Azərbaycan Respublikasının Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi, tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutu və Mənəvi Dəyərlərin Təbliği Fondunun birgə təşkilatçılığı ilə 22-23 oktyabr 2025-ci il tarixlərində Bakı şəhərində “Müasir din təhsili modelləri: mənəvi dəyərlər və qlobal çağırışlar kontekstində” beynəlxalq simpozium keçiriləcək.
XQ xəbər verir ki, simpoziumun təşkilində məqsəd Azərbaycanda və dünyada din təhsili sahəsində mövcud vəziyyət, qarşıya çıxan problemlərin təhlili və onların həlli istiqamətində təkliflərin müzakirəsi, məlumat və təcrübə mübadiləsi üçün platforma yaradılmasıdır.
Simpoziumda dünyəvi dövlətdə dini təhsilin konstitusional və hüquqi əsasları, eləcə də dini təhsilin tolerantlıq və multikulturalizm, əxlaqi dəyərlər, ictimai inkişaf kimi anlayışlarla qarşılıqlı təsiri, postsovet məkanında din təhsili məsələləri, Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsində Ulu Öndər Heydər Əliyevin rolu, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin bu sahədə siyasətinin uğurlu nəticələrinə həsr olunmuş məruzələr dinləniləcək.
Beynəlxalq tədbirdə dövlət rəsmiləri, dini konfessiyaların, yerli ali təhsil və tədqiqat müəssisələrinin nümayəndələri ilə yanaşı, Türkiyə, Özbəkistan, Qazaxıstan, Pakistan, İndoneziya, Malayziya, Gürcüstan, Albaniya, ABŞ, Rusiya, İsveçrə, BƏƏ, Misir və İraqın nüfuzlu universitetlərinin rəhbərləri, alim və mütəxəssislərindən ibarət 40-a yaxın xarici qonağın iştirakı nəzərdə tutulur.