Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
"The New York Times" qəzetinin sorğu apardığı aparıcı kosmik ekspertlər NASA-nın 2028-ci ilə qədər Aya astronavt düşürmək planlarının reallığına ciddi şübhə ilə yanaşırlar. Mütəxəssislərin rəyinə görə, agentliyin "Artemis III" missiyasının uğuru demək olar ki, tamamilə iki məşhur milyarderdən – İlon Mask və Ceff Bezosdan asılı vəziyyətə düşüb. Belə ki, astronavtları Ay orbitindən birbaşa peykin səthinə və geriyə daşıyacaq eniş modullarını məhz bu iki sahibkarın özəl şirkətləri, yəni "SpaceX" və "Blue Origin" təmin etməlidir. Kosmik Siyasət Cəmiyyətinin rəhbəri Keysi Dreyer bu müddətin qeyri-real olduğunu bildirərək qeyd edir ki, rəsmi Vaşinqton "Apollon" proqramı dövrü ilə müqayisədə xərcləri kəskin azaltsa da, bədəl olaraq iki şəxsi biznes nəhəngindən birbaşa asılılığı qəbul edib.
Əslində rəsmi agentlik bu istiqamətdə mühüm texnoloji addımlar atmağa davam edir. Belə ki, cari ilin aprel ayında cəmi on gün davam edən "Artemis II" missiyası çərçivəsində "SLS" super-ağır raketinin və "Orion" gəmisinin köməyi ilə insanların Ay orbitinə təhlükəsiz göndərilməsinin mümkünlüyü artıq uğurla sübut olunub. NASA-nın hazırkı inzibatçısı Cared Ayzekman rəsmi mətbuat konfransında hədəfə tam çatacaqlarına əmin olduqlarını və 2028-ci ilin sonunadək bəşəriyyətin yenidən Aya ayaq basacağını iddialı şəkildə bəyan edib. Lakin NASA-nın kommersiya kosmos bölməsinin keçmiş direktoru Fil Makalister də daxil olmaqla, digər müstəqil analitiklər hər hansı bir texniki gecikmənin bütün qrafiki tamamilə iflic edə biləcəyini vurğulayırlar.
Ekspertlərin bu narahatlığı isə əsassız deyil, çünki ötən ayın sonunda baş verən ciddi bir qəza proqramın zəif bəndlərini bir daha üzə çıxarıb. Belə ki, mayın son günlərində Ceff Bezosun "Blue Origin" şirkətinə məxsus "New Glenn" ağır raket daşıyıcısı Kennedi Kosmik Mərkəzində, uçuşönü sınaqlar zamanı birbaşa start meydançasında partlayıb. Mühərriklərin tam gücünün yoxlanılması zamanı baş verən bu güclü partlayışda xoşbəxtlikdən xəsarət alan olmasa da, iyun ayına planlaşdırılan peyk missiyası təxirə salınıb. Məhz bu cür gözlənilməz texniki qəzalar ABŞ-nin yeni Ay proqramının vaxtında icra olunmasını böyük sual altında qoyur.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

