Antibiotiklərə davamlılıq: bəşəriyyətin qarşısında böyüyən təhlükə

post-img

Antibiotiklərin kəşfi ötən əsrdə milyonlarla insanın həyatını xilas edən ən mühüm tibbi nailiyyətlərdən biri olub. Lakin bu gün həmin uğur ciddi təhlükə ilə üz-üzədir. Dünyada antibiotiklərə davamlılığın sürətlə artması nəticəsində bir çox bakterial infeksiyalar mövcud dərmanlarla müalicəyə tabe olmur. Mütəxəssislər bu prosesi “səssiz pandemiya” adlandırırlar. Məhz bu səbəbdən Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) antibiotiklərə davamlılığın sürətlə artması fonunda 2026-2036-cı illəri əhatə edən yeni Qlobal Fəaliyyət Planını təsdiqləyib.

ÜST-ün məlumatına görə, 2023-cü ildə dünyada qeydə alınan ən geniş yayılmış bakterial infeksiyaların hər altıncı halı antibiotik müalicəsinə davamlı olub. Bu göstərici problemin artıq ayrı-ayrı ölkələrin deyil, bütün bəşəriyyətin təhlükəsizlik məsələsinə çevrildiyini göstərir. Antibiotiklərə davamlılıq bakteriyaların zamanla dəyişərək dərmanların təsirinə qarşı müqavimət qazanması nəticəsində yaranır. Nəticədə adi infeksiyalar daha ağır keçir, xəstələrin sağalma müddəti uzanır, ölüm riski artır və səhiyyə xərcləri çoxalır. 

Araşdırmalar göstərir ki, 2021-ci ildə bakterial antimikrob davamlılığı ilə əlaqəli təxminən 4,7 milyon ölüm halı qeydə alınıb. Ekspertlər xəbərdarlıq edirlər ki, qəti tədbirlər görülməzsə, 2050-ci ilədək bu göstərici daha da yüksələrək milyonlarla insanın həyatına son qoya bilər. Problem yalnız infeksion xəstəliklərlə məhdudlaşmır. Antibiotiklərin təsirsiz qalması cərrahi əməliyyatların, orqan transplantasiyalarının, xərçəng müalicəsinin və intensiv terapiya xidmətlərinin təhlükəsizliyini də sual altına qoyur. 

Yeni Qlobal Fəaliyyət Planı 2015-ci ildə qəbul olunmuş əvvəlki strategiyanın davamı olmaqla yanaşı, son illərin elmi nəticələrini və beynəlxalq öhdəlikləri də özündə əks etdirir. Sənəd insan, heyvan, bitki və ətraf mühit sağlamlığını bir-biri ilə əlaqəli şəkildə nəzərdən tutan “Bir Sağlamlıq” yanaşmasına əsaslanır. Plan çərçivəsində infeksiyaların profilaktikası, epidemioloji nəzarətin gücləndirilməsi, antibiotiklərin məsuliyyətli istifadəsi, yeni dərmanların və vaksinlərin hazırlanması, həmçinin təhlükəsiz və effektiv müalicə vasitələrinə bərabər çıxışın təmin olunması əsas prioritetlər kimi müəyyənləşdirilib. 

Mütəxəssislərin fikrincə, antibiotiklərə davamlılıqla mübarizədə yalnız səhiyyə sistemlərinin səyləri kifayət deyil. Bu sahədə kənd təsərrüfatı, qida istehsalı, ətraf mühitin mühafizəsi və təhsil sektorlarının da koordinasiyalı fəaliyyəti vacibdir. Antibiotiklərin nəzarətsiz istifadəsinin məhdudlaşdırılması, reseptsiz satışın qarşısının alınması, laborator diaqnostikanın gücləndirilməsi və əhalinin maarifləndirilməsi problemin həllində mühüm rol oynayır. 

 

Nurəngiz Adilqızı

XQ

 

 

Sosial həyat