Yunus Əmrənin 785 illiyinə həsr olunmuş filmin təqdimatı

post-img

AMEA-nın Şəki Regional Elmi Mərkəzinin (REM) əməkdaşları Şəki şəhər Mərkəzləşdirilmiş Kitabxana Sisteminin təşkilatçılığı ilə keçirilən “Dünyanı yaxşılar gözəlləşdirir” adlı kitabın və böyük türk şairi Yunus Əmrənin 785 illiyinə həsr olunmuş sənədli filmin təqdimat mərasimində iştirak ediblər. 

Şəki REM-in Tarix və epiqrafika şöbəsinin böyük elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Akif Məmmədli sənədli filmdə yer alıb. O, Yunus Əmrənin Türk-İslam mədəniyyətində xüsusi yer tutması, yaradıcılığında insan sevgisinin, mərhəmətin, tolerantlığın və mənəvi saflığın əsas ideya xəttini təşkil etməsi, müxtəlif coğrafiyalarda ona aid edilən məzar yerləri ilə bağlı rəvayətlər, xüsusilə Qax rayonunda yerləşdiyi bildirilən məzarla bağlı məlumatlara toxunaraq bu kimi məkanların Yunus Əmrənin irsinin geniş coğrafiyada yayılmasının və xalq yaddaşında yaşamasının göstəricisi olduğu barədə ətraflı danışıb.

Təqdimatın sonunda çıxış edən Şəki ziyalıları Yunus Əmrənin sadə və xalq dilinə yaxın üslubunun onun əsərlərinin əsrlər boyu aktuallığını qoruyub saxlamasına səbəb olduğunu və bu gün də onun ideyalarının cəmiyyətlərarası anlaşma və mənəvi dəyərlərin qorunması baxımından aktuallığını itirmədiyini bildiriblər. Həmçinin Yunus Əmrə irsinin təbliği istiqamətində həyata keçirilən bu cür layihələrin gənc nəslin milli-mənəvi dəyərlərə bağlı ruhda formalaşmasına, eyni zamanda ümumbəşəri humanist ideyaların cəmiyyətə çatdırılmasına mühüm töhfə verdiyini vurğulayıblar.

Qeyd edək ki, kitabın müəllifi və filmin layihə müəllifi Jalə Cəfərova, ssenari müəllifi və rejissoru Etibar Məmmədov, təsvir rejissoru Ramin Şahbazovdur.

Qabil YUSİFOĞLU
XQ









Elm