Minalarla çirklənmiş ərazilər təhlükəsiz qayıdışa ən ciddi maneədir

post-img

Bu gün ölkəmiz dünyanın ən böyük mina çirklənməsi problemi ilə üz-üzədir. Hesablamalara əsasən, işğal nəticəsində təxminən 11 min 667 kvadrat kilometr ərazi mina və partlamamış hərbi sursatlarla çirkləndirilib. Hesab edilir ki, həmin ərazilərdə bir milyondan çox mina basdırılıb və bu, bərpa və yenidənqurma işləri qarşısında ciddi maneələr yaradır.

“Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyinin sədri Hafiz Səfixanov mövzu ilə bağlı bildirdi ki, minalar və müharibənin digər partlayıcı qalıqları Ermənistanın Azərbaycana qarşı apardığı müharibədən sonra ən ağır miras olaraq qalır və aktiv döyüş əməliyyatlarının sona çatmasından keçən müddətdə də çox təhlükələr yaratmaqda davam edir. Rəsmi qurumların verdiyi son məlumatda bildirilir ki, 2020-ci il noyabrın 10-dan bu günədək Azərbaycanda 264 mina hadisəsi baş verib, nəticədə 427 nəfər mina qurbanı olub ki, onlardan 58 nəfəri mülki şəxs olmaqla 73-ü həlak olub, 354-ü isə xəsarət alıb. Mina qurbanlarının 231 nəfəri mülki şəxs və 196 nəfəri isə hərbçidir.

Öz daimi yaşayış yerinə qayıtmaq hüququ məcburi köçkünlərin hüquqlarını və müdafiəsini əks etdirən Daxili Köçkünlük üzrə Rəhbər Prinsiplər (Guiding Principles on Internal Displacement) çərçivəsində tanınır. Bu prinsiplər məcburi köçkünlərin  öz evlərinə qayıtmaq hüququnu təsdiq edir. Bu baxımdan, məcburi köçkünlərlə bağlı konkret sənəd kimi BMT-nin Qaçqınlar və Köçkünlər üçün Mənzil və Əmlakın Restitusiyasına dair Prinsipləri (Pinheiro Prinsipləri, 2005) xüsusi qeyd edilməlidir. Pinheiro prinsiplərinin preambulasında bütün qaçqın və məcburi köçkünlərin “təhlükəsiz və ləyaqətlə qayıtmaq hüququ” əksini tapmışdır. Azərbaycanda minalarla çirklənmiş ərazilər keçmiş məcburi köçkünlərin təhlükəsiz qayıdışına ən ciddi maneədir,

Bundan başqa azad olunmuş ərazilərin yenidən qurulmasına, infrastruktur layihələrinin həyata keçirilməsinə, iqtisadi inkişafa və kənd təsərrüfatına əsas maneə olmaqda davam edir.

Hazırda minaların və müharibənin digər partlayıcı qalıqlarının yaratdığı problemlərlə çox ciddi mübarizə aparılır, torpaqlar sürətli şəkildə minalardan təmizləmir. Azərbaycan Respublikası Prezidentinin işğaldan azad olunmuş ərazilərdəki nümayəndəliklərinin rəhbərlərinin Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyası (WUF13) çərçivəsində keçirilən çoxsaylı tədbirlərdə verdikləri məlumatlarda bildirilirdi ki, mina təmizləmə əməliyyatlarına cəlb olunmuş qurumlar ANAMA-nın rəhbərliyi altında Ağdam rayonunun təxminən 60 faizi, Füzuli rayonunun təxminən 78 faizi və Xocavənd rayonunun isə təxminən 16 faizi minalardan təmizləyib, Kəlbəcərdə 2020-2026-cı ilədək 222 min kvadratmetr ərazi minalardan təmizlənib. Xankəndidə 1456 hektar, Ağdərədə 10 min 359, Xocalıda isə 9874 hektar ərazi minalardan və partlamamış sursatlardan təmizlənib. Bütün bunlar onu göstərir ki, bu sahədə işlər tam sürəti ilə davam edir. Koreya Respublikası hökümətinin “İTF İnsan Təhlükəsizliyinin Artırılması” (ITF Enhancing Human Security) vasitəsilə göstərdiyi maliyyə dəstəyi ilə həyata keçirdiyi “Mina qurbanları üçün iqtisadi imkanların yaradılması - Faza 3” adlı layihənin icrasını uğurla yekunlaşdırır. Bu layihənin məqsədi Azərbaycanın minalardan zərər çəkmiş Füzuli, Ağdam, Ağcabədi, Tər-tər və Tovuz rayonlarında yaşayan mina qurbanlarının sosial-iqtisadi inteqrasiyasını dəstəkləmək üçün alətlər təqdim etməklə kiçik ailə təsərrüfatlarının yaradılması mexanizminə maddi vəsaiti təmin etməkdən ibarət olmuşdur. Bu layihə yoxsulluğun azaldılması (ailə gəlirinin artırılması), gender bərabərliyi (qadınların kişilərlə bərabər bütün layihə fəaliyyətlərində iştirakını təmin etmək), uşaqların müdafiəsi və sağlamlığı (mina qurbanlarının ailələrində adətən 2-3 uşaq olur) kimi bir neçə əsas sektoru əhatə etmək potensialına malikdir. 

Məlumdur ki, ailə gəlirinin artması daha yaxşı səhiyyə, təhsil və qidalanma imkanları yaradır, özəl sektorun və kiçik biznesin inkişafı və icmalarda iş yerlərinin yaradılmasına gətirib çıxaracaqdır. Layihə benefisiarlarının müəyyən edilməsi üçün Azərbaycan Respublikası Minatəmizləmə Agentliyində, mina problemləri ilə məşğul olan QHT-lərlə çoxsaylı görüşlər keçirilmişdir. Bundan başqa Füzuli, Ağdam, Ağcabədi, Tərtər və Tovuz rayonlarında yaşayan 52 mina qurbanı ilə görüş keçirilmişdir, onların həyat şəraiti və layihədə nəzərdə tutulan tələblərə uyğunluğu müəyyənləşdirilmişdir. Layihə benefisiarı olaraq 12 mina qurbanı (1 qadın, 11 kişi) müəyyən edilmiş, onların öz istəklərinə uyğun bütün lazimi mal, material və avadanlıq yerli bazarlardan alınaraq təhvil verilmişdir. Layihədən faydalanan mina qurbanlarının 56 nəfər ailə üzvü də bu layihənin birbaşa benefisiarları hesab olunur. Bundan başqa mina qurbanları üçün alınmış mal, material və avadanlıq satanlar (ümumilikdə 27 nəfər) da layihədən faydalananlardır. Bütün bu insanların yaşadıqları icmalar da layihədən faydalananlar hesab olunur. Layihənin benefisiarlarının hamısı mina partlayışlarına məruz qalmış mülki şəxslərdir. Layihənin birbaşa benefisiarlarından 3 nəfəri şəhid ailəsi üzvüdür, 4 nəfəri mina təmizləmə əməliyyatları zamanı partlayışa məruz qalanlardır, 1 nəfər polis əməkdaşı olmuşdur. 

Benefisiarlar 20 – 64 yaş arasındadır. Bir neçə monitorinq aparılmış və məlum olmuşdur ki, benefisiarlar öz bizneslərinə bağlıdırlar, müqavilə öhdəliklərinə əməl edirlər və belə davam edərsə gələcəkdə böyük nəticələr əldə edə bilərlər. Artıq bəzi benefisiarlar istehsal etdikləri məhsulları sataraq maliyyə gəlirləri də əldə edirlər. Layihə çərçivəsində keçirilmiş görüşlərdə digər mina qurbanları və onların ailə üzvləri də kənd təsərrüfatının müxtəlif sahələri üzrə, o cümlədən də maldarlıq, qoyunçuluq, arıçılıq, quşçuluq yeminin istehsalı və satışı ilə məşğul ola biləcəklərini, bunun üçün ilkin maliyyə vəsaitinə ehtiyac olduğunu bildiriblər. “Minalar Əleyhinə Azərbaycan Kampaniyası" İctimai Birliyi Azərbaycandakı mina qurbanlarının sayını (elə bir rayon yoxdur ki, orada mina qurbanı olmasın) nəzərə alaraq inanır ki, digər donor ölkələr və təşkilatlar da bu tip layihələrə maliyyə dəstəyi verəcək və bununla da digər rayonlardan olan mina qurbanlarına da iqtisadi imkanların yaradılması həyata keçiriləcəkdir.

Müşfiq MİRZƏ

XQ

 

 

 

Sosial həyat