Azərbaycan – ABŞ enerji əməkdaşlığında yeni addım

post-img

“ExxonMobil” ölkəmizdə fəaliyyətini genişləndirir

Avqustun 7-də Vaşinqton şəhərində Azərbaycanın enerji diplomatiyasında mühüm hadisə baş verdi. Prezident İlham Əliyev və ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı ilə Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) və dünyanın aparıcı enerji şirkətlərindən biri olan “ExxonMobil” arasında əməkdaşlıq haqqında memorandum imzalandı. Bu sənəd iki ölkə arasında uzun illərdir ki, uğurla inkişaf edən enerji tərəfdaşlığının yeni, daha strateji bir mərhələyə qədəm qoyduğunu göstərir.

Azərbaycan və “ExxonMobil” əməkdaşlığı yeni deyil. Bu münasibətlərin təməli hələ 1990-cı illərin əvvəllərində, ölkəmiz müstəqilliyini yenicə bərpa etdiyi dövrdə qoyulub. Məhz həmin vaxt Azərbaycan xarici sərmayəni cəlb etməklə enerji sektorunun inkişafnı diqqətdə saxladı və ABŞ-ın aparıcı şirkətləri, xüsusilə də “ExxonMobil” və “Chevron” bu prosesin ön sıralarında yer aldı.

İyunun 2-də Prezident İlham Əliyevin “ExxonMobil” şirkətinin vitse-prezidenti Con Ardilli ilə görüşü də bu etibarlı tərəfdaşlığın davamlılığının göstəricisi idi. Görüş zamanı şirkətin Azərbaycanda uzunmüddətli fəaliyyəti, xüsusilə “Azəri–Çıraq–Günəşli” (AÇG) layihəsində səhmdar kimi fəal iştirakı xüsusi vurğulandı. Bu layihə yalnız Azərbaycanın deyil, bütövlükdə Xəzər regionunun enerji xəritəsində mühüm yer tutur.

Yeni imzalanmış memorandum SOCAR ilə “ExxonMobil” arasında enerji sektorunda strateji əməkdaşlığın dərinləşdirilməsini nəzərdə tutur. Buraya neft-qaz hasilatı, emalı, yeni texnologiyaların tətbiqi, eləcə də bərpa olunan enerji mənbələri üzrə perspektiv layihələr daxildir. Sənədin imzalanması Azərbaycan – ABŞ enerji dialoquna əlavə güc verir, qarşılıqlı investisiya imkanlarını genişləndirir.

Bununla yanaşı, memorandum iki tərəf arasında təcrübə mübadiləsi, innovativ həllərin tətbiqi və enerji təhlükəsizliyi sahəsində koordinasiyanı da artıracaq. Bu, Azərbaycanın “yaşıl” keçid strategiyasına uyğun olaraq, enerji resurslarından səmərəli istifadə və ekoloji standartların yüksəldilməsi istiqamətində mühüm addımdır.

ABŞ-ın “ExxonMobil” və “Chevron” kimi energetika nəhəngləri səhmdarlarının mənfəətini maksimuma çatdırmaq mandatına malik ictimai şirkətlərdir. Onlar biznes və investisiya qərarlarını peşəkar bazar prinsiplərinə əsaslanaraq qəbul edir və Azərbaycanın enerji sektorunda uğurla fəaliyyət göstərirlər. Xüsusilə “ExxonMobil”in ölkəmizdəki fəaliyyəti yalnız neft-qaz hasilatı ilə məhdudlaşmır, o, həm də sosial layihələrdə, kadr hazırlığında, yerli təchizatçıların inkişafında mühüm rol oynayır. Hazırda ABŞ-ın digər bir çox xidmət təminatçıları da Azərbaycanın enerji sektorunda uğurla fəaliyyətini davam etdirir, texnologiya, mühəndislik, logistika və digər sahələrdə mühüm dəstək göstərirlər.

Azərbaycan – ABŞ enerji tərəfdaşlığı təkcə iqtisadi mənfəət deyil, həm də geosiyasi sabitlik və regional enerji təhlükəsizliyi baxımından böyük əhəmiyyət daşıyır. Respublikamız Xəzər regionunun əsas enerji ixracatçılarından biri olaraq Avropa və dünya bazarlarının enerji təchizatında strateji mövqeyə sahibdir. Bu baxımdan “ExxonMobil” ilə əməkdaşlıq Azərbaycanın enerji infrastrukturunun modernləşdirilməsi, ixrac marşrutlarının şaxələndirilməsi və hasilat texnologiyalarının təkmilləşdirilməsi üçün əlavə imkanlar yaradır. Bu, həm də Azərbaycanın enerji siyasətinin uzunmüddətli dayanıqlığını təmin edir.

Memorandumun imzalanması ilə SOCAR və “ExxonMobil” qarşıdakı illərdə ortaq layihələr üzərində daha fəal işləmək, innovativ texnologiyaları Azərbaycana gətirmək və enerji hasilatında səmərəliyi artırmaq niyyətindədir. Bu əməkdaşlıq respublikamızın enerji sektorunun dünya standartlarına uyğun inkişafına, ölkə iqtisadiyyatına əlavə valyuta axınının təmin edilməsinə və qeyri-neft sektoruna investisiyaların artmasına təkan verəcək.

Bütün bunlar onu göstərir ki, Azərbaycan və ABŞ arasında enerji tərəfdaşlığı gələcəkdə daha da möhkəmlənəcək, regional və qlobal enerji bazarlarında ölkəmizin rolunu daha da gücləndirəcək. Vaşinqtonda imzalanan bu memorandum isə həmin yolun ən mühüm mərhələlərindən biri kimi tarixə düşəcək.

Qeyd edək ki, ABŞ-ın “ExxonMobil” şirkəti biznes və investisiya qərarlarını səhmdarlarının mənfəətini maksimuma çatdırmaq üçün mandatına uyğun qəbul edən ictimai şirkətdir. Bu energetika şirkəti 1990-cı illərin əvvəllərindən Azərbaycanda səmərəli fəaliyyət göstərir və xarici bazarlara giriş və çıxışla bağlı kommersiya qərarlarını uğurla həyata keçirir. Hazırda səhmdarlarının mənfəətini maksimuma çatdırmaq üzrə eyni səlahiyyətdə olan ABŞ-ın bir çox xidmət təminatçısı da respublikamızın enerji sektorunda fəaliyyətini yüksək səviyyədə davam etdirir. 

“ExxonMobil”in təşəbbüsləri təkcə enerji istehsalını təkmilləşdirməyi vəd etmir, həm də regionda iqtisadi artımı stimullaşdırmaq məqsədi daşıyır. Böyük sərmayələr yatırmaqla və qaz kəşfiyyatına qabaqcıl texnologiya gətirməklə şirkət enerji sektorunda lider mövqeyini gerçəkləşdirməyə çalışır.

Sözügedən şirkət fəaliyyətində, eyni zamanda, metan emissiyalarının, əməliyyat xərclərinin azaldılmasını, hasilatın artırılmasını gerçəkləşdirən müasir texnologiyaların tətbiqi ilə həyata keçirilən layihələrin icrasını, karbohidrogen sektorunda enerji təchizatının elektrikləşdirilməsini, eləcə də hidrogenin inkişafı istiqamətində görülən işlərin miqyasının genişləndirilməsini də diqqətdə saxlayır. 

“ExxonMobil”in bu istiqamətdə reallaşdırılan layihələrə önəm verməsi təsadüfi deyil. Çünki Azərbaycanın enerji balansında neft–qazın, bərpa olunan enerjinin yer almasını dəstəkləyən enerji siyasəti, müxtəlif marşrutları əhatə edən “yaşıl” enerji dəhlizləri, eləcə də bərpa olunan enerjinin elektrik enerjisinin istehsal gücündə 2030-cu ildə 35,5 faizə çatdırılması hədəfi hazırda prioritet istiqamətlərdir.

Eyyub KƏRİMLİ, 
İqtisadçı – ekspert

Avqustun 7-də Prezident İlham  Əliyevin iştirakı ilə Vaşinqtonda  SOCAR və “ExxonMobil” arasında imzalanmış əməkdaşlıq memorandumu Azərbaycanın enerji diplomatiyasında yeni mərhələnin başlanğıcı kimi dəyərləndirilməlidir. Bu, sadəcə, birgə layihə deyil, ölkəmizin iqtisadi, texnoloji və geosiyasi gələcəyini formalaşdıracaq strateji platformadır. Mərasimdə ABŞ Prezidentinin xüsusi elçisi Stiv Uitkoffun iştirakı isə bu əməkdaşlığın təkcə korporativ deyil, həm də strateji-siyasi əhəmiyyət daşıdığını göstərir. 

Sənəd ölkəmizin enerji strategiyası və dünya enerji bazarlarında mövqeyi baxımından ciddi strateji və maliyyə nəticələri vəd edir. Dünyanın ən böyük və nüfuzlu enerji şirkətlərin olan “ExxonMobil”lə əməkdaşlıq yalnız texnoloji və maliyyə dəstəyi deyil, həm də beynəlxalq enerji bazarlarında geosiyasi çəki deməkdir. Belə ki, ABŞ-ın enerji nəhəngi ilə əməkdaşlıq SOCAR-a dərin qazma, neft-kimya texnologiyaları və alternativ enerji sahələrində texniki biliklər və təcrübə qazandıracaq. Bu, xüsusilə dəniz yataqlarının işlənməsi və karbonsuz texnologiyalara keçid baxımından önəmlidir. Eyni zamanda, “ExxonMobil”in sərmayəsi SOCAR-ın iri enerji layihələrində maliyyə yükünü bölüşdürməyə imkan verəcək. Gələcəkdə Azərbaycanın enerji sektoruna xarici kapital axını artacaq ki, bu da dövlət büdcəsinə və Neft Fonduna daha daha çox vəsaitin daxil olmasına imkan yaradacaq. 

“ExxonMobil”lə əməkdaşlıq Azərbaycanın Avropa və Asiya bazarlarında etibarlı tərəfdaş statusunu gücləndirməyə imkan yaradır. Bu, xüsusilə “yaşıl enerji keçidi” dönəmində təmiz texnologiyaların tətbiqində önəm daşıyır. Bütövlükdə, ABŞ-la strateji enerji əməkdaşlığı Azərbaycanın Transatlantik enerji dialoqunda yerini möhkəmləndirir. Hazırkı şəraitdə regionda Azərbaycanın geosiyasi əhəmiyyətinin artması, Qafqazda sabit enerji axını Qərb üçün xüsusi önəm daşıyır. Heç şübhəsiz, belə əməkdaşlıqlar SOCAR-ı regional oyunçudan qlobal enerji tərəfdaşına çevirə bilər. Ümumilikdə, Azərbaycanın enerji siyasətində ABŞ ilə sıx əməkdaşlıq ölkəmiz üçün Avropa və Asiya bazarlarında etibarlı, balanslı və çevik mövqe təmin edəcək.



İqtisadiyyat