstəqillik illərində Azərbaycana ilk rəhbərlik dövrü fəaliyyətini xalqı üçün çox dəyərəli bir dövr kimi məmnunluqla xatırlayan Heydər Əliyev deyirdi: “Bunlar ən yaxşı illər idi... Bəzən hətta mən işimi qurtarandan sonra da evə getmirdim, düşünürdüm, araşdırmalar aparırdım, bizim respublikanın vəziyyətinin daha da yaxşı olması üçün yeni planlar qururdum. Fikirləşirdim ki, vəzifəmin mənə verdiyi imkanlardan istifadə edib öz xalqım üçün daha faydalı işlər görüm”.

1982-ci ildə ulu öndəri SSRİ kimi nəhəng ölkənin ali rəhbərliyinə əsas şəxslərdən biri kimi Moskvaya dəvət edəndə, xalqımızın, xüsusilə biz gənclərin qüruru yerə-göyə sığmırdı. Həmin illərdə Heydər Əliyevin Moskvada sovet dövlətinin rəhbərlərindən biri kimi fəaliyyəti ittifaq ərazisində yaşayan azərbaycanlılar arasında milli təfəkkürün güclənməsində çox mühüm rol oynadı. Hətta bu gün belə postsovet respublikalarında və xarici ölkələrdə “Azərbaycanlı” adını şərəf və ləyaqətlə daşıyan neçə-neçə dünya şöhrətli alim, ziyalı, incəsənət xadimi, iş adamı məhz o dövrdə formalaşmağa başlamışdır. 

Bizim nəslin gənclik illərinə təsadüf edən həmin illərdə Sovet İttifaqının ali rəhbərliyində çalışan böyük Azərbaycanlı əslində  böhran yaşayan və dəyişikliklər tələb edən SSRİ-də islahatlar aparmağın ən fəal tərəfdarlarından idi. Lakin onun SSRİ-ni xilas etmək, onu yeni inkişaf xəttinə çıxarmaq üçün təklif etdiyi bir çox ideyalar həyata keçirilməmiş qaldı. Mixail Qorbaçovun böyük siyasət nəhəngi  Heydər Əliyevin kölgəsindən çıxa bilməməsi, Kremldə Günəş kimi parlayan müsəlman-türk oğluna qarşı ədalətsiz təqiblərə və təzyiqlərə yol açdı. Bakıdan Heydərsevərlərin böyük ürək ağrısı ilə izlədiyi bu hadisələr nəhayət, 1987-ci ildə onun istefaya getməsilə nəticələndi. Bu hadisələr və Sovet İttifaqının yeni rəhbərliyinin düşünülməmiş addımları SSRİ-nin yaxınlaşmaqda olan iflasını daha da sürətləndirdi.

Sonralar “Washington Post” qəzetinə müsahibə verən ulu öndər  özünəməxsus incəliklə istefaya getməsinin səbəblərini belə açıqlayırdı: “Fəaliyyətimin son dövrlərində Qorbaçovun mənə səmimi olmayan münasibətini hiss etdim. Mən vicdanla işləyirdim, öz işimdə heç bir əyər-əskik görmürdüm. Qorbaçov isə özünün subyektiv hisslərinin əsirinə çevrildi və bununla da hər şey bitdi...”

Məhz həmin tarixdən  Azərbaycanda çox ziddiyytli tendensiyalar, erməni separatizmi baş qaldırdı və Moskvadan erməni separatizmini ciddi cəhdlə körüklənməyə başladılar. 

1990-cı il yanvarın 20-də Bakıya sovet qoşunlarının hərbi kontingenti  yeridildi, hadisələr xalqımız üçün böyük qanlı faciə ilə nəticələndi. Hadisənin səhəri günü Heydər Əliyev imperiya ağalarının təqib və təziyqlərinə baxmayaraq, mürəkkəb vəziyyətdə böyük cəsarət, vətəndaş mövqeyi və Vətən təəssübkeşliyi nümayiş etdirərək Azərbaycan SSR-in Moskvadakı nümayəndəliyində Bakıya qoşun yeridilməsini qətiyyətlə pislədi, Azərbaycan xalqına qarşı törədilmiş qanlı cinayətin təşkilatçılarının və icraçılarının cəzalandırılmasını tələb etdi. Məhz həmin hadisələrdə ulu öndər müstəqil Azərbaycanın tərəfdarı olduğunu açıq bəyan etdi. Onun verdiyi bəyanat çökməkdə olan sovet imperiyasını lərzəyə saldı. Məhz bundan sonra faciənin sarsıntısından ayılan dünya  azərbaycanlıları ayağa qalxdı və  xalqın siyasi iradəsini bəyan edən dahi azərbaycanlının səsinə səs verərək ölkənin, xalqın taleyi üçün tarixi məsuliyyət daşımaq qüdrətində olan yeganə siyasi xadim və milli lider ətrafında sıx birləşməyə başladılar.

Azərbaycanın ağır günləri də məhz, bundan sonra başladı.  O illərdə Gəncə şəhərində həkim işləyirdim. Bir sözlə, xalq Heydər Əliyevi – Xilaskarını gözləyirdi. Bütün Gəncə təlatüm içində idi. Həmin günlərin canlı şahidi kimi gördüklərimi və yaşadıqlarımı qələmə almışam. 

Azərbaycan Xalq Cəbhəsi hakimiyyətə gələndən bir müddət sonra Bakıdakı gərginlik tədricən Gəncəyə keçməyə başlamışdı. 1993-cü il iyunun əvvəllərində şəhərdə vəziyyət son dərəcə ağırlaşmışdı. Sürət Hüseynovun silahlı dəstələri iyunun 4-də Azərbaycan Müdafiə Nazirliyinin Gəncədə yerləşən hərbi hissələrini tərkisilah edib şəhəri tam nəzarətə götürmüşdülər. Bakı isə buna sərt cavab verməyə hazırlaşırdı.  Gəncənin ziyalıları artıq öz aralarında danışırdılar ki, AXC hakimiyyətinin idarəçiliyi ölkəni vətəndaş qarşıdurmasına aparır. Hamı ümidini Naxçıvana, Heydər Əliyevə bağlamışdı. İyunun ilk ongünlüyündə hökumətin silahlı qüvvələri Gəncəni mühasirəyə almışdılar. Bakı Gəncəyə şəhəri havadan bombalayacaqları haqqında ultimatumlar göndərirdi. Bütün Azərbaycan gərginlik içində idi. Nəhayət, 1993-cü il iyunun 13-də Gəncədə ilk atəş səsləri eşidildi. Bu, dəhşət idi. Azərbaycanı məhvə sürükləyir, qardaş qırğınına yol açırdılar. 

AXC hakimiyyəti iyunun 14-ə qədər bir neçə dəfə Gəncəyə hərbi müdaxiləyə cəhd etdi. Lakin heç nəyə nail olmadı. Bu müddətdə isə bütün Azərbaycan ayağa qalxıb ulu öndər Heydər Əliyevin Bakıya gəlməsini və çıxılmaz vəziyyətə düşən AXC-dən hakimiyyətin ona verilməsini tələb etməyə başlamışdı. Xalq təkidlə öz liderini ölkəni xilas etməyə çağırırdı. AXC hakimiyyəti bütün vasitələrinin tükəndiyini və iflasa uğradığını dərk edib ümummilli lider Heydər Əliyevi Bakıya gətirmək üzün təyyarə göndərdi. Heydər Əliyev Bakıda bəyan etdi ki, o, Gəncəyə gedib vəziyyətlə yerində tanış olub, sonra qərarını verəcək. 

Heydər Əliyevə Gəncədəki hadisələr məlum olandan sonra Milli Məclisin tribunasından hakimiyyətin törətdiyi hadisələri sərt tənqid etdi. Elə həmin iclasda ulu öndər Ali Sovetin sədri seçildi. Bir neçə gündən sonra o, artıq Prezident səlahiyyətlərini icra etməyə başladı. 

Ümummilli lider  hakimiyyət başına keçəndən sonra ölkədə tədricən gərginlik azalmağa, insanlar rahat nəfəs almağa başladılar. Ölkə dağılmaq və məhv olmaq təhlükəsindən qurtulmağa başladı. Belə bir vaxtda hakimiyyətin ağır məsuliyyətini üzərinə götürmək, böyük ustalıqla dövləti böhrandan  çıxarmaq hər adama nəsib olmur. Amma tarixin bu sərt dönüşündə Allah Heydər Əliyevi ölkəmizə Xilaskar kimi göndərmişdi. O, dağılmaqda olan ölkəni xilas edib, xalqı bir yumruq kimi ətrafında birləşdirdi. Heydər Əliyevin həyatda, Azərbaycan qarşısında, xalqımızın firavan həyatı naminə müstəsna xidmətləri çoxdur. Ancaq Azərbaycanın, onun dövlətçiliyinin və müstəqilliyinin xilası, mənim nəzərimdə ulu öndərin misli olmayan tarixi xidməti, son dərəcə nəhəng nailiyyətidir.

Heydər Əliyev 10 illik hakimiyyəti dövründə 200 ildən artıq həll olunmasını gözləyən bir çox problemləri yoluna qoydu: 

·         müstəqil dövlətçiliyin əsaslarını yaradıb onu möhkəmləndirdi;

·         XX əsrin mühüm tələbi olan hüquqi dövləti formalaşdırdı;

·         Sovet iqtisadiyyatı sisteminin qalıqlarını aradan qaldırdı, iqtisadiyyatı dövlət monopoliyasından çıxartdı;

·         bu gün ölkə iqtisadiyyatının əsas hərəkətverici mexanizminə çevrilən sahibkarlığın əsasını qoydu, cəmiyyətin və dövlətin şəxsi mülkiyyətin legitimliyi ideyasını dərk etməsinə nail oldu və sahibkarlığı müasir inkişaf yoluna yönəltdi;

·         ölkəni separatizmdən qurtarıb xilas yoluna  aparan Azərbaycançılıq ideologiyasını vahid milli ideologiyaya çevirdi. 

Heydər Əliyevin böyüklüyü və dövlətçilik fəlsəfəsinin əzəməti onda idi ki, o, bütün bunları ardıcıllıqla deyil, eyni zaman çərçivəsində paralel şəkildə gerçəkləşdirirdi. Lider başa düşürdü ki, zaman bu problemlərin ardıcıllıqla həllinə yer qoymur və dünya, tarix bizi gözləyən deyil. Bu məsələlər üfüqü müstəvidə bir-biri ilə eynilik təşkil edirdi; investisiya mənbələrindən tutmuş ümumi sosial-siyasi strategiyaya və ideologiyaya qədər, hər biri paralel inkişaf etməlidir.

Məhz Heydər Əliyevin müstəsna xidmətləri və dövlət quruculuğu sayəsində Azərbaycan müstəqil siyasəti olan suveren dövlətə çevrildi. SSRİ dağılandan sonra keçmiş ittifaqın ərazisində bir çox dövlətlər yarandı, ancaq onların heç də hamısı Heydər Əliyevin qurduğu Azərbaycan kimi milli maraqlara xidmət edən və müstəqil siyasət yeridən dövlət ola bilmədi.  Azərbaycan bu gün müasir dünya xəritəsində o nadir ölkələrdəndir ki, öz tolerantlıq, çoxmillətlik, çoxkonfessiyalılıq koloritini qoruyub saxlaya bilib, heç bir hərbi bloka qoşulmadı və regionun güclü dövləti kimi bütün ölkələrlə bərabərsəviyyəli münasibətlər qurub. 

Dövlətçiliyin zaman-zaman formalaşan fəlsəfi qanunlarını yaxşı bilən Heydər Əliyev dərk edirdi ki, xalqların bütövlüyünü qoruyub saxlamaq üçün onları birləşdirən amillər olmalıdır. Bu amillər əsasən millətin tarixi, qəhrəmanlığını göstərən keçmişi, böyük şəxsiyyətlərin adları, milli, mədəni abidələri və ümümi planlarıdır.

Heydər Əliyev Azərbaycanın güclü dövlətçilik xəttini, siyasi və iqtisadi əsaslarını yaratmaqla yanaşı, milli dirçəliş və inkişafın əsasına çevrilmiş azərbaycançılıq məfkurəsi ideyasının banisidir. Məhz Heydər Əliyev ölkəsinin dünyəvi dəyərlərinin əsaslarını qoydu. Hazırda Azərbaycan sırf dünyəvi xarici və daxili siyasət yürüdən dövlətlərdəndir. 

Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Heydər Əliyev siyasətini uğurla davam etdirir. Hörmətli Prezidentimiz, Ali Baş Komandan İlham Əliyevin 2020-ci ildə 44 günlük müharibədə qazandığı tarixi Zəfər isə ulu öndərin ən böyük arzusunun həyata keçməsi kimi bütün xalqımızın qəlbindən xəbər verdi. Təzyiqlərə baxmayaraq, Azərbaycanın nüfuzu durmadan artır, xalqın rifahı yaxşılaşır. Heydər Əliyevin nəhəng rolu təkcə doğma Azərbaycanda yüksək qiymətləndirilmir. Dövrümüzün bir çox görkəmli xadimləri bu gün də onun haqqında dərin ehtiramla danışırlar.

Ümummilli lider Heydər Əliyevin bütün bu xidmətləri ilə bağlı öz xatirələrimi və araşdırmalarımı onun 100 illiyinə həsr etdiyim və ötən il işıq üzü görən “Müstəqilliyimizin Xilaskarı” adlı kitabımda daha geniş və müfəssəl şərh etmişəm. Kitabda ulu öndərin çoxşaxəli siyasi, ictimai fəaliyyəti, milli mənliyimizi qoruyan mədəni siyasətini müxtəlif yöndən və konkret faktlarla göstərməyə çalışmışam. Amma Heydər Əliyev şəxsiyyətinin miqyası, əzəməti, onun misilsiz xidmətləri yüzlərlə belə kitaba sığan deyil. Artıq neçə illərdir ki, onun bütün xalqımızın qəlbində əbədi məskən salmış və dillər əzbəri olan “Mən həmişə fəxr etmişəm və bu gün də fəxr edirəm ki, mən azərbaycanlıyam” kəlamı müdrik dövlətçilik fəlsəfəsi kimi tarixin sınağından uğurla çıxır. 

Ümummilli lider Heydər Əliyevin 100 illiyi və “Heydər Əliyev İli” elan olunmuş 2023-cü il tarixə qovuşdu. Mən böyük əminliklə deyirəm ki, Azərbaycan dövləti və Azərbaycan xalqı var olduğu qədər ulu öndərin tarix yazdığı müstəsna xidmətləri yaddaşlarda əbədi qalacaq və Heydər Əliyev adı gələcək nəsillərimiz tərəfindən  milli iftixar mənbəyi kimi daim yaşayacaq. Bəzən qürurla düşünürəm ki, bu böyük tarixi şəxsiyyətin, fenomen insanın, böyük zəka sahibinin müasiri olmaq taleyin bizə bəxş etdiyi misilsiz bir qismətdir.  

-Şahidi olduğunuz tarixi faktları bugünkü nəsilə yazıb çatdırdığınıza görə sizə təşəkkür edirəm. 

Söhbəti qələmə aldı:

Kəmalə ABDİNOVA

XQ

 





Sosial həyat