“Sağlamlığın Qorunması” İctimai Birliyi, TƏBİB və QHT-lərə Dövlət Dəstəyi Agentliyi “Sağlam Addımlar: Artıq Çəkiyə Son” layihəsi çərçivəsində “Artıq çəkinin fəsadları və düzgün həyat tərzi” mövzusunda elmi-praktik konfrans keçirib. Məqsəd ictimaiyyət arasında piylənmənin sağlamlığa təsiri, onun qarşısının alınması yolları, sağlam həyat tərzinin təbliği və profilaktik tədbirlərin aktuallığı barədə maarifləndirmədir.
Layihənin rəhbəri “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin sədr müavini, tibb elmləri doktoru Yazgül Abdıyeva açılış nitqində rəhbərlik etdiyi təşkilatın həyata keçirdiyi maarifləndirmə tədbirlərindən, keçirilən sağlamlıq aksiyalarından bəhs edib.
Prezident İlham Əliyevin digər sahələrlə yanaşı, səhiyyə sahəsindəki uğurlu islahatlarından bəhs edən natiq bildirib ki, Vətən müharibəsindən sonra qalib xalqın nümayəndələri olaraq qürur hissi ilə belə konfranslar həyata keçirə bilirik.
Konfransın mövzusuna uyğun olaraq, o, artıq çəkidən əziyyət çəkən insanların sayının artmasının qlobal miqyasda narahatedici göstərici olmasını və bu istiqamətdə maarifləndirmə tədbirlərinin aparılmasının zəruriliyini qeyd edib.
Milli Məclisin deputatı, Azərbaycan Ürək və Sağlamlıq Assosiasiyasının sədri, tibb elmləri doktoru Rəşad Mahmudov konfransın əhəmiyyətini qeyd edərəkj bildirib ki, piylənmə sadəcə zahiri görünüşlə bağlı deyil, ciddi sağlamlıq riskləri yaradan problemdir və bu sahədə vahid yanaşmaların formalaşdırılması böyük əhəmiyyət daşıyır. O, həmçinin “Ateroskleroz və kliniki protokollar: necə etməliyik və nə üçün?” mövzusunda məruzə edərək müasir yanaşmalar və tətbiq olunmalı praktik addımlar barədə fikirlərini bölüşüb.
Daha sonra TƏBİB-in İcraçı direktorunun müavini Araz Nəsirov konfransın açılışında qurumun bu sahədə gördüyü maarifləndirici və müalicəvi tədbirlərdən söz açıb. O vurğulayıb ki, artıq çəkinin idarə olunması təkcə fərdi deyil, eyni zamanda ictimai səhiyyə baxımından da prioritet məsələlərdəndir.
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Tibbi Planlama Departamentinin rəhbəri, professor Hikmət İbrahimli isə piylənmənin profilaktikası istiqamətində aparılan elmi və praktiki işlərin tibbi sığorta sistemində də prioritet istiqamətlərdən olmasını və bu mövzuda beynəlxalq təcrübələrin öyrənilməsinin vacibliyinə diqqət çəkib.
Yeni Klinikanın direktoru Barat Yusubov konfransın aktuallığını vurğulayaraq, sağlam həyat tərzinin təbliğinin tibb mütəxəssislərinin gündəlik fəaliyyətinə inteqrasiya olunmasının vacibliyini diqqətə çatdırıb.
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini, tibb elmləri doktoru Hicran Namazova mərasimin əhəmiyyətini vurğulayıb və oftalmologiya sahəsindəki yeniliklər və tətbiq olunan proqramlar barədə konfrans iştirakçılarına məlumat verib.
C. Abdullayev adına Elmi-Tədqiqat Kardiologiya İnstitutunun direktoru, professor Gülnaz Dadaşova konfransın əhəmiyyətindən və artıq çəkinin kardioloji təsirlərindən bəhs edib.
Daha sonra konfrans iştirakçılarına “Artıq Çəki və Düzgün Həyat Tərzi: Sağlam Gələcək” adlı maarifləndirici videoçarx təqdim olunub. Davamında respublikanın Əməkdar artisti Nuriyyə Hüseynova və bəstəkar ifaçı Çilənay Hüseynovanın ifasında rəqs ansamblının müşayiəti ilə müxtəlif musiqi nömrələri təqdim edilib, şair Rəfiqə Abbasova şeirlər səsləndirib.
Konfrans professor Kamran Musayev, Dr. Kəmalə Paşayeva, Dr. Xəyyam Eyvazov, Kader Bəkməzci Dəmiralp, tibb elmləri doktoru Aynur Səfiyeva, Mehtap Şafak və Dr. Xalidə Babayevanın moderatorluğu ilə davam edib, yerli və xarici mütəxəssislər müxtəlif təqdimatlar ediblər. Türkiyədən dəvət olunmuş sağlam qidalanma üzrə mütəxəssis Əndər Saraç, ailə məsləhətçisi Məhtap Şəfəq, ailə planlaması mütəxəssisi Qədər Bəkməzci Dəmiralp, nəfəs texnikası mütəxəssisi Nəşə Kutlutaş, tibb elmləri doktoru Yaqut Hacıyeva, tibb üzrə fəlsəfə doktorları Gülnarə Ağayeva, Rafiq Yusifli, Mirana Mirişova, Təranə Tağızadə, həkimlər Afət Məhəmmədli, Arzu Hüseynova, Xəyyam Eyvazov və Nərmin Novruzova müxtəlif mövzularda təqdimatlar ediblər. Təqdimatlarda artıq çəkinin və piylənmənin ürək-damar, qaraciyər, mədəaltı vəz, göz və endokrin sistemə təsiri, psixoloji səbəbləri, sağlam qidalanma, nəfəs texnikaları, tibbi və sosial yanaşmalar, həmçinin etik və ailədaxili aspektləri əhatə edən mövzular müzakirə olunub. Mövzular ətrafında geniş fikir mübadiləsi aparılıb və sual-cavab sessiyası keçirilib.
Tədbirin sonunda Türkiyədən dəvət olunmuş qonaqlara xüsusi təşəkkürnamələr təqdim edilib. Məclisə Milli Məclisin deputatları, QHT nümayəndələri, türkiyəli qonaqlar və digər rəsmi şəxslər, ümumilikdə, 400 nəfərdən çox iştirakçı qatılıb.
Konfrans iştirakçılar tərəfindən yüksək dəyərləndirilib, elmi bilik və praktik təcrübə mübadiləsi üçün faydalı platforma kimi qiymətləndirilib. Sonda iştirakçılara sertifikatlar təqdim olunub və gələcəkdə bu mövzulara həsr olunmuş daha geniş formatlı tədbirlərin təşkili planlaşdırılıb.
Zərifə BƏŞİRQIZI
XQ