Avropanın müdaiə arxitekturası necə dəyişir?
Avropanın aparıcı güclərindən olan Almaniya və Böyük Britaniya təhlükəsizlik və müdafiə sahəsində stratei əməkdaşlığı dərinləşdirən qarşılıqlı müdafiə sazişi imzalayıblar. Sənəd Londonda Almaniya kansleri Fridrix Merts və Böyük Britaniyanın baş naziri Kir Starmer arasında razılaşdırılıb. İmzalanmış sənəd hərbi hücum halında tərəflərin bir-birinə yardım etməsini nəzərdə tutur və bu baxımdan post- NATO dövrünün mümkün ilkin konturlarından biri kimi dəyərləndirilir.
Razılaşmanın konteksti təsadüfi deyil. Rusiya–Ukrayna müharibəsinin davam etməsi, ABŞ-da Donald Trampın NATO-ya münasibətdə sərgilədiyi skeptik yanaşma və Alyansın kollektiv müdafiə öhdəlikləri ilə bağlı Avropada artan narahatlıq, Berlin və Londonu yeni təşəbbüslərə sövq edib. “Bloomberg”in məlumatına görə, sənəd NATO-nun yerini tutmaq məqsədi daşımır. Lakin Avropa daxilində təhlükəsizlik baxımından yeni strateji istiqamətin formalaşmasına zəmin yaradır.
Sazişin nüvə aspektləri açıq şəkildə qeyd olunmasa da, tərəflər uzaqmənzilli raket sistemlərinin birgə hazırlanması və istehsalında əməkdaşlıq edəcəklər. Söhbət 2000 kilometrdən artıq məsafəni vura biləcək raketlərdən gedir ki, bu da Avropa üçün strateji çəkindiricilik imkanlarını genişləndirə bilər.
Böyük Britaniyanın nüvə silahına malik olması, Fransadan sonra bu sahədə yeganə Avropa dövləti olması baxımından, Berlin üçün bu tərəfdaşlıq müstəqil nüvə strategiyası barədə debatları yenidən alovlandırıb. Xristian-Demokrat İttifaqının liderlərindən Yens Şpan deyib ki, “Kim ki, nüvə çəkindiriciliyinə malik deyil, o, geosiyasi şahmat lövhəsində, sadəcə piyada olacaq”.
Razılaşma yalnız raket proqramı ilə məhdudlaşmır. Tərəflər həmçinin “ urofighter Typhoon” qırıcılarının, “Airbus A400M” nəqliyyat təyyarələrinin və “Boxer” zirehli texnikasının birgə istehsalını və üçüncü ölkələrə ixracını da planlaşdırır. Bu əməkdaşlıq Avropa müdafiə sənayesinin gücləndirilməsi, innovativ texnologiyaların paylaşılması və ixrac bazarlarının şaxələndirilməsi baxımından əhəmiyyətlidir.
Avropada təhlükəsizlik arxitekturasının yenidən dizayn olunması ideyası təkcə siyasi yox, həm də hərbi-texniki səviyyədə aktuallaşır. Polşanın sabiq milli təhlükəsizlik müşaviri general Stanislav Kozey bu kontekstdə bildirib ki, “Əgər ABŞ Avropaya hərbi zəmanətlərdən geri çəkilərsə, NATO daxilində dağılma baş verə bilər və bu halda Avropa öz təhlükəsizlik strukturunu formalaşdırmağa məcbur olacaq”.
Kozeyin fikrincə, bu struktur NATO kimi ortaq ordu deyil, əməliyyat qabiliyyətli, çevik və koordinasiyalı reaksiya sistemindən ibarət ola bilər. Bu isə yeni bir “AvroNATO ” modelinin ortaya çıxmasına səbəb ola bilər.
Siyasi analitiklər Berlin–London sazişini “Avropada “strateji avtonomluq” ideyasının reallaşmasına atılmış real addım kimi qiymətləndirirlər. AUKUS və digər təhlükəsizlik koalisiyalarında mövqeyini gücləndirən Britaniya ilə “ eiten ende” (zaman dəyişikliyi) siyasətini aparan Almaniyanın bu yaxınlaşması Avropanın təhlükəsizlik gündəmində prioritetlərin dəyişdiyini göstərir.
Bir sözlə, Londonda imzalanan bu sənəd təkcə iki ölkə arasında hərbi razılaşma deyil, həm də Avropa təhlükəsizlik sisteminin gələcəyi üçün strateji mesaj daşıyır. Bu saziş NATO-nun tamamlayıcısı kimi fəaliyyət göstərə bilər, lakin eyni zamanda, ABŞ-ın zəifləyən maraqları fonunda Avropa İttifaqının özünəməxsus müdafiə kimliyinin formalaşması üçün bir platforma ola bilər.
Səbuhi MƏMMƏDOV
XQ