Gəncədə “Səməd Vurğun və Azərbaycan ədəbiyyatı” mövzusunda dəyirmi masa keçirilib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

AMEA-nın Gəncə Bölməsi görkəmli ictimai xadim, Xalq şairi və dramaturq Səməd Yusif oğlu Vəkilovun 120 illik yubileyinə həsr olunmuş dəyirmi masa keçirib. 

Tədbiri giriş sözü ilə  AMEA-nın Gəncə Bölməsinin sədri, akademik Fuad Əliyev açıb. O, Səməd Vurğunun 20-ci əsr Azərbaycan ictimai həyatında və ədəbiyyatında xüsusi yer tutduğunu bildirib. Əsərlərinin yalnız ölkə daxilində deyil, SSRİ məkanında və dünyanın müxtəlif ölkələrində də geniş yayıldığını, bir çox dillərə tərcümə olunduğunu vurğulayan akademik deyib ki, Prezident İlham Əliyevin “Xalq şairi Səməd Vurğunun anadan olmasının 120 illik yubileyinin qeyd edilməsi haqqında” 23 fevral 2026-cı il tarixli sərəncamının məhz bu istiqamətdə atılan addımların rəsmi təsdiqidir.

Tədbir zamanı məruzələr dinlənilib və müzakirələrlə zənginləşdirilib. Nizami Gəncəvi Mərkəzinin Dünya nizamişünaslığının tədqiqi şöbəsinin elmi işçisi Aynur Mirişli “Səməd Vurğunun həyatı və idealları” mövzusunda çıxış edib. Əlimuxtar Muxtarov isə “Azərbaycan nizamişünaslığının tarixində Səməd Vurğunun yeri” məruzəsi ilə ədəbiyyat tarixində Vurğunun rolunu işıqlandırıb. Təranə Verdiyeva “Səməd Vurğun və Gəncə” mövzusunda, Xəyalə Hüseynova isə “Səməd Vurğunun epik yaradıcılığı” üzrə təqdimatla çıxış ediblər. Həmçinin Sənubər Abdinova “Səməd Vurğun və ‘Vaqif’ dramı” və Güləndam İsmayılova “Səməd Vurğun və Azərbaycan şeiri” mövzularında çıxış ediblər.

Çıxışlar əsasında aparılan müzakirələr ədəbiyyatın tarixi kontekstdə necə formalaşdığını, Vurğunun yaradıcılığının milli və universal dəyərlərlə necə əlaqələndiyini aydın göstərib. Eyni zamanda, 120 illik yubileyin qarşılanması tədbirləri çərçivəsində Vurğunun irsinin gənc nəsillərə çatdırılması, müasir ədəbiyyat-festival və elmi konfranslar ilə bağlı planların əsas istiqamətləri müzakirə edilib.

Akademik Fuad Əliyev yubiley ərəfəsində aparılan işlərin davam edəcəyini və ədəbiyyatımızın zəngin irsinin gələcək nəsillərə doğru şəkildə ötürülməsi üçün konkret tədbirlərin həyata keçirilməsinin vacibliyini bildirib. O, həmçinin dəyirmi masanın uğurlu keçdiyini və gələcəkdə bu cür fəal müzakirələrin davam etdirilməsini arzuladığını qeyd edib.

Hamlet Qasımov
XQ-nin Gəncəbasar müxbiri

























Sosial həyat