Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Milli QHT Forumunun təşəbbüsü ilə “Uşaqların rəqəmsal təhlükəsizliyi və zərərli asılılıqlardan qorunması” mövzusunda ictimai müzakirə təşkil olunub.
Milli QHT Forumunun İdarə Heyətinin sədri Ramil İskəndərli çıxışında bildirib ki, hazırda Milli Məclisdə müzakirə edilən bir sıra qanunvericilik sənədlərinə - İnzibati Xətalar Məcəlləsinə, “İnformasiya, informasiyalaşdırma və informasiyanın mühafizəsi haqqında” və “Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanunlara təklif olunan dəyişikliklər uşaqların sosial şəbəkələrdə müdafiəsini gücləndirməyə yönəlib. Onun sözlərinə görə, əsas məqsəd azyaşlıların rəqəmsal mühitdə zərərli məzmundan qorunması və platformalara çıxışın daha ciddi şəkildə tənzimlənməsidir.
O qeyd edib ki, bir çox inkişaf etmiş ölkələr artıq sosial şəbəkələrin yalnız platforma daxili qaydalarla deyil, milli qanunvericilik səviyyəsində də nəzarətdə saxlanmasını vacib sayır. Təklif olunan modelə əsasən, 16 yaşdan aşağı şəxslərin sosial şəbəkələrdə hesab açması qadağan edilə bilər, 16–18 yaş aralığında olanlar isə yalnız valideyn icazəsi ilə bu imkanlardan istifadə edə bilər. İskəndərli bu addımların cəmiyyətin real ehtiyacından doğduğunu vurğulayıb.
Müzakirənin moderatoru, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Firuzə Nadir isə bildirib ki, uşaqların təhlükəsiz mühitdə böyüməsi həm dövlətin, həm də cəmiyyətin əsas məsuliyyətlərindən biridir. Onun sözlərinə görə, günümüzdə uşaqların həddindən artıq telefon və sosial şəbəkə istifadəsi sağlamlığa və davranışlara ciddi təsir göstərir. O, ekran asılılığının görmə problemləri, öyrənmə çətinlikləri, davranış pozuntuları və digər riskləri artırdığını deyərək bu məsələnin artıq ciddi xəbərdarlıq siqnalı olduğunu qeyd edib.
“Milli Pediatriya Dərnəyi” İctimai Birliyinin İdarə Heyətinin üzvü, pediatr Yalçın Mirzəyev isə sosial şəbəkələrin uşaqların beyin fəaliyyətinə təsirlərindən danışıb. O bildirib ki, platformalarda bəyənmə, bildiriş və qısa videolar kimi elementlər beynin “mükafat sistemi”ni aktivləşdirərək asılılıq yarada bilər. Həkim qeyd edib ki, uzunmüddətli ekran istifadəsi həm fiziki, həm də psixoloji problemlərə — göz yorğunluğu, baş ağrısı, piylənmə, hərəkətsizlik və digər sağlamlıq risklərinə səbəb ola bilir. O, valideynlərin çox vaxt bu təhlükələr barədə kifayət qədər məlumatlı olmadığını da vurğulayıb.
Milli QHT Forumunun İdarə Heyətinin üzvü, deputat Azər Allahverənov qanun layihəsində nəzərdə tutulan mexanizmlərlə bağlı məlumat verib. Onun sözlərinə görə, sosial şəbəkələrdə yaşın müəyyənləşdirilməsi üçün texniki sistemlər tətbiq olunacaq, 16 yaşdan aşağı şəxslərin hesab açması və istifadəsi məhdudlaşdırılacaq. Qanunun qüvvəyə minməsindən sonra keçid dövrü nəzərdə tutulur və platformalar yaş təsdiqi olmayan hesabları mərhələli şəkildə məhdudlaşdıra və ya ləğv edə bilər.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi yanında İctimai Şuranın sədri Elnur Mustafayev isə sosial şəbəkələrdə uşaqların psixoloji və mənəvi təhlükəsizliyinin vacibliyinə toxunub. O bildirib ki, bəzi kontentlər uşaqlarda depressiya, sosial izolasiya və hətta riskli davranışlara meyl yarada bilər. Onun fikrincə, valideynlər çox vaxt rahatlıq məqsədilə uşaqlara erkən yaşda telefon verir və bu da inkişaf prosesinə mənfi təsir göstərir.
“Narkotiklər, Zərərli Asılılıqlarla Mübarizə üzrə Səfərbərlik Mərkəzi” İctimai Birliyinin sədri Nail Kəmərli isə uşaqların formalaşmasında ailə mühitinin və sosial faktorların rolunu ön plana çəkib. O qeyd edib ki, nəzarətsiz rəqəmsal mühit yeniyetmələri müxtəlif riskli davranışlara sürükləyə bilər və bu məsələdə dövlətin daha aktiv müdaxiləsi vacibdir.
Müzakirə zamanı həmçinin qeyd olunub ki, bir sıra ölkələr artıq uşaqların sosial şəbəkələrə çıxışı ilə bağlı yaş məhdudiyyətlərini qanunvericiliklə tənzimləyir. Fransa bu istiqamətdə sərt qaydalar tətbiq edən Avropa ölkələrindən biri kimi göstərilib. Dünyanın müxtəlif regionlarında 14 yaşdan 18 yaşa qədər fərqli yaş hədləri tətbiq olunur və bu sahədə qanunvericilik tendensiyası getdikcə genişlənir.
Sonda vurğulanıb ki, uşaqların rəqəmsal mühitdə təhlükəsizliyi onların sağlam inkişafı üçün əsas şərtlərdən biridir və bu istiqamətdə dövlət, cəmiyyət və ailənin birgə məsuliyyəti xüsusi əhəmiyyət daşıyır.

