Azərbaycan “Şimal–Cənub” marşrutunun aparıcı ölkəsidir

post-img

Moskva Bakı ilə münasibətlərində bu amilə ciddi önəm verir

Martın 2-də Prezident İlham Əliyev Rusiya Federasiyası Hökuməti Sədrinin müavini, Hökumətlərarası Komissiyanın həmsədri Aleksey Overçuku qəbul edib. Görüş zamanı Azərbaycan–Rusiya münasibətlərinin gündəliyi ilə bağlı ətraflı fikir mübadiləsi aparılıb. İki ölkə arasında qarşılıqlı faydalı iqtisadi-ticari, investisiya, sənaye və nəqliyyat-logistika əməkdaşlığının gələcəkdə daha da inkişaf etdirilməsinə dair ortaq niyyətə diqqət yetirilib.

Bundan başqa, görüşdə regionda nəqliyyat əlaqələrinin inkişafı perspektivləri də müzakirə edilib. “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizinin inkişafı üzrə işləri davam etdirmək üçün ortaq niyyət təsdiqlənib.

Qeyd etmək lazımdır ki, “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi ilə bağlı məsələlərin yüksək səviyyədə müzakirəyə çıxarılması bu marşrutun geoiqtisadi və geosiyasi baxımdan strateji əhəmiyyət daşıdığını göstərir. Bu dəhliz Rusiya Federasiyası və Azərbaycan üçün önəmli əməkdaşlıq istiqamətlərindən hesab olunur. İran da öz növbəsində marşrutun genişləndirilməsində maraqlı tərəf kimi çıxış edir. Çünki bu nəqliyyat xətti hər üç dövlətin ixrac və idxal əməliyyatlarını, istehsal və istehlak zəncirini daha səmərəli və rəqabətqabiliyyətli edir.

Bu kontekstdə ötən ilin oktyabrında Bakıda Rusiya, Azərbaycan və İran nümayəndələrinin iştirakı ilə görüş keçirilib, dəhlizin ötürmə qabiliyyətinin artırılması və texniki koordinasiya məsələləri müzakirə olunub. Danışıqların yekununda üç ölkənin gömrük, sərhəd və nəqliyyat qurumlarını təmsil edən birgə işçi qruplarının formalaşdırılması barədə razılıq əldə edilib. Bu addımın dəhlizin institusional və əməliyyat baxımından inkişafına müsbət təsir göstərəcəyi gözlənilir.

Xatırladaq ki, ötən il Azərbaycandan keçən "Şimal–Cənub" nəqliyyat dəhlizi ilə 9 milyon 289 min ton yük daşınıb. Proqnozlara görə, 2030-cu il üçün bu dəhlizi üzrə yükdaşımaların 32 milyon ton səviyyəsində olacağı proqnozlaşdırılır. Yüklər Rusiyadan avtomobil nəqliyyatı vasitəsilə İran istiqamətinə, eləcə də Körfəz ölkələrinə 10–12 gün ərzində çatdırılır. Hazırda dəmir yolu vasitəsilə Azərbaycan üzərindən tranzit qaydasında İrana ildə təxminən, 1 milyon ton yük yönləndirilir. Rəşt-Astara dəmir yolu xətti istismara verildikdən sonra isə yük axınının əhəmiyyətli dərəcədə artacağı gözlənilir.

Rəşt–Astara yolu İran ilə Azərbaycan arasında planlaşdırılan strateji dəmir yolu layihəsidir və “Şimal–Cənub” Beynəlxalq Nəqliyyat Dəhlizi çərçivəsində əsas halqalardan biri hesab olunur. Layihə daxilində Rusiya və İranın iştirakı ilə Rəşt–Astara dəmir yolu xəttinin inşası üçün maliyyələşdirmə mexanizmləri formalaşdırılıb. Təxminən, 1,3 milyard avro həcmində kredit resursunun cəlb olunması nəzərdə tutulur və bu vəsaitin əsas hissəsinin Rusiya tərəfindən təmin ediləcəyi planlaşdırılır.

Layihə İranın Gilan vilayətində yerləşən Rəşt şəhərindən başlayaraq Azərbaycan sərhədindəki Astara məntəqəsinə qədər uzanır. Xəttin uzunluğu təxminən, 162–165 kilometr təşkil edir. Bu seqment Qəzvin–Rəşt xətti ilə birləşərək İran dəmir yolu şəbəkəsini birbaşa Azərbaycan üzərindən Rusiya istiqamətinə bağlamalıdır.

Yolun strateji əhəmiyyəti ondan ibarətdir ki, xətt tam istismara verildikdən sonra Hind okeanı və Fars körfəzi limanlarından yüklər İran–Azərbaycan–Rusiya marşrutu ilə Şimali Avropaya daha qısa müddətdə daşına biləcək. Mövcud marşrutlarla müqayisədə məsafə və vaxt azalır, logistika xərcləri optimallaşır.

Layihə uzun müddətdir müzakirə olunur. İran ərazisində dağlıq relyef və mühəndis qurğularının (körpülər, tunellər) tikintisi işləri layihəni texniki və maliyyə baxımından mürəkkəbləşdirir. Son illər İran və Rusiya arasında maliyyələşdirmə mexanizmləri üzrə razılaşmalar əldə olunub və tikintinin mərhələli şəkildə həyata keçirilməsi planlaşdırılır.

Hazırda Azərbaycan tərəfi ilə İran arasında Astara–Astara sərhəd dəmir yolu bağlantısı və yük terminalı fəaliyyət göstərir. Lakin Rəşt–Astara hissəsi tamamlanmadığı üçün dəhliz tam gücü ilə işləyə bilmir. Qeyd edək ki, bir müddət öncə rusiyalı və iranlı rəsmilər tərəfindən "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi çərçivəsində Rəşt-Astara dəmir yolu xətti layihəsinin praktiki icrasına 2026-cı il aprelin 1-dən başlanacağı deyilirdi. Lakin hazırda İranın ABŞ və İsraillə müharibə aparması bu işi müəyyən müddətə ləngidə bilər.

***

Rusiya hökumət nümayəndə heyətinin martın 2-də Bakıya səfəri çərçivəsində İqtisadi əməkdaşlıq üzrə Rusiya-Azərbaycan Hökumətlərarası Komissiyasının həmsədrləri – hər iki ölkənin Baş nazirinin müavinləri – Aleksey Overçuk və Şahin Mustafayev Rusiya və Azərbaycan arasında praktiki qarşılıqlı fəaliyyətin bütün aktual məsələlər kompleksini müzakirə ediblər. Ticarət-iqtisadi, sənaye, enerji, nəqliyyat-logistika və aqrar-sənaye əməkdaşlığının möhkəmləndirilməsinə xüsusi diqqət yetirilib. Tərəflər əmtəə dövriyyəsinin davamlı artımını məmnunluqla qeyd ediblər. Orta və uzunmüddətli perspektivə hesablanmış birgə investisiya layihələrinin həyata keçirilməsi üçün geniş imkanların olduğu vurğulanıb.

Yeri gəlmişkən, Rusiya Azərbaycanın ən yaxın ticarət tərəfdaşlarından biri hesab olunur. İki ölkə arasındakı ticarət əməliyyatlarına nəzər saldıqda bunu aydın görmək olur. Ötən ilin yanvar-dekabr aylarında bu ölkə ilə ticarət dövriyyəsi 4 milyard 508 milyon 276 min ABŞ dolları təşkil edib. Bunun 1 milyard 87 milyon 796 min ABŞ dolları ixracın, 3 milyard 420 milyon 479 min ABŞ dolları idxalın payına düşüb. Hesabat dövründə Azərbaycanla ticarət dövriyyəsinin həcminə görə 3-cü yerdə qərarlaşıb. Qeyri-neft məhsullarının ixrac olunduğu ölkələr sırasında isə Rusiya ümumi ixraca nisbətdə 32,52 faiz payla 1-ci olub.

Azərbaycan ilə Rusiya arasında iqtisadi əməkdaşlıq çərçivəsində neft-qaz sektoru, enerji, kimya, dərman sənayesi, maşınqayırma və yüklərin daşınması kimi bir neçə layihələr həyata keçirilir. Azərbaycanda Rusiya kapitalı ilə fəaliyyət göstərən şirkətlər mövcuddur. Bu şirkətlər müxtəlif sənaye sahələrində investisiya qoyuluşu və birgə istehsal həyata keçirir. Rusiya şirkətlərinin payı ilə Azərbaycanın neft-qaz layihələrində mühüm iştirak var. Məsələn, LUKoil “Şahdəniz” qaz-kondensat yatağının işlənməsində böyük həcmlərdə investisiya həyata keçirib.

İki ölkə arasında qarşılıqlı investisiyaların həcmi 6 milyard ABŞ dollarını ötüb. Bunun da 5 milyarddan çoxu Rusiya investisiyalarıdır, Azərbaycan iqtisadiyyatına qoyulan rus kapitalıdır.

2025-ci ilin yanvar–sentyabr aylarında Rusiya Federasiyasından Azərbaycana yönəlmiş birbaşa xarici investisiyaların həcmi 181,208 milyon ABŞ dolları təşkil edib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 83,316 milyon dollar və ya 1,8 dəfə çoxdur. Hesabat dövründə Rusiyadan daxil olan investisiyaların Azərbaycanın ümumi birbaşa xarici investisiyalarındakı payı 3,8 faiz olub.

Eyni zamanda, 2025-ci ilin ilk 9 ayında Azərbaycan Rusiya iqtisadiyyatına 38,923 milyon ABŞ dolları həcmində investisiya yatırıb. Bu, 2024-cü ilin yanvar–sentyabr ayları ilə müqayisədə 11,563 milyon dollar və ya 42,3 faiz artıqdır.

Azərbaycanın Rusiyaya yönəltdiyi investisiyaların ümumi birbaşa xarici investisiyalardakı payı isə 1,9 faiz təşkil edib.

Qeyd edək ki, 2024-cü ilin ilk 9 ayında Rusiyadan Azərbaycana birbaşa investisiyalar 97,892 milyon, Azərbaycandan Rusiyaya yatırımlar isə 27,36 milyon ABŞ dolları olub.

Musa BAĞIRLI
XQ

İqtisadiyyat