Bir günün əbədiyyəti

post-img

Onun qismətinə Vətən savaşının ilk günündə şəhid olmaq düşsə də, bir neçə saat ərzində göstərdiyi hünərlə tarix yaza bilib və qəhrəmanlıq məqamına yüksəlib. Doğru deyirlər ki, qəhrəman olmaq üçün bir gün, bir saat, bir dəqiqə də bəs edir.

Tovuz rayonunun Çeşməli kəndində dünyaya göz açmış Ceyhun Aydın oğlu Həsənov Bakının Xətai rayonunda orta məktəbdə, ardınca Cəmşid Naxçıvanski adına Hərbi Liseydə təhsil alıb. 2004-2008-ci illərdə isə Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbində (AAHM) “Motoatıcı” ixtisasına yiyələnərək, zabit kimi Naxçıvanda və Beyləqanda Vətənə qulluq edib.

İkinci Qarabağ müharibəsi başlananda kapitan rütbəsində olan Ceyhun Həsənov Ali Baş Komandan İlham Əliyevin “Hücum” əmrini yüksək ovqatla dəyərləndirərək ürəklə döyüşlərə atıldı. O, tezliklə işğal altında olan torpaqlarımızı azad edib, başını dik tutaraq, ilk növbədə qeyrət qalamız olan Şuşanı vüqarla gəzmək barədə düşünürdü. Əsgərlərinə də dedi ki, darıxmayın, Şuşada – Cıdır düzündə üçrəngli zəfər bayrağımızla şəkil çəkdirib ailələrimizə göndərəcəyik. 44 gün sonra Şuşaya da bayraq sancıldı, qalib ordumuzun hərbçiləri onun önündə şəkil də çəkdirdilər, amma 43 gün idi ki, Ceyhun əbədiyyət adlı müqəddəs məkanda layiqli yerini tutmuşdu...

Sentyabrın 27-də Ceyhun öz bölüyü və ona məxsus olan 7 BMP, 4 tank, bir neçə texnika ilə hərəkətə keçdi, şəxsi heyətini hərtərəfli təlimatlandırdı: “Biz qalib gəlməliyik, hamı bir nəfər kimi ardımca, irəli!”. Düşmənin başına od yağdırdı. Qısa fasilə zamanı isə yanındakılara dedi: “Ola bilər, mənfur düşmən mən oturduğum BMP-ni vurar, igidlərim, onda nəbadə kömək üçün dayanasınız, ha! Sizə əmr edirəm ki, durmadan irəli şığıyın!”.

Həmin gün onun yanında olan döyüş yoldaşlarından biri, çavuş Şahin Mehdiyevin dedikləri: “Komandirimiz necə demişdi, elə də oldu. Hücuma keçdik. Şiddətli döyüş gedirdi. Yüksək mövqelərdə olan düşmən hər tərəfdən bizi atəşə tuturdu. Bir neçə texnikamız sıradan çıxdı. Şəhidlərimiz var idi. Buna baxmayaraq, Ceyhun Həsənovun bacarığı sayəsində bir neçə yüksəkliyi aldıq, 3 erməni postunu məhv etdik. Füzulinin azadlığı uğrunda gedən şiddətli döyüşdə uğurlarımızı gördükcə sevinirdik. Ermənilərin birinci eşelonu darmadağın oldu. Komandir elə hey qışqırırdı: “İgidlərim, arxamca, irəli!”. Bizə tərəf ağır artilleriya mərmilərinin atılmasına məhəl qoymayan komandir koordinatları bir-bir mənə ötürürdü, mən də həmin hədəfləri vururdum. Təəssüf ki, kapitan Ceyhun Həsənov o gün ağır yaralandı. Son nəfəsində məndən soruşdu: “Şahin, sonuncu mövqeni vurduq?”. Cavab verdim, ki, bəli, komandir, vurduq”. Halsız olsa da, gülümsəyərək əlimi sıxdı. Mən özüm də yaralanmışdım. Sonra bilmədim necə oldu. Amma bir müddət keçincə, onun qəhrəman adına layiq görüldüyünü eşidəndə çox sevindim”...

Digər silahdaşları da Ceyhunu kövrəkcəsinə və qürurla xatırlayaraq deyirlər ki, onda əsl qəhrəmanlıq hissi, qorxmazlıq, mərdlik keyfiyyətləri var idi. “Ona baxıb ürəklənirdik, gücümüz birə-iki artırdı”.

Qəhrəman kapitanın vətənpərvərliyi hələ yeniyetmə vaxtlarından diqqət çəkib. Liseydə oxuduğu dövrdə müdavimlərin taqım komandiri vəzifəsini icra edib, cüdo yarışlarında yer tutub. 2002-ci ildə 26 iyun – Silahlı Qüvvələr Gününə həsr olunmuş “Azərbaycan Əsgəri” bədii qiraət müsabiqəsində uğur qazanıb. Şərəfli ölümündən sonra “Vətən Müharibəsi Qəhrəmanı”, “Vətən uğrunda” medallarına və digər təltiflərə də layiq görülüb.

...Ceyhun şəhadətə qovuşanda üzlərini doyunca görə bilmədiyi əkiz balları Cahidlə Cavidanın 1 yaşı vardı. İndi 1-ci sinfə gedirlər. Məktəbin onun adını daşıması, orada büstünün qoyulması ilə fəxr edir, “Qəhrəman Ceyhun Həsənov bizim atamızdır!”, – deyirlər. Xətai rayonundakı “Gəncə prospekti, 50”də yaşadığı binanın qarşısında da Ceyhun Həsənovun memorial abidə-kompleksi yaradılıb və orada daim ən azı bir cüt qərənfil olur.

Ə.DOSTƏLİ
XQ

Sosial həyat