Qarabağ alban abidələri dünya ictimaiyyətinin gündəmində

post-img

Londonda Azərbaycanın qədim xristian irsinə dair mühüm təqdimat keçirilib

Londonda Kral İncəsənət Cəmiyyətində - The Royal Society of Arts məkanında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin maliyyə dəstəyi ilə hazırlanmış “Həqiqi hekayə: Qarabağda Qafqaz Albaniyasının xristian irsi” adlı interaktiv platformanın təqdimatı keçirilib. Bu təqdimat həqiqətən də Azərbaycanın tarixi yaddaşının, xristian irsinə münasibətinin və Qarabağın mədəni xəritəsində uzun illər kölgədə saxlanılmış həqiqətlərin beynəlxalq ictimaiyyətə çatdırılması baxımından mühüm hadisədir.

Layihənin rəhbəri, İctimaiyyətlə Əlaqələrin İnkişafına Kömək İctimai Birliyinin sədri, Əməkdar jurnalist Şəlalə Həsənovanın sözlərinə görə platforma Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Qafqaz Albaniyasının xristian irsinin qorunması və dünya ictimaiyyətinə təqdim edilməsi ilə bağlı prinsipial mövqeyindən irəli gələn genişmiqyaslı maarifləndirmə təşəbbüsüdür. Onun rəhbərlik etdiyi təşkilat işğaldan azad edilmiş ərazilərdə yerləşən alban kilsələrini bir virtual məkanda birləşdirən, faktlara, tarixi mənbələrə və coğrafi dəqiqliyə əsaslanan interaktiv platforma hazırlayıb.

Layihənin əsas yeniliyi ondan ibarətdir ki, ilk dəfə olaraq işğaldan azad edilmiş ərazilərin interaktiv xəritəsində 150 alban məbədi vahid sistemdə təqdim edilib. Bu, Qarabağ və ətraf bölgələrin xristian irsinə dair indiyədək yaradılmış ən əhatəli rəqəmsal bazalardan biridir. Platformada kilsələrin böyük əksəriyyəti haqqında onların Qafqaz Albaniyası irsinə məxsusluğunu təsdiqləyən tarixi faktlar, elmi istinadlar və mənbələr yerləşdirilib. Beləliklə, layihə Qarabağdakı qədim xristian abidələrinin erməni mənşəli olduğu barədə uzun illər formalaşdırılmış yanlış təsəvvürlərə qarşı əsaslı, sistemli və sənədli cavab verir.

Bu platforma tolerant və multikultural Azərbaycanın qədim xristian irsini dünya auditoriyasına təqdim edir. Eyni zamanda, Qarabağdakı qədim kilsələrin Qafqaz Albaniyasına məxsus dini-mədəni abidələr olduğunu faktlarla göstərir. Burada əsas məqsəd siyasi polemika yaratmaqdan daha genişdir: söhbət tarixi yaddaşın bərpasından, mədəni irsin mənimsənilməsinə qarşı elmi müqavimətdən və Azərbaycanın çoxəsrlik dini-mədəni müxtəlifliyinin beynəlxalq səviyyədə görünən hala gətirilməsindən gedir.

Tədbirdə vurğulanıb ki, layihənin başlıca missiyası Azərbaycanın zəngin xristian irsini beynəlxalq ictimaiyyətə təqdim etmək, işğaldan azad edilmiş ərazilərdə yerləşən Qafqaz Albaniyasına aid dini-mədəni abidələrin mövcudluğunu geniş auditoriyaya çatdırmaq, həmçinin ölkəmizin tarixən formalaşmış tolerantlıq və multikulturalizm dəyərlərini nümayiş etdirməkdir. Nadir tarixi mənbələr və faktlar əsasında hazırlanan interaktiv xəritə beynəlxalq ictimaiyyətdə mövcud olan yanlış qənaətlərin aradan qaldırılmasına, erməni təbliğatına qarşı faktoloji əsaslı yanaşmanın gücləndirilməsinə xidmət edir.

Platforma erməni dairələrinin və onları dəstəkləyən bəzi Qərb siyasətçilərinin Qarabağda guya erməni dini irsinin məhv edilməsi ilə bağlı irəli sürdüyü iddialara da faktoloji müstəvidə cavab verir. Bu rəqəmsal resurs işğaldan azad olunmuş ərazilərdəki alban xristian irsinin sistemli, əhatəli və sənədləşdirilmiş mənzərəsini təqdim etməklə, beynəlxalq informasiya məkanında uzun müddət birtərəfli təqdim edilmiş mövzunu daha geniş tarixi kontekstə çıxarır.

İnteraktiv xəritədə Xocavənd rayonunda 54, Ağdərədə 26, Laçında 21, Xocalıda 17, Kəlbəcərdə 16, Ağdamda 6, Şuşada 4, Qubadlıda 3, Zəngilanda 2, Füzulidə isə 1 alban kilsəsinin dəqiq coğrafi koordinatları göstərilib. Bu rəqəmlər layihənin miqyasını aydın göstərir: söhbət ayrı-ayrı abidələrin tanıdılmasından daha artıq, bütöv bir irs xəritəsinin yenidən oxunmasından gedir. Saytda xəritə ilə yanaşı, Azərbaycanın alban xristian irsinə dair kitablar, elmi məqalələr, tarixi materiallar və digər maarifləndirici bölmələr də yerləşdirilib. Platforma Azərbaycan və ingilis dillərində hazırlanıb ki, bu da onun həm yerli, həm də beynəlxalq auditoriya üçün əlçatanlığını artırır.

Londondakı təqdimatın xüsusi əhəmiyyəti tədbirə diaspor nümayəndələri ilə yanaşı müxtəlif saytlarda verilmiş elanlar əsasında Britaniya ictimaiyyətinin nümayəndələrinin təqdimatda iştirak etməsi oldu. Onlar mövzuya böyük maraq göstərərək kilsələrin tarixi mənsubiyyətinin saxtalaşdırılmasının səbəbləri, habelə bu gün Azərbaycanda albanların varislərinin kimlər olması barədə suallar verdilər. Bu suallar göstərdi ki, Qərb auditoriyasında Azərbaycanın xristian irsi haqqında informasiya boşluğu hələ də böyükdür və bu sahədə ardıcıl, peşəkar, elmi əsaslı iş aparılmasına ciddi ehtiyac var.

Tədbirin ən diqqətçəkən məqamlarından biri xanım Tompsonun çıxışı oldu. O, layihənin müəlliflərinə dərin minnətdarlığını bildirdi, çıxışını əvvəlcədən hazırladığını, saytı diqqətlə araşdırdığını qeyd etdi və platforma haqqında yüksək fikirlər səsləndirdi. Digər iştirakçılar da eyni maraq və rəğbətlə çıxış etdilər. Bu mənzərə xaricdə təşkil olunan tədbirlərdə bəzən müşahidə edilən formal iştirakdan fərqlənirdi: Londonda real, səmimi və canlı maraq hiss olunurdu. Bu maraq həm platformanın aktuallığını, həm də Azərbaycanın xristian irsinin beynəlxalq aləmə daha sistemli şəkildə təqdim edilməsinin vacibliyini göstərdi.

Tədbirdə Əməkdar jurnalist Şəlalə Həsənova tədbirin təşkilinə və layihənin həyata keçirilməsinə göstərilən dəstəyə görə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinə, Xarici İşlər Nazirliyinə, Britaniya-Azərbaycan Cəmiyyətinin rəhbəri Fəridə Pənahovaya, London-Azərbaycan Qadınlar Klubunun sədri Sevil Aslanovaya, diaspor nümayəndələrinə və akademik dairələrin təmsilçilərinə təşəkkürünü bildirib. Onun sözlərinə görə, platformanın dəyəri həm də ondadır ki, ilk dəfə bir xəritə üzərində 150 kilsə haqqında məlumat toplanıb. Belə geniş informasiya bazası sahənin tədqiqatçıları, jurnalistlər, diplomatlar, tələbələr və beynəlxalq ekspertlər üçün mühüm mənbə rolunu oynaya bilər.

Təqdimatdan sonra keçirilən müzakirələrdə çıxış edən “CF Eurasia” partiyasının təsisçisi Bota Tore Hopkinson saytın və interaktiv xəritənin ictimai-siyasi əhəmiyyətini xüsusi vurğulayıb. O, platformanı Azərbaycanın dini-mədəni irsinin beynəlxalq ictimaiyyətə daha dolğun təqdim olunmasına mühüm töhfə verən layihə kimi yüksək qiymətləndirib.

Tədbirdə Azərbaycanın Birləşmiş Krallıqdakı səfirliyinin siyasi məsələlər üzrə müşaviri Günel Səlimova da iştirak edib. Onun iştirakı təqdimatın həm də Azərbaycanın beynəlxalq humanitar diplomatiyası baxımından əhəmiyyət kəsb etdiyini göstərib.

London təqdimatı bir daha sübut etdi ki, Qarabağın alban xristian irsi barədə həqiqət qapalı arxivlərdə, dar elmi müzakirələrdə və lokal auditoriyalarda qalmalı mövzu sayıla bilməz. Bu irs dünya ilə xəritələr, mənbələr, faktlar, dillər və canlı təqdimatlar vasitəsilə danışmalıdır. “Həqiqi hekayə” platforması bu baxımdan Azərbaycanın mədəni diplomatiyasında yeni səhifə açır.

 

Əbülfəz Babazadə
kulturoloq-yaponşünas,
Azərbaycan Jurnalistlər Birliyinin üzvü

“Simurq” AMA-nın vitse-prezidenti

xüsusi olaraq XQ üçün

 













Sosial həyat