Bakı metropolitenində enerji idarəçisinin attestasiyası keçiriləcək

post-img

Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti

“Bakı Metropoliteni” QSC-nin istismar üzrə baş mühəndisinin rəhbərliyi ilə enerji idarəçisinin attestasiyasının keçirilməsi üçün komissiya formalaşdırılıb.

Müəssisənin səlahiyyətli rəhbər şəxsləri, həmçinin qanunvericiliyin tələbinə uyğun olaraq, Energetika Nazirliyinin enerji səmərəliliyi sahəsi üzrə məsul rəhbər şəxsinin daxil olduğu komissiya enerji idarəçiliyi üzrə namizədlərin attestasiyasını qüvvədə olan normativ hüquqi aktların tələblərinə uyğun təşkil edir, müvafiq meyarları, proqrama uyğun suallar toplusunu, şəffaf və obyektiv keçirilmə müddətini müəyyənləşdirir.

XQ xəbər verir ki, “Bakı Metropoliteni” QSC-nin İdarə Heyətinin sədri Vüsal Aslanovun əmri ilə attestasiya komissiyasının fəaliyyətinə dair reqlament təsdiqlənib və enerji idarəçisi təyin edilməsi ilə bağlı qanunvericiliyin tələbi icra olunub.

Qeyd edək ki, Bakı Metropoliteni enerji istehlakı sahəsində böyük təsərrüfata malik olduğundan “Enerji resurslarından səmərəli istifadə və enerji effektivliyi haqqında” Qanuna uyğun olaraq, bu sahədə bütün fəaliyyətlər enerjidən səmərəli istifadə və enerji effektivliyi üzrə tədbirlər planı əsasında həyata keçirilir. 

Nazirlər Kabinetinin təsdiq etdiyi “Enerji idarəçisinə (menecerinə) dair tələblər, habelə onların attestasiyadan keçirilməsi Qaydası”na əsasən, texniki, o cümlədən energetika sahəsi üzrə ali təhsilə malik və müvafiq ixtisas üzrə azı 3 il iş təcrübəsi olan şəxslər attestasiyadan keçdikdən sonra enerji idarəçisi təyin olunurlar. 

M.MİRZƏ
XQ

Sosial həyat