Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Bərpaolunan enerji obyektləri hər il daha da ucaldıqca və gücləndikcə, onların inşası üçün tələb olunan texnika da eyni sürətlə inkişaf etmək məcburiyyətində qalır. Çinin maşınqayırma nəhəngi "Zoomlion" şirkəti müasir külək generatorlarının quraşdırılması üçün xüsusi olaraq layihələndirilmiş, dünyanın ən hündür və ən böyük qüllə kranının yaradıldığını elan edib. Yeni nəsil nəhəng külək turbinlərinin montajı üçün nəzərdə tutulan bu unikal maşın, texnoloji imkanları ilə ağır sənaye sektorunda yeni bir səhifə açır. İstehsalçının məlumatlarına görə, bu nəhəng mexanizm bütövlükdə 240 tonadək ağırlığında yükləri düz 241 metrdən yüksək hündürlüyə qaldırmaq iqtidarındadır. Texnikanın miqyasını daha aydın təsəvvür etmək üçün qeyd etmək kifayətdir ki, onun yükqaldırma gücü təxminən iki yüz yüngül avtomobili eyni vaxtda 80 mərtəbəli göydələnin zirvəsinə qaldırmağa bərabərdir.
Son illərdə külək energetikası sənayesi elektrik enerjisinin istehsal səmərəliliyini artırmaq məqsədilə turbinlərin ölçülərini ardıcıl olaraq böyüdür. Müasir yerüstü külək generatorlarının qüllə hündürlüyü artıq tez-tez 150 metri keçir, bəzi perspektivli konstruksiyalar isə hətta 200 metrlik həddə yaxınlaşır. Turbin böyüdükcə onun istehsal etdiyi enerji artsa da, komponentlərin daşınması və montajı zamanı kəskin çətinliklər yaranır. Çünki yüzlərlə ton çəkisi olan pərləri və generator qondolalarını ənənəvi tırtıllı kranlarla quraşdırmaq böyük ərazi hazırlığı, torpağın ciddi şəkildə bərkidilməsi və uzunmüddətli quraşdırma vaxtı tələb edir.
"Zoomlion" mühəndisləri yeni kranı məhz bu qlobal logistik problemləri aradan qaldırmaq üçün ərsəyə gətiriblər. Qurğunun ən böyük üstünlüklərindən biri onun işləməsi üçün cəmi 35-in 55 metrəyə ölçüdə kifayət qədər yığcam bir meydançanın bəs etməsidir. Eyni zamanda, maşının torpaq üzərinə saldığı təzyiq tələbi olduqca aşağıdır ki, bu da bünövrə hazırlığı işlərinin həcmini dəfələrlə azaldır. Gücü 10 meqavatdan çox, rotor oxunun hündürlüyü isə 200 metrdən yüksək olan külək generatorlarının quraşdırılması üçün əvəzolunmaz sayılan bu kran, yaxın illərdə bərpaolunan enerji bazarının əsas hərəkətverici qüvvəsinə çevriləcək. Şirkət rəsmiləri bildirirlər ki, bu unikal maşın yalnız külək parklarının inşasında deyil, həm də irimiqyaslı körpülərin, atom elektrik stansiyalarının və nəhəng kimya müəssisələrinin tikintisində də geniş tətbiq olunacaq.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

