Bayramov yaponiyalı parlamentarilərlə Azərbaycan–Yaponiya münasibətlərinin strateji istiqamətlərini müzakirə edib

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovun Yaponiyaya işgüzar səfəri çərçivəsində Yaponiya – Azərbaycan Parlamentlərarası Dostluq Liqasının üzvləri ilə görüşü keçirilib.

Görüş zamanı Azərbaycan və Yaponiya arasında mövcud əməkdaşlıq əlaqələrinin cari vəziyyəti, eləcə də tərəfdaşlığın gələcək inkişaf istiqamətləri ətrafında ətraflı fikir mübadiləsi aparılıb. Tərəflər iki ölkə arasında formalaşmış dostluq və qarşılıqlı etimada əsaslanan münasibətlərin son illərdə müxtəlif sahələr üzrə uğurla inkişaf etdiyini vurğulayıblar.

Müzakirələr zamanı siyasi məsləhətləşmələr mexanizminin, Azərbaycan–Yaponiya İqtisadi Əməkdaşlıq Komissiyasının fəaliyyəti, yüksək səviyyəli qarşılıqlı səfərlər və müntəzəm təmasların ikitərəfli əlaqələrin daha da dərinləşdirilməsi baxımından mühüm rol oynadığı qeyd olunub. Parlament diplomatiyasının dövlətlərarası münasibətlərin möhkəmləndirilməsinə verdiyi töhfə xüsusi vurğulanıb.

Görüş çərçivəsində siyasi və iqtisadi əməkdaşlıqla yanaşı, humanitar, təhsil, turizm, innovasiya, yüksək texnologiyalar, ənənəvi və bərpa olunan enerji sahələrində əməkdaşlığın genişləndirilməsi imkanları da nəzərdən keçirilib. Tərəflər yaşıl enerji və dayanıqlı inkişaf istiqamətində həyata keçirilən layihələrin gələcək əməkdaşlıq üçün yeni perspektivlər açdığını bildiriblər.

Söhbət zamanı Yaponiyanın aparıcı korporasiyaları olan ITOCHU və INPEX şirkətlərinin Azərbaycanın enerji sektorunda uzun illər ərzində uğurlu fəaliyyət göstərdiyi, xüsusilə neft-qaz layihələrinin reallaşdırılmasında mühüm rol oynadığı diqqətə çatdırılıb. Bu şirkətlərin ölkəmizin etibarlı tərəfdaşları sırasında yer aldığı və enerji sahəsində əməkdaşlığın Azərbaycan–Yaponiya münasibətlərinin əsas istiqamətlərindən biri olaraq qaldığı qeyd edilib.

Görüşdə həmçinin regional və beynəlxalq gündəlikdə duran məsələlər ətrafında fikir mübadiləsi aparılıb, qarşılıqlı maraq doğuran istiqamətlər üzrə əməkdaşlığın gələcəkdə daha da genişləndirilməsinin əhəmiyyəti vurğulanıb.







Siyasət