Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqovla BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva arasında görüş keçirilib.
Komitədən XQ-yə bildirilib ki, görüşdə bünövrəsi Ulu Öndər Heydər Əliyevin hakimiyyəti dövründə qoyulmuş və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən keyfiyyətcə yeni mərhələyə yüksəldilmiş ölkəmizlə BMT arasındakı əməkdaşlıqdan, bu əməkdaşlıq çərçivəsində həyata keçirilən tədbirlərin, xüsusilə də “2021-2025-ci illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi”nin icrasının, Azərbaycan Respublikasının Dayanıqlı İnkişaf Məqsədləri üzrə Milli Məlumatlandırma Portalının, “Milli Dayanıqlı İnkişaf Məqsədlərinin Monitorinq Sistemləri üzrə BMT-DSK Birgə İşçi Qrupu”nun yaradılmasının, BMT-nin Ölkə üzrə İdarə Heyəti (UNCT) və Dövlət Statistika Komitəsi arasındakı əməkdaşlıq çərçivəsində “DİM-lər üçün məlumatların dezaqreqasiyası” adlı praktiki vəsaitin hazırlanmasının statistikanın inkişafı istiqamətində mühüm addımlardan olduğu, BMT-nin Uşaq Fondunun dəstəyi ilə 2023-cü ildə keçirilmiş Çoxgöstəricili Klaster Sorğusu nəticəsində 18 DİM göstəricisi üzrə məlumatların əldə edildiyi bildirilib.
Eyni zamanda, Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatı arasında imzalanmış 2026-2030-cu illər üçün Dayanıqlı İnkişaf üzrə Əməkdaşlığa dair Çərçivə Sənədi (UNSDCF) müzakirə edilib, milli statistika sistemlərinin gücləndirilməsi, DİM-lərin monitorinqi və hesabatlılığı istiqamətində fikir mübadiləsi aparılıb.
Dövlət Statistika Komitəsinin sədri Tahir Budaqov ölkəmizdə fəaliyyəti başa çatan BMT-nin Azərbaycan Respublikasındakı Rezident Əlaqələndiricisi Vladanka Andreyevaya faydalı əməkdaşlıq üçün təşəkkür edib və gələcək fəaliyyətində uğurlar arzulayıb.

