Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Baham adalarının paytaxtı, vaxtilə Karib dənizinin ən qorxulu quldurlarının sığınacağı olmuş Nassau limanının dibindən "piratlığın qızıl dövrünə" aid üç tarixi gəminin qalıqları aşkar edilib. XVII əsrin sonlarından XVIII əsrin əvvəllərinə qədər davam edən və Qara Saqqal (Edvard Tiç), Cek Rekhem, Henri Morqan kimi əfsanəvi kapitanların fəaliyyət göstərdiyi bu dövr, Avropa imperiyalarının dəniz ticarətinin yüksəlişi ilə eyni vaxta təsadüf edirdi. Həmin dövrdə minlərlə gəmi quldurların hücumuna məruz qalmış, Nassau isə əlverişli coğrafi mövqeyinə görə dəniz quldurlarının əsas qərargahına çevrilmişdi.
Tarixi sənədlərə görə, 1718-ci ildə adanın ilk ingilis qubernatoru Vuds Rocers piratların cinayət izlərini itirmək üçün Nassauda ələ keçirdikləri 40 gəmini yandırdığını qeyd etsə də, indiyədək həmin gəmilərdən heç birinin izi tapılmamışdı. Lakin dəniz arxeoloqlarının ötən ilin sentyabr və oktyabr aylarında həyata keçirdiyi sualtı qazıntılar bu mənzərəni kökündən dəyişib. Araşdırmalar zamanı tapılan ilk gəminin gövdəsindəki kömürləşmiş taxta qalıqları və gəmi sabitliyini qoruyan ballast daşları, onun qarət edildikdən sonra məhz yandırılaraq batırıldığını sübut edir. Baham Dəniz Muzeyinin direktoru Maykl Peytmanın sözlərinə görə, gəmiləri su xəttinə qədər yandırmaq quldurların hakimiyyət orqanlarından gizlənmək üçün tez-tez istifadə etdiyi məşhur taktika idi.
Nassaudan bir qədər şərqdə və köhnə körpünün altında tapılan digər iki gəmi isə dövrün hərbi və məişət həyatına dair unikal tapıntılarla zəngindir. Arxeoloqlar suyun altından böyük göyərtə topları, qılınc itiləmək üçün bülöv daşları, qurğuşun müskət güllələri, eləcə də qədim şüşə şüşələr və gəmi mətbəxinə aid kərpiclər aşkarlayıblar. Gəmilərin gövdəsində dəmir mismarlar yerinə taxta mismarlardan istifadə olunması onların məhz 1700-cü illərin əvvəllərində inşa edildiyini təsdiqləyir. Tədqiqat rəhbərlərindən biri, dəniz arxeoloqu Şon Kinqslinin fikrincə, gəmilərdə heç bir ticari yükün qalıqlarına rast gəlinməməsi onların ya birbaşa pirat gəmisi olduğunu, ya da quldurlar tərəfindən tamamilə talan edildikdən sonra fırtına və qəza nəticəsində dənizin dibinə gömüldüyünü göstərir.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

