Türkə nifrət erməniləri cəllada çevirmişdi

post-img

Qərbi Azərbaycanın tamailə itirilməsi ilə nəticələnmiş 1988-ci ilin sonuncu deportasiyası xalqımıza qarşı düşmənçiliyi sonadək körüklənmiş erməni toplumunun kütləvi vəhşilikləri, misilsiz cinayətləri ilə gerçəkləşdirilmişdir. Əzəli torpağından ağlasığmaz hiylə və işgəncə ilə qovulmuş 250 minədək soydaşımızın hər biri bu zorakı qovulmada maddi və mənəvi itkiyə məruz qalmış, təhqir və zülmlə üzləşmişdir. 

Qərbi Azərbaycana qayıdış missiyası çərçivəsində həmin vəhşilik və cinayətlərə hədəf olmuş soydaşlarımızdan daha birinin ağrılı xatirə və düşüncələrini oxucularımıza təqdim edirik.

Mən 1951-ci ildə Qərbi Azərbaycanın ermənilərin sonradan Ararat adlandırdıqları Vedibasar rayonunun Şidli kəndində anadan olmuşam. Uşaqlıq dövrüm olan ötən əsrin 60-cı illərinədək ermənilərlə azərbaycanlılar nisbətən dinc, dava-şavasız yaşamışdılar. Lakin sonrakı illərdə tədricən milli münasibətlər zəminində mübahisələr, incikliklər hətta davaya səbəb olan qarşıdurmalar artmağa başlamışdı. 

“Xalq qəzeti”ndə bundan əvvəl çap olunmuş “Azərbaycan sevgisi cinayət sayılırdı” başlıqlı qeydlərimin davamı olaraq bildirirəm ki, ümummmilli lider Heydər Əliyev 1987-ci ilin payızında sovet rəhbərliyindən istefaya göndəriləndən sonra ermənilərin bizə münasibəti kəskin surərdə pisləşdi. Bir neçə aydan sonra SSRİ-dəki erməni siyasi qruplaşması M.Qorbaçovun himayəsi ilə Dağlıq Qarabağ münaqişəsinə start verdilər. 

Ermənilər, ilk növbədə, Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın son nəslini qovub-çıxarmaq üçün kütləvi hücumlara başladılar. Qarşısı alınmayan bu vəhşiliklərin nəticəsi olaraq biz azərbaycanlıları 1988-ci ilin payızında Ermənistandan tamamilə deportasiya etdilər. 1988-ci ilin fevralından dekabrınadək Qərbi Azərbaycanda  bir nəfər də azərbaycanlı qalmadı. 

Evindən qovulmuş, var-yoxu əlindən alınmış, işgəncələr verilmiş insanlar min illərdən bəri babalarından miras qalmış ərazilərdən qovularaq Azərbaycana pənah gətirdilər. Çərxi dönmüş Qərbi Azərbaycan düşmən xəyanətinin və sahibsizliyin güdazına getdi.

Həmin vaxt baş vermiş Sumqayıt hadisələri vəziyyəti daha da gərginləşib açıq düşmənçilik səviyyəsinə yüksəlmişdi. Ermənistandan qovulan azərbaycanlılarla Azərbaycandan köçən ermənilər əlacsız qalıb harda gəldi öz aralarında danışıq aparır, mənzillərini bir-biri ilə dəyişirdilər. Əsas danışıqlar da Bakıda aparılırdı. Artıq Bakı–İrəvan dəmir yolunda qatarlara hücum edildiyi üçün mən çox çətinliklə Bakıya gəldim. Bir erməni ilə evimizi dəyişmək barədə razılaşdıq. 

Köçmək üçün bir neçə gün fasilədən sonra yenidən işə salınmış Bakı–İrəvan qatarına bilet aldım ki,  Vediyə qayıtdım, yaşadığımız Xalisa kəndinə gedim. Qatar Naxçıvanın Noraşen (Şərur) stansiyasına çatanda bütün sərnişinlər düşdülər. Ermənistana gedən yeganə sərnişin mən idim. Qatar Vedinin Dəvəli stansiyasına çatanda isə mən də düşdüm ki, avtobusla kəndimizə çatım. Stansiya həmişə səsli-küylü, adamla dolu olan bir  ərazi idi. Ancaq həmin gün heç kəsə rast gəlmədim. 

Yola çıxıb nə qədər gözlədim avtobus gəlmədi. Məcbur olub bir taksi sürücüsünə yaxınlaşdım ki, məni Xalisa kəndinə aparsın. Bunu eşidən sürücü mənə hücum edərək ətrafdakılara yüksək səslə dedi ki, gəlin türk tutmuşam. Orada olan ermənilər məni əhatəyə alaraq sorğu-suala tutdular ki, belə bir vaxtda nə cəsarətlə bura gəlmisən. Mən onlara evimizi dəyişmək üçün sənədləri aparmaq üçün gəldiyimi desəm də, onlar məni buraxmadılar.  Ələ salıb dedilər ki, daha sənə heç bir sənəd lazım gəlməyəcək.

Onlar məni maşına oturdaraq Ararat (Dəvəli) qəsəbəsinin mərkəzinə gətirdilər.Yenə başladılar asıb-kəsməyə. Bu hadisələr başlamamış mən kənddə kolxozun məntəqə müdiri işləyirdim. Tez-tez bura gəlirdim. Bu ermənilərin arasındakı Mişa adlı ermənini tanıdım və dedim ki, kimliyimi ondan soruşun. Mişa mənə çəp-çəp baxıb dedi ki, deyəsən, məni tanıyır. Bundan sonra da məndən əl çəkmədilər. Biri dedi ki, paltarını soyundurun ötürün getsin, bir başqası isə bildirdi ki, Sumqayıtın heyfini almaq lazımdır. Elə bu vaxt bir erməni hoppanıb sifətimə təpiklə vurdu. O dedi ki, nə bazar açmısınız, işini bitirin, qutarsın. 

Bundan sonra üstümə tökülüşüb təpik-yumruqla o qədər vurdular ki, ayağa qalxa bilmədim. Axırda  məni sürüyərək böyük bir tut ağacının altına gətirdilər. Bir erməniyə isə dedilər ki, get kəndir gətir bunu asaq. Daha bilmədim nə qədər vaxt keçdi. Bir də gördüm ki, bir erməni məni qaldırır. O dedi ki, qorxma səni kəndinizə aparacam. O məni sovet sədrinin otağına apardı. Ermənilər isə qışqırıb deyirdilər ki, Sumqayıtı yaddan çıxarmayın, verin bu türkü öldürək. Biz idarədən bayıra çıxanda orada olan ermənilər yenə dedilər  ki, aparma qoy onu öldürək.

Həmin erməni oğlan məni birtəhər aradan çıxarıb maşına oturtdu. Elə ki, kəndin girəcəyinə çatdıq təəccüb məni bürüdü. Kənd yolunun hər iki tərəfinə, elə bil, insandan çəpər çəkilmişdi. Hər tərəfdə rus hərbçiləri, erməni polisləri, rayon rəhbərləri görünürdü.  Əmr verirdilər ki, tez çıxın, geciksəniz pis olacaq. Deməli, kənd camaatını döyərək maşınlara mindirib kənddən çıxarırdılar. 

Mən ailə üzvlərimi nə qədər axtarsam da tapa bilmədim. Qonşulardan biri dedi ki qaynatan ailənizi qonşu kənddə yaşayan qardaşıngilə aparıb. Məni dar ağacından qurtarıd bura gətirən erməni yenə rastıma çıxıb soruşdu ki, ailəni tapdınmı? Ona dedim ki, ailəm qonşu kəndədir. Şiddi kəndində ancaq azərbaycanlılar yaşayırdılar. Bu erməni, deyəsən, Şiddinin köçüb-qaldığını öyrənmək üçün məni bir hərbçinin müşayiəti ilə ora apardı. Yolüstü kənddəki evimizə düşdüm ki. sənədləri və palltarlarımı götürüm. Bakıdan gəlmiş erməni və qonşu ermənilər bizim evdə olan əşyaları öz aralarında bölüşdürürdülər. Qonşularım olmuş ermənilər mənə düşmən kimi baxırdılar.

Dayanmayıb Şiddi kəndinə gəldik. Qardaşımgildən anamı, yoldaşımı 3 körpə uşağımı götürərək Xalisa qayıtdıq. Kənddən zorla çıxarılan adamları doldurduqları maşın karvanında bizi Naxçıvanla sərhəddəki Arazdəyən kəndinə gətirdilər. Yol boyu yolun hər iki kənarına düzülən ermənilər bizim maşınları daşlayırdılar. 

Sədərəkdə muxtar respublika rəhbərliyi bizi avtobuslara  mindirib yataqxanalarda, evlərdə yerləşdirdilər. Sonradan bəzi adamlar ermənilərlə evlərini dəyişə bildilər. Bir çoxunun isə evi zəbt olunduğundan onlar bunu edə bilmədilər.

Azərbaycan o məhşərə bənzər günlərdə Qərbi Azərbaycandan qovulan 250 minədək azərbaycanlıya sahib çıxaraq onları respublikanın müxtəlif şəhər və kəndlərində yerləşdirdi. Mən isə Bakı şəhərində yerləşə bildim. Amma ötən 37 ildə bir gün də Vedini, Şiddini, Xalisanı unutmamışam. Qarabağda 30 illik Ermənistan işğalına son qoymuş Azərbaycan Prezifdenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin dəstəyi ilə ölkəmizdə uğurla davam etdirilən Qərbi Azərbaycana Qayıdış hərəkatı doğma yurda qayıtmaq ümidlərimizə çıraq tutub.

Salman MÜRSƏLOV,
Qərbi Azərbaycan qaçqını



Sosial həyat