Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) iyunun 11-də Berlində insan sağlamlığının ekstremal istilərdən qorunması məqsədilə hazırlanan yenilənmiş fəaliyyət rəhbərliyini təqdim edəcək. Bu sənəd qlobal miqyasda səhiyyə sistemləri üçün elmi əsaslara söykənən əsas beynəlxalq istiqamətverici mənbə rolunu oynayacaq. Təşkilatın mətbuat xidmətindən verilən məlumata görə, ÜST-nin Ətraf Mühit və İqlim üzrə Avropa Mərkəzi tərəfindən ərsəyə gətirilən yeni təlimat koordinasiya və qoruyucu tədbirlərin təkmilləşdirilməsini əhatə edən səkkiz mühüm strateji elementi özündə birləşdirir. Almaniya hökuməti və Avropa Komissiyası nümayəndələrinin iştirakı ilə keçiriləcək birgə mətbuat konfransında elan olunacaq bu sənəd sayca ikinci nəşrdir və özündən əvvəlki, 2008-ci ildə dərc olunmuş ilk rəhbərliklə müqayisədə fundamental şəkildə daha geniş və əhatəli xarakter daşıyır.
Beynəlxalq ekspertlər vurğulayırlar ki, qlobal iqlim dəyişiklikləri, sürətli urbanizasiya və dünya əhalisinin ümumi qocalması fonunda anomal istilər bəşəriyyət üçün günü-gündən böyüyən ciddi bir təhdidə çevrilir. Bu ekoloji faktor əhali arasında xəstəlik və ölüm hallarının qəfil yüksəlməsinə səbəb olmaqla yanaşı, milli səhiyyə və sosial müdafiə sistemlərinin üzərinə əlavə, ağır yüklər qoyur. Üstəlik, Ümumdünya Meteorologiya Təşkilatının son proqnozları da vəziyyətin ciddiliyini təsdiqləyir. Meteoroloqların rəsmi açıqlamasına görə, yaxın aylarda qlobal temperaturların daha da artmasına və ekstremal hava hadisələrinin çoxalmasına rəvac verən məşhur "El-Ninyo" təbiət fenomeninin aktivləşməsi gözlənilir ki, bu da ÜST-nin yeni qlobal fəaliyyət planının qəbulunu daha da aktual edir.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

