"Artemis III" missiyasının astronavtları məlum oldu

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

NASA Ay proqramının ən kritik mərhələsini icra edəcək dörd nəfərlik cəsarətli heyəti ictimaiyyətə təqdim edib. Qəribə səslənsə də, bu astronavtlar Aya uçmayacaqlar, lakin bəşəriyyətin yenidən Ay səthinə qayıda bilməsi birbaşa onların yerinə yetirəcəyi kosmik sınaqlardan asılıdır. Çünki 2027-ci ilə planlaşdırılan "Artemis III" missiyası yalnız Yer kürəsinin orbitində baş tutacaq və tarix boyu ən mürəkkəb kosmik koordinasiyanı tələb edəcək. Missiya çərçivəsində "Orion" gəmisi ilk dəfə olaraq milyarderlər İlon Mask və Ceff Bezosun şirkətləri tərəfindən hazırlanan eniş modullarının test versiyaları ilə orbitdə birləşməli (qoşulmalı) olacaq.

Bu mürəkkəb əməliyyat üçün kosmosa eyni vaxtda bir yox, düz üç nəfərsiz raket buraxılacaq. İlk olaraq "Blue Origin" şirkətinin eniş modulu kosmosa göndərilərək orbitdə astronavtları gözləyəcək, daha sonra isə heyəti daşıyan "Orion" gəmisi havaya qalxacaq. İki gün ərzində bu iki qurğunun birləşmə sınaqları keçiriləcək. Bu mərhələ bitən kimi "Orion" bu dəfə "SpaceX" şirkətinin nəhəng "Starship" gəmisi ilə növbəti qoşulma sınağına başlayacaq. NASA direktoru Cared Ayzekman bildirib ki, dövlət və özəl sektorun bu cür irimiqyaslı müştərək fəaliyyəti dünya kosmonavtika tarixində ən möhtəşəm raket koordinasiyası olacaq. Təxminən iki həftə davam edəcək bu missiyadan sonra astronavtlar Sakit okeana eniş edəcəklər.

Bəs bu çətin missiya kimlərə etibar olunub? Heyətin komandiri, artıq iki dəfə Beynəlxalq Kosmik Stansiyada (BKS) olmuş riyaziyyatçı Rendi Bresnikdir. Gəminin pilotu isə Avropa Kosmik Agentliyinin təcrübəli italyan astronavtı Luka Parmitanodur. Avropalı mütəxəssisin bu layihəyə cəlb edilməsi qitənin proqramdakı mühüm rolunu simvolizə edir. Heyətin digər üzvü tibb elmləri doktoru Frenk Rubiomdur. Kosmosa ilk dəfə uçacaq yeganə şəxs isə sistem mühəndisliyi üzrə doktorluq dərəcəsi olan, avtonom kosmik nəqliyyat sistemlərinin sınaqları üzrə mütəxəssis Andre Duqlasdır. Heyətin ehtiyat üzvü isə Bob Hayns təyin edilib.

Hazırladı:
Arzu ƏLİYEVA
XQ

Maraqlı