Bizi Telegram-da da izləyə bilərsiniz:@xqazeti
Müasir tibb uzunömürlülüyün gətirdiyi ən böyük bəla – Alzheimer xəstəliyi qarşısında çarəsiz qaldığı bir vaxtda, alimlər qeyri-adi çıxış yolu tapıblar. Bu istiqamətdə aparılan son araşdırmalardan biri tibb aləmində böyük maraq doğurub. "Frontiers in Neuroscience" jurnalında dərc olunan hesabata görə, tərkibində güclü psixoaktiv maddə olan "psilosibin" göbələyinin birdəfəlik yüksək dozada qəbulu ağır dərəcəli Alzheimer xəstəliyindən əziyyət çəkən 80 yaşlı qadının itirilmiş danışıq, gəzinti və emosiya qabiliyyətlərini müvəqqəti olaraq geri qaytarıb. İnsanın təfəkkürünü və sərbəst hərəkətini məhv edən bu amansız xəstəliyin müalicəsində indiyədək tətbiq olunan üsullar yalnız dəstəkləyici xarakter daşıyırdı və itirilmiş funksiyaların bərpasına kömək etmirdi.
Tədqiqatın obyekti olan 80 yaşlı qadına Alzheimer diaqnozu 10 il əvvəl qoyulub və son beş ildə o, ətrafla tamamilə əlaqəsini kəsərək yalnız birhecalı sözlərlə cavab verir, sərbəst gəzə bilmir və xroniki sidik saxlaya bilməmə problemindən əziyyət çəkirdi. Eksperiment çərçivəsində xəstə qadına əvvəlcə beş qram, bir ay sonra isə əlavə üç qram psilosibin tərkibli göbələk preparatı verilib. İlk dozadan sonra bədən temperaturu yüksələn xəstə dərin yuxuya gedib və qəbuldan təxminən 19 saat sonra onun vəziyyətində kəskin müsbət dönüş başlayıb. İllərdir danışmayan qadın saatlarla öz keçmişi haqqında danışmağa, zarafatlara reaksiya verməyə, gülümsəməyə, sərbəst gəzməyə və hətta sidik ifrazına nəzarət etməyə başlayıb.
Mütəxəssislər izah edirlər ki, göbələyin tərkibindəki psilosibin molekulu beyindəki xüsusi serotonin reseptorlarını aktivləşdirərək sinir toxumasının plastikliyini artırır və neyron şəbəkələrinin işini yenidən qurur. Heyvanlar üzərində aparılan əvvəlki təcrübələr də bu maddənin beyində yeni neyron əlaqələrinin yaranmasına təkan verdiyini sübut etmişdi. Alimlər xüsusilə vurğulayırlar ki, bu müalicə xəstəliyi tamamilə geriyə döndərmir və əldə olunan effektlər müvəqqəti xarakter daşıyır. Bununla belə, sözügedən unikal hadisə Alzheimer xəstəliyinin ən son mərhələlərində belə beyində bəzi gizli funksional imkanların qorunub saxlandığını və müəyyən şərtlər daxilində onları yenidən oyatmağın mümkünlüyünü ortaya qoyub.
Hazırladı:
Arzu ƏLİYEVA
XQ

