Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tabeliyində fəaliyyət göstərən musiqi və incəsənət məktəbləri müəllimlərinin peşə səriştə və bacarıqlarının ölçülməsi məqsədilə attestasiya keçirilib.
2025-ci il üzrə nəzərdə tutulan attestasiya prosesi iyulun 1-də başa çatıb. Media nümayəndələri Bakı Xoreoqrafiya Akademiyasında attestasiya prosesini canlı izləyiblər.
Mədəniyyət nazirinin müşaviri Cəsarət Valehov məlumat verib ki, son gündə rəssamlıq, xor dirijorluğu və gitara ixtisasları üzrə fəaliyyət göstərən müəllimlər öz bilik və bacarıqlarını nümayiş etdiriblər.
Azərbaycan Respublikası qanunvericiliyinə uyğun, obyektiv və şəffaf şəkildə həyata keçirilən attestasiya Bakı, Abşeron-Xızı, Mil-Muğan, Şirvan-Salyan və Quba-Xaçmaz regionlarındakı təhsil ocaqlarını əhatə edib. Fevralın 28-də başlayan prosesdə müxtəlif ixtisaslar üzrə ümumilikdə 4100-dək müəllimin bilik və təcrübəsi qiymətləndirilib.
Qeyd olunub ki, 2026-cı ildə ölkəmizin bütün regionları üzrə Mədəniyyət Nazirliyi sistemindəki təhsil ocaqlarında çalışan müəllimlərin attestasiyası başa çatdırılacaq.
Bildirilib ki, Mədəniyyət Nazirliyi tərəfindən attestasiya zamanı 2 lehinə, 3 əleyhinə səslə tutduğu vəzifəyə uyğun hesab edilməyən müəllimlər üçün əlavə imkan yaradılıb. Nazirliyin Mədəniyyət üzrə Elmi-Metodiki və İxtisasartırma Mərkəzinin təşkilatçılığı ilə hazırda bu kateqoriyadan olan müəllimlər üçün üç məktəbdə təlimlər həyata keçirilir. Təlim prosesinə müxtəlif bədii təhsil ocaqlarından təcrübəli mütəxəssislər cəlb olunub. Təlimləri başa vuranlar Dövlət İmtahan Mərkəzinin təşkil etdiyi test imtahanı və müsahibə mərhələsindən uğurla keçsələr, məktəblərdə yenidən müəllim kimi fəaliyyət göstərə biləcəklər.
Nazirin müşaviri diqqətə çatdırıb ki, attestasiya prosesi Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyası, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universiteti, Bakı Xoreoqrafiya Akademiyası, Azərbaycan Rəssamlıq Akademiyası, Azərbaycan Milli Konservatoriyası və bu təhsil ocağının nəzdindəki Musiqi Kolleci, Bülbül adına Orta İxtisas Musiqi Məktəbi, Qara Qarayev adına Mərkəzi İncəsənət Məktəbi və digər aparıcı bədii təhsil müəssisələrindən professor-müəllim heyətinin dəstəyi ilə reallaşıb.
Vurğulanıb ki, üzrlü səbəblərdən prosesdə iştirak edə bilməyən müəllimlər üçün ayrıca attestasiya keçiriləcək.